Xəzər dənizi və onun ətraf əraziləri üzərində meteoroloji şərait və iqlim
Avroasiya materiki üzərindəki atmosfer dövranlarının, dənizin sahil
zonasının relyefi və su səthinin təsiri ilə formalaşır. Bir çox hallarda
Xəzər üzərində sərbəst dəniz hava kütlələri formalaşır. Qışda əsasən soyuq
Arktika havası şimaldan dəniz üzərinə daxil olur. Bu müddətdə, eyni zamanda,
İranın dağlıq ərazisindən də hava kütlələri dəniz üzərinə daxil olur və yüksək
təzyiqə malik bu iki hava hərəkətinin toqquşması dənizin orta hissəsində
siklonik hava dövranı yaradır.
Bundan əlavə Qara və Aralıq dənizi siklonları da Xəzərə nüfuz edir. Yaz
mövsümündə Sibir antisiklonu və Aralıq dənizi siklonu şərq və şimal-şərqə doğru
irəliləməyə imkan tapır, nəticədə sinoptik proseslər və hava kütlələri tez-tez
dəyişir. Yayda temperatur kontrastları hamarlaşır, atmosferin aşağı və yuxarı
qatlarında dövran prosesləri zəifləyir. Bu mövsümdə Xəzər üzərindəki sinoptik
proseslərə əsasən Azor maksimumu təsir edir. Payızın ortalarına doğru Azor
maksimumunun təsiri azalmağa başlayır və şərqdən kontinental hava kütlələri
daxil olur, atmosferdə qərb daşınması güclənir.
Xəzər nisbətən aşağı en dairsində yerləşdiyindən onun səthinə intensiv
günəş şüaları düşür, burada radiasiya balansı müsbətdir və onun qiyməti 60
kkal/sm2.
Xəzərin orta və cənub hissələrinin iqlimi mülayim və subtropik, şimal
hissəsininki isə kontinentaldır.
Havanın
temperaturu-Xəzər dənizinin özü (1300 km) və suyığma hövzəsi (3000 km) meridian boyunça
xeyli uzandığından və kontinentin dərinliyində yerləşdiyindən onun iqlimində
kəskin kontinentallıq xüsusiyyətələri vardır. Qış dövründə Xəzərin
şimalında
havanın orta aylıq temperaturu -8…-10° olduğu halda cənub hissədə temperatur
müsbətdir: +8°…+10°C. Yay vaxtlarında havanın temperaturu şimaldan cənuba doğru
nisbətən bərabərləşir (şimalda 24-25°, çənubda 26-27°C).
Küləklər-Xəzər və onun ətrafı üçün ən səciyyəvi
hidrometeoroloji amil küləklərdir. Əsasən şimal istiqamətli küləklər məşahidə
olunur, onlar bəzən qasırğa dərəcəli olur və sürətləri 35-40 km/san-yə çatır.
Təkrarlanma tezliyinə görə müşahidə olunan ikinci küləklər şərq
istiqamətlidirlər. Dənizin ən çox külək müşahidə olunan rayonları Abşeron
yarımadası və Mahaçqala-Dərbənt əraziləridir. Orta və güclü küləklər əsasən
payız və qış aylarında müşahidə olunur. Abşeronda Xəzri adı ilə yayılmış şimal
istiqamətli küləklər səciyyəvidir.
Yağıntılar-Atmosfer yağıntıları Xəzərin
akvatoriyasında bərabər paylanmır. İldə orta hesabla dəniz səthinə 100 mm
yağıntı düşür. Yağıntının paylanmasında sahil zonasının relyefi həlledici rol
oynayır. Şimalda yağıntının illik miqdarı 300, qərbdə 300-400-dən 600 qədər,
cənub-qərb Xəzərdə 1600, şərq hissəsində isə 90 mm-ə qədərdir. Abşeron
yarımadası rayonunda yağıntının illik miqdarı 200 mm-ə yaxındır.
Suyun temperaturu-Qışda Xəzər suları temperaturunun orta
illik qiyməti şimal və cənub hissələrdə müvafiq olaraq 0° və 10°-yə yaxındır.
Yayda bu kəmiyyətlər arasındakı fərq azalır, 25° və 26°C-yə çatır. Orta Xəzərin
orta illik temperaturu 14-15, qış və yay temperaturları isə müvafiq olaraq 6-7
və 23-240C tərtibindədir. Böyük dərinliklərdə suyun temperaturu müsbət
5-6°C-dir və, demək olar ki, dəyişməyə məruz qalmır. Orta Xəzərin şərq
şelfində, Bekdaş şəhəri rayonu şelfində, yay aylarında daimi mənfi temperatur
anomaliyası müşahidə olunur.
Duzluq-Xəzər dənizinin duzluğu şimalda, Volqa
çayı hövzəsində, 0,3%-dir, ona görə də Şimali Xəzər tipik şirinsulu dəniz
hövzəsi kimi qəbul olunur. Ancaq, cənuba doğru duzluq sürətlə artmağa başlayır
və cəmi 100 km məsafədə onun qiyməti 10%-ə çatır. Dənizin qərb hissəsində
duzluğun illik orta qiyməti 12.5, şərq hissəsində isə 13.0%-dir. Bəzi hallarda
cənub-şərqdə duzluq 13,5%-ə çatır, Qara-Boğaz-Qol körfəzində isə 300%-dən
çoxdur. Dənizin duzluğu da mövsümdən asılı olaraq dəyişir. Belə ki, qışda
Xəzərin duzluğu artır, yayda isə nisbətən azalır. Buna səbəb qışda Xəzər
sularını duruldan Volqa çayının qışda donması və sularının azalmasıdır.
Axınlar-Xəzər suları daimi dinamik dövran edirlər.
Ümumilikdə götürdükdə suların hərəkəti saat əqrəbinin əksi istiqamətində
hərəkət edən siklonu xatırladır. Bununla
birlikdə bəzi ünsürləri xüsusi qeyd
etmək lazımdır. Şimali Xəzərdə axınları əsasən Volqa çayı yaradır və onlar
əsasən cənub istiqamətlidir. Ümumiyyətlə götürdükdə Xəzər dənizində axınların
yaranmasının əsas səbəbi küləkdir, yəni burada axınlar dreyf xarakterlidir.
Dənizin şimal və cənub hissələri arasındakı temperaturlar fərqi sıxlıqlar fərqi
yaradır. Axırıncı fərq qradient axınlarının yaranmasına səbəb olur. Qradient
axınları əsasən qışda barizləşir. Səbəb bu mövsümdə şimal və cənub hissələri
arasında temperaturlar fərqinin artmasıdır. Orta və Cənubi Xəzərdə səth
axınları siklonik burulğanlar yaradır. Xəzərdə axınların sürətinin səciyyəvi
qiyməti 15-20 sm/san-dir, ancaq bu qiymət Çilov adası ilə Neft Daşları
arasındakı hissədə 100 sm/san-yə çatır.
Dalğalar-Xəzər daimi dinamik fəaliyyətdə olan
dənizdir. İl ərzində Xəzərdə
250 gün orta və güçlü küləklər əsir və bu da böyük uzunluq və hündürlüklü
səth dalğaları yaradır. Noyabrdan mart ayına qədər müddətdə 6 bal gücündə
dalğaların müşahidə olunması adi haldır. Hündürlüyü 8-10, uzunluğu isə 100-150
m-ə çatan ən güclü dalğalar Orta Xəzərdə, Abşeron yarımadası və Mahaçqala
şəhəri rayonlarında müşahidə olunur. Nisbətən sakit müddət maydan avqusta qədər
olan dövrdür.
Buzlaşma-Qış mövsümündə Şimali Xəzərin suları
donur. Adi iqlim şəraitndə dəniz noyabr ayının ortalarından donmağa başlayır.
Donma sərhədi Çeçen adası ilə Manqışlak yarımadasını birləşdirən xətdən keçir.
Buzların dağılması və əriməsi fevral ayının ikinci yarısına təsadüf edir. Qışı
sərt olan illərdə Abşeron sahillərinin də donması müşahidə olunmuşdur. Son 70
ildə 6 dəfə Abşeron yarımadası rayonunda donma və buzların dreyfi müşahidə
olunmuşdur.
Səviyyəsinin dəyişməsi-Xəzər dənizini digər iri
həcmli su tutarlarından fərqləndirən ən səciyyəvi xüsusiyyət onun səviyyəsinin
geniş diapazonda daimi dəyişməsidir. Paleocoğrafi, arxeoloji və tarixi
məlumatlara görə son 3 min ildə Xəzərin səviyyəsinin dəyişmə amplitudası 15 m-ə
yaxın olmuşdur. Xəzər dənizi səviyyəsinin dəyişməsi üzərində müşahidələrin
əsası 1837-ci ildə Bakı sahilində akademik C.Lents tərəfindən qoyulmuşdur.
Müşahidələr dövründə qeydə alınmış ən yüksək səviyyə (-25,2 m) 1882, ən aşağı
(-29,0 m) isə 1977-ci ildə qeydə alınmışıdr. Göründüyü kimi bu müddətdə
səviyyənin ümumi enimi 3,8 m olmuşudur. Qeyd etmək lazımdır ki, bu ümumi enmə
fonunda qalxmalar da müşahidə olunmuşdur. 1978-1995-ci illərdə isə 2,5 m
qalxmış -26,5 m-ə bərabər qiymət almışdır.
Səviyyənin dəyişməsinin səbəbini izah etməkdə tədqiqatçılar arasında fikir
ayrılığı vardır: iqlim və geoloji amillərə üstünlük verənlər. Bununla birlikdə
xüsusi qeyd etmək lazımdır ki, geoloq alimlərin əksəriyyəti də iqlim amilinə
üstünlük verirlər. Yəni, səviyyə dəyişmlərinin əsas səbəbi iqlim amilidir.
Şübhəsiz geoloji və antropogen amilləri də nəzərə almaq lazımdır. İqlim amili
öz təsirini Xəzərin su balansının gəlir (dənizə axan çayların suları və səthə
düşən yağıntılar) və çıxar (səthdən buxarlanma) hissələrində göstərir. Balansın
pozulması səviyyənin dəyişməsi ilə nəticələnir, yəni çay suları və yağıntının
miqdarı səthdən buxarlanmadan çox olsa səviyyə qalxır və əksinə azalır.
Səviyyənin dəyişməsi əsasən iqlim proseslərindən asılı olduğundan və
iqlimin proqnozunun verilməsinin hələlik mümkün olmadığından, səviyyə
dəyişmlərinin uzunmüddətli proqnozunu vermək mümmkün deyil. Bu haqda verilmiş
proqnozların hamısı ancaq ehtimal xarakteri daşıyır.
Yorum Gönder