Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Zolaqlı kaftar

Zolaqlı kaftar  yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvancinsi. Bədəninin uzunluğu 110-120 sm, quyruğunun uzunluğu isə 30 sm- dir. Kütləsi 30-39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var. Pəncələri iri, enli və əyri caynaqlara məxsusdur.
Azərbaycanda çox nadir hallarda bu heyvana Bozdağın ətəklərində, Göyçay, Ağdaş,Ağdam, Yevlax, Naxçıvan Muxtar Respublikası ərazilərində təsadüf olunur.
Mütəxəssislərin bildirdiyinə görə, Azərbaycan faunası 18 min canlıdan ibarətdir. Heyvanlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə bölünür. Ölkə faunasında məməlilərin 97, onurğalıların 700 növü mövcuddur. Amma nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalan və adı “Qırmızı kitaba”a düşən canlılar da az deyil. Həmin heyvanlardan biri zolaqlı kaftardır.
Zolaqlı kaftar Naxçıvanda, Həsən Əliyev adına Milli Parkda qorunan heyvanlar sırasındadır. Qədim dövrdə Azərbaycanda kaftarlar fəsiləsinin mağara kaftarı növü də olub. İndiki zolaqlı kaftardan 5-10 dəfə böyüklüyü ilə fərqlənib.
Azərbaycanda bu heyvanın nəslinin kəsilməsi səbəblərini “Həyəcan” qeyri-hökumət təşkilatının üzvü Əliheydər Məmmədov Salyan, Biləsuvar, Göyçay, Ağdaş və Mingəçevirdə apardığı araşdırmalar nəticəsində müəyyən etməyə çalışıb.
Əliheydər Məmmədov apardığı araşdırmalar haqqında “Media forum” saytına məlumat verib: “Sorğunun nəticələrinə görə, bu heyvanı əsasən təbiətlə əlaqəsi olan yaşlı çobanlar, ovçular tanıyır. Məlum olub ki, zolaqlı kaftara sonuncu dəfə 2006-cı ildə Neftçala, Salyan rayonları ərazisində rast gəlinib. Ona qədər zolaqlı kaftarı 2004-cü ildə Qəbələ rayonunun Kürd kəndi yaxınlığında, 2005-ci ildə Qızılağac qoruğu ərazisində görənlər olub.
Zolaqlı kaftarın nəslinin kəsilməsinə əsas səbəb ovçuluq olmayıb. Çünki zolaqlı kaftar ovçu üçün əhəmiyyətli heyvan deyil. Əti yeyilmir, dərisindən istifadə olunmur. Zolaqlı kaftarın nəslinin kəsilməsinə səbəb qeyri-qanuni ovçuluq yox, insan fəaliyyətində baş verən dəyişikliklərdir”.
Əliheydər Məmmədov 1920-ci illərə qədər ölkə ərazisində zolaqlı kaftarın sayının kifayət qədər çox olduğunu, 1950-1970-ci illərdə isə azalma müşahidə edildiyini bildirib: “Bu müqayisə sübut edir ki, goreşənlərin nəslinin kəsilməsinə əsas səbəb cəmiyyətdə gedən proseslərdir. Araşdırmalar nəticəsində müəyyən olunub ki, sovet işğalına qədər yerli əhali ölmüş ev heyvanlarını murdar hesab edib, leşləri kəndlərin ətrafına atıblar. Bu leşlər ov qabiliyyəti olmayan kaftarın əsas yem bazasına çevrilib. O, ölmüş heyvanları yeməklə ətrafı da murdar xəstəliklərdən təmizləyib. Sovet dövründə baytar məntəqələrinin xəstəlikdən məhv olmuş heyvanları yandırması, yaxud da basdırması zolaqlı kaftarların yeminin tükənməsi ilə nəticələnib. Turan pələnginin dünyada nəslinin kəsilməsi və Azərbaycan ərazisində bəbirin sayının azalması da zolaqlı kaftarların məhvinə səbəb olub”.
Əliheydər Məmmədov zolaqlı kaftarları başqa ölkələrdən gətirərək nəslini yenidən bərpa etməyin də mümkünlüyünü qeyd edib: “Belə halda xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır. Yalnız zolaqlı kaftarların deyil, itmək təhlükəsi yaşayan digər heyvanların da qorunması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Quşlarla yanaşı bütün heyvanların qeyri-qanuni ovlanması qadağan edilməlidir. Nəsli kəsilmək təhlükəsi olan heyvanlar haqqında maarifləndirmə tədbirləri həyata keçirilməlidir. Belə halda kütləvi informasiya vasitələri daha böyük məsuliyyət daşıyır. Əgər sürətli tədbir görülməsə, Azərbaycanın zəngin faunası tezliklə məhv ola bilər”

Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget