Yer kürəsində mövcud olan 11 əsas iqlim tipinin 9-na Azərbaycan Respublikasının ərazisində rast (yayı isti rütubətli, qışı isə isti quraq keçən savannaların və ilboyu isti və rütubətli iqlim olan ekvatorial həmişəyaşıl meşələrin iqlimindən başqa) gəlinir. Ölkəmizin ərazisində formlaşmış olan bu cür iqlim tiplərinin təsiri altında olduqca rəngarəng torpaq örtüyü formalaşmışdır. Onu da qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində yayılmış olan torpaq tipləri düzənliklərdə fiziki coğrafiyasının mühüm qanunlarından biri olan üfüqi zonallıq qanununa, dağlıq rayonlarda isə şaquli zonallıq qanununa tabedir. ölkəmizin ərazisində aşağıdakı torpaq tipləri formalaşdır. 1. Dağ-çəmən torpaqları. Bu torpaq tipinin ibtidai dağ-çəmən (3500 metrdən hündürdə), torfel dağ-çəmən (2400-3500 m hündürlükdə) və çimli dağ-çəmən (1800-2500 m hündürlükdə) yarımtipləri var. Dağ-çəmən torpaqları ölkəmizin ərazisi daxilində Böyük və Kiçik Qafqazın hündür dağlıq rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının hündür dağlıq rayonlarında yayılmışdır.
2. Dağ-meşə torpaqları. Bu torpaq tipinin qonur dağ-meşə (1500-2000 m hündürlukdə Böyük və Kiçik Qafqazda), qəhvəyi dağ-meşə (700-1100 m hündürlükdə Böyük və Kiçik Qafqazda, eləcə də Naxçıvan Muxtar Respublikasında) və sarı dağ-meşə (400-1200 m hündürlükdə balış dağlarının yamaclarında) yarımtipləri var.
3. Boz-qəhvəyi (şabalıdı) torpaqlar. Bu torpaq tipi qəhvəyi dağ-meşə torpaqlarından aşağıda 400-800 m hündürlükdə Böyük və Kiçik qafqazın dağətəyi rayonlarında, eləcə də Naxçıvan Muxtar Respublikasının ərazisində (1000 m hündürlüyə qədər) yayılmışdır.
4. Dağ qaratorpaqları. Bu torpaq tipi 700-1500 m hündürlükdə Böyük Qafqazda (Qax, İsmayıllı və Şaxamı rayonları ərazisində) və Kiçik Qafqazda (Gədəbəy və laçın rayonları ərazisində) yayılmışdır. Bu torpaq tipi qurşaq əmələ gətirmir.
5. Boz-qonur torpaqlar. Bu torpaq tipi Abşeronun, Qobustanın və cənub-şərq Şirvan düzünün ərazisində formalaşmışdır. Abşeronun qərbində, Qobustanın cənubunda və Samur-Dəvəçi ovalığının cənub-şərqində şorakətli boz-qonur torpaqlar yayılmışdır.
6. Boz torpaqlar. Bu torpaq tipi Kür-Araz ovalığının yarımsəhrasında formalaşmışdır. Boz torpaqlara Naxçıvanda, Mil, Muğan və cənub-şərqi Şirvan düzlərində də rast gəlinir. Bu torpaqların ibtidai-boz, adi boz və tünd-boz kimi yarımtipləri var.
7. Boz-çəmən torpaqları. Bu torpaq tipi Kür-Araz ovalığının Şirvan, Mil, Muğan və qarağac düzlərində formalaşmışdır.
8. Allüvial çəmən-meşə torpaqları. Bu cür torpaqlar ölkəmizin düzənlik rayonlarında, çayların sahillərindəki tuqay meşələri altında formalaşmışdır. Bu cür torpaqlara Şollar düzündə (Nabran meşələrində), Alazan-Əyriçay vadisində, Kür çayının sahillərində və Lənkəran ovalığında rast gəlinir.
9. Şoran torpaqlar. Bu cür torpaqlar Kür-Araz ovalığında. Naxçıvan Respublikasının Arazboyu düzənliklərində və Abşeron yarımadasının ərazisində talalar şəklində yayılmışdır.
10. Qumluqlar. Xəzərin sahillərində daha çox yayılmışdır. Torpaq ehtiyatları Torpaq ehtiyatlarına kənd təsərrüfatında istifadə edilən və meşələrlə örtülən torpaqlar daxil edilir. Respublikada 4227 min ha sahə kənd təsərrüfatında istifadə edilir. Onlar kənd təsərrüfatına yararlı olmayan bedlend ərazilər, bataqlıqlar, dağlıq sahələr və s. ilə birlikdə ölkənin torpaq fondunu əmələ gətirir. Azərbaycanda olan torpaq fondu 8641,5 min ha-dır. Onun 77%-indən istifadə edilir. Kənd təsərrüfatına yararlı torpaqların 44%-i əkin sahələrindən və şumlardan, 4%-i çoxillik əkinlərdən, 26%-i biçənək və otlaqlardan ibarətdir. Ölkədə əkin sahələri 1454 min ha sahə tutur. Kənd təsərrüfatında istifadə edilmyən sahələr torpaq fondunun 40%-i qədərdir. Bu torpaqların 13%-ni şəxsi həyətyanı torpaqlar, 12,1%-ni meşələr, 2,7%-ni kolluqlar, 0,8%-ni bataqlıqlar, 3,6%-ni su hövzələri, 31,6%-ni digər torpaqlar (yollar, kəndlər, şəhərlər, sənaye obyektləri) təşkil edir. Azərbaycanda adambaşına 1,08 ha torpaq fondu, 0,2 ha əkin sahəsi, 0,6 ha yararlı torpaq sahəsi düşür.
Yorum Gönder