Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Coğrafiya tarixi kursunun obyekti, məqsəd və vəzifələri


Hər bir elmin tarixinin öyrənilməsi, onun gələcək inkişafı üçün böyük əhəmiyyət
kəsb edir. Keçmişimizin elmi axtarışlarını, səhvlərini və əldə etdikləri nailiyyətləri bilmədən elmin perspektivlərini müəyyən etmək qeyri-mümkündür. Tarix gələcəyin proqnozlarının əsaslarından biridir. Nə qədər ki insanlar yaşayır təbiətin tarixi və insanların tarixi biri-birilə bağlıdır və biri digərinə əsas yaradır. Vahid bir elm kimi formalaşan coğrafiya mürəkkəb inteqrasiya və differensassiya mərhələlərindən keçmişdir. İlkin olaraq təbiət və cəmiyyət elmləri tərkibində yaranan coğrafiyanın qolları sonrakı inkişaf mərhələlərində inteqrasiyaya uğrayaraq vahid elmə çevrilmişdir.
Elmin tarixi inkişafı rəvan olmamışdır. Uzun müddət irəliyə doğru yavaş-yavaş hərəkətlə yanaşı birdən elə kəskin dönüş mərhələləri olur ki, bu mərhələlərin də daha dəqiq öyrənilməsi xüsusi maraq doğurur. Belə kəskin dönüş mərhələlərinə XV-XVII əsrlərdə baş verən Böyük Coğrafi kəşfləri, Şimal-Cənub qütblərinin öyrənilməsi və Almaniya da Humbolt-Rixter, Rusiyada Pyotr Semyonov-Tyanşanski, Azərbaycanda Baharlı-Qafur Rəşad kimi iri coğrafi məktəblərin və kosmik coğrafiyanın yaranmasını misal göstərmək olar. Belə əhəmiyyətli keçid mərhələlərinin və elmi məktəblərin təhlili coğrafiya tarixinə daha qabarıq nəzər salmağa imkan verir.
Hazırda adlarının oxşarlığına görə coğrafiya tarixinə daha yaxın olan iki elm – tarixi coğrafiya və kəşflərin tarixi elmləri yaranmışdır.
Coğrafiya tarixi elminə hələlik tam tərif verilməyibdir. Ümumiləşdirilmiş şəkildə demək olar ki, coğrafiya tarixi Yer səthi və onun ayrı-ayrı hissələrinin kəşf olunması, xəritələşdirilməsi və coğrafi elmi fikirlərin yaranması və inkişafının tarixini öyrənir.
Tarixi coğrafiya müəyyən ölkələrin, yaxud ərazinin fiziki, iqtisadi və siyasi coğrafiyanın keçmiş vəziyyətini öyrənən tarixi-coğrafi biliklər sahəsidir. Coğrafiya tarixindən fərqli olaraq tarixi-coğrafiya keçmiş dövrlərin konkret iqtisadi coğrafiyasını tədqiq edir.
Coğrafi kəşflər tarixi özünün yazısı olan (rəsmlərdən əlavə) xalqların nümayəndəsinin ilk dəfə bu və ya digər obyektdə (materiklər, okeanlar, dənizlər, adalar, boğazlar, zirvələr, vulkanlar və i.a.) ilk dəfə olması, bu obyektlərin təsvirini verməsi və yaxud onu xəritəyə köçürməsidir. İndi buraya həmçinin coğrafiya sahəsində kəşf olunan yeni nəzəriyyələr və qanunauyğunluqların tarixi də əlavə edilir.
Coğrafi kəşflər dünya tarixinə güclü təsir göstərmişdir: yeni qitələrin, torpaqların tapılmasına, bir ölkənin varlanmasına, digərlərinin məhvinə, müstəmləkələrin əmələ gəlməsinə və s. səbəb olmuşdur.
Bu üç elm biri-birilə sıx bağlıdır və hətta bəzi məsələlərdə üst-üstə düşürlər. Bunu, xüsusilə coğrafi kəşflər edən, bu elmi qabağa aparan görkəmli səyyahların əsərlərinin təhlilindən aydın görmək olur. Həm coğrafiyanın tarixinə və həm də coğrafi kəşflərin tarixinə eyni dərəcədə mənsub olan belə alimlərdən Aleksandr Humboltu, Pyotr Semyonov-Tyanşanskini və b. göstərmək olar.
Aparılan ekspedisiyalar və ayrı-ayrı səyyahlar tərəfindən həyata keçirilən coğrafi kəşflər bizim elmə gələcəkdə nəzəri və praktiki ümumiləşdirmələr aparmaq üçün lazım olan iri həcmdə material toplamağa imkan verir.
Böyük Coğrafi kəşflərin başlıca məqsədi yüzlərlə səyahətlər nəticəsində dünyanın fiziki xəritəsinin müasir görünüşünün alınması olmuşdur. Bizim zəmanəmizdə dünya xəritəsində artıq «ağ ləkələr» qalmamışdır. İndi coğrafi kəşflərin məqsədi yeni coğrafi qanunlar və qanunauyğunluqların aşkar edilməsidir. Belə coğrafi kəşflər elmi tədqiqatın fundamental sahəsinə aid edilir. Onlar yerin quru səthi və Dünya okeanının mənimsənilməsi üçün həyatı əhəmiyyət daşıyır. Yerin mənimsənilməsi prosesində birinci növbədə təbiətin müxtəlif tiplərinin qarşılıqlı təsir mexanizmini, insanların müəyyən tarixi biliklərini, təsərrüfatın əlaqələnməsi formalarını və s. bilmək tələb olunur. Nəzəri kəşflər və onun tətbiqi olmadan coğrafiya göstərilən mürəkkəb mexanizmini və onun idarəedilməsini əsaslandıra bilməz.
Beləliklə, coğrafi kəşflərin müasir tarixi, coğrafiya tarixinə açıq-aşkar yaxınlaşır, lakin onunla tam birləşmir, Belə ki, coğrafiya tarixi fəlsəfə, nəzəri coğrafiya və digər nəzəri elmlərlə yaxınlaşaraq daha çox metodoloji elmə çevrilir. Zamanın tələbi onun digər elmlərlə inteqrasiyasını gücləndirir. Lakin bununla yanaşı coğrafiya tarixi özünün daxili inkişaf məntiqinə və qanunauyğunluqlarına malikdir.Coğrafi kəşflər tarixi daha çox həyatın praktiki tələbatını əks etdirir. Böyük Coğrafi kəşflər – XV-XVII əsrlər dövründə coğrafiya elmlərin «şahı» idi və cəmiyyət üçün böyük praktiki əhəmiyyət kəsb edirdi. Sonralar o arxa plana keçmişdir, lakin indi yenidən elmlərin önünə çıxmışdır. Hazırda elə bir zaman gəlib ki, həyatın praktiki tələbatı coğrafiyanın güclü inkişafına şərait yaradıb. Dünya okeanının, atmosferin, biosferin, qlobal ekoloji problemlərin, məskunlaşma, istehsal və xidmətlərin ərazi sistemlərinin dərindən öyrənilməsi və s. belə tələbatlardandır.
Coğrafi kəşflərin tarixindən fərqli olaraq coğrafiya tarixi həyatın tələbatını geniş mənada təmin edir. Bir elm kimi coğrafiya tarixi daha mürəkkəbdir, o elmlərin bütöv inkişafından, kadrların hazırlıq səviyyəsindən, nəzəri ideyaların yaranması və yayılmasından və s. bəhs edir.
Tarixi faktları və hadisələri özündə əks etdirən coğrafiyanın tarixi kursunun başlıca vəzifələri aşağıdakılardan ibarətdir:
- coğrafi ideyaların, prinsiplərin, qanunauyğunluqların və anlayışların yaranması və inkişafının tarixi ardıcıllığını göstərmək,
- coğrafi biliklərlə cəmiyyətin həyat fəaliyyəti arasındakı qarşılıqlı əlaqələrin inkişafının tarixi mərhələlərini göstərmək;
- müasir dövrdə coğrafi biliklərin cəmiyyətin praktiki həyatında istifadə olunmasının istiqamətlərini göstərmək və bu sahədə mövcud olan böyük problemləri qeyd etmək.Coğrafiya tarixindən toplanan biliklər bəşəriyyətin bu günü və gələcəyi üçün böyük fayda verə bilər. Məsələn, tarixdən məlumdur ki, Xəzər dənizinin səviyyəsi müəyyən onilliklərdə gah qalxır və gah da enir. Bu tarixi bilgiləri nəzərə almayaraq dəniz sahillərinin təsərrüfatda mənimsənilməsi sonralar böyük ziyana başa gəlir. Bu gün Lənkəran-Astara zonasında, Xəzərin digər yerlərində su altında qalmış on min hektarlarla əkinlər, üzümlüklər, yollar və kəndlər coğrafiyanın bizə verdiyi tarixi biliklərin əhali arasında zəif yayılması və biganəliyin nəticəsidir. Təbiidir ki, belə biganəliklər ölkəmizə və onun əhalisinə milyard manatlarla ziyan vurur.Hələ lap qədimlərdən Çində məhsuldar qüvvələrin və bütövlükdə elmin inkişafı kompasın ixtirasına səbəb oldu, bu ixtira isə öz növbəsində coğrafi biliklərin və kəşflərin genişlənməsinə güclü təkan verdi.
Coğrafiya tarixi bu elmin keçdiyi yolu dövrlərə bölməyi tələb edir. Coğrafiya tarixi kursun aşağıdakı dövrlər ayrılır:
1. Qədim dünya coğrafiyası V əsrə qədərki dövrü əhatə edir. Bu dövrdə inkişaf
edən Aralıq dənizi mədəniyyəti antik coğrafi kəşflərə güclü təkan verir, geniş ərazilərin coğrafi xəritələri tərtib olunur. Qədim xalqların ilkin coğrafi təsəvvürləri və səyahətləri haqqında məlumat verilir. Antik coğrafiyaşünaslardan Eratosfen, Aristotel, Ptolemey, Strabon və b. klassik əsərlərinin coğrafiya tarixində yeri müəyyənləşdirilir.
2. Orta əsr coğrafiya tarixinin (V-XV) ümumi icmalı, xristian dünyasında təbiətə dair mütərəqqi və mürtəce baxışların mübarizəsi, Ərəb coğrafiyası və kartoqrafiyası, İbn-Bətuti, Marko Polo və b. səyahətləri əks olunur. İndiyə qədər Ərəb coğrafiyası tərkibində verilən türk xalqları və onun Əl-Xarəzmi, Əl-Biruni, Nəsrəddin Tusi, Mahmud Kaşqari və s. kimi alimlərin astronomiya, riyazi coğrafiya, xəritəşünaslıq və s. aid bilikləri ayrıca bölmə şəklində verilir.
3. Yeni dövrün coğrafiyası (XV-XIX əsrlər) Böyük Coğrafi kəşflər kapitalist manufakturasının inkişafı (XYI əsrin ortalarından XYII əsrin ortalarına qədər) və yeni dövrün (XYII əsrin ortaları və XYIII və XIX əsrlərədək) tarixini əhatə edir. Bu dövr coğrafiya tarixinin qızıl dövrü adlanır.4. Müasir dövrün coğrafiya tarixi Arktika və Antarktidanın, Dünya okeanının və kosmosdan Yerin öyrənilməsini, müxtəlif coğrafiya elmi məktəblərinin yaranmasını, ətraf mühitin mühafizəsi və bərpasını, Azərbaycanda coğrafiya elminin inkişafını və s. əhatə edir.
Beləliklə, «Coğrafiya tarixi» kursunda verilən «coğrafiya» anlayışı bu elmlər sisteminin hamısına – fiziki və iqtisadi coğrafiyaya, kartoqrafiyaya şamil edilir. Özü də coğrafiya təbiət və cəmiyyətin qarşılıqlı təsiri gedişində yer səthində yaranan ərazi sistemlərinin inkişafı və idarə olunmasının qanunauyğunluqları haqqında elm kimi başa düşülür. Landşaft, okean, çay, göl, relyef formaları, biosenozlar, əhali məskunlaşması, şəhərlər, istehsal, rekreasiya və s. belə sistemlərdəndir. Onlar ümumi və tematik xəritələr üzrə öyrənilə və müxtəlif xəritə miqyasları ilə nəzərdən keçirilə bilərlər.
Coğrafiya elmlərinin tarixi ali məktəb fənni kimi tarixin inkişaf mərhələlərində coğrafi kəşflərin və ideyaların tarixindən bəhs edir.
Dünya coğrafiya ədəbiyyatında bu mövzuya aid bir sıra sanballı əsərlər yazılmışdır. Həmin əsərlərdən alman coğrafiyaşünası A.Hetnerin «Coğrafiya: onun tarixi və metodları», «Amerika coğrafları», R.Hartşorın «Coğrafiyanın mahiyyəti» və «Coğrafiyanın perspektivləri», P.H.Ceymsin «Dünyada coğrafi fikirlər», İngiltərə coğrafiyaçıları P.Haqqetin «Coğrafiya: müasir elmlər sintezi», T.Frimmanın «Coğrafiya 100 ildə, Rusiya coğraflarıdan İ.P. və V.İ.Maqidoviçlərin beş cilddə «Coğrafi kəşflərin tarixi oçerkləri», A.İsaçenkovun «Coğrafi fikirlərin inkişafı», Y.Sauşkinin «Coğrafiya elminin tarixi və metodologiyası», N.M.Vəlixanlının IX-XII əsrdə Ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında» və s. göstərmək olar.Sonuncu istisna olunmaqla bu əsərlərin heç biri Azərbaycan dilinə tərcümə olunmadığına görə respublikamızın tələbə ictimaiyyətinə, geniş oxucu kütləsinə tanış deyildir. İndiyədək ana dilimizdə coğrafiyanın tarixinə aid əsərlər yox dərəcəsində idi.Bu baxımdan ölkəmizin coğrafiya ədəbiyyatında ilk dəfə olaraq yazılmış «Coğrafiya tarixi» dərs vəsaiti bir tərəfdən, yuxarıda göstərilən çatışmazlıqları aradan qaldıracaq və digər tərəfdən bu sahədə geniş və ardıcıl biliklər verəcəkdir, elmi tədqiqat işlərinə marağı artıracaqdır.
Taptıq Həsənov
Əbdürrəhim Hacızadə
Coğrafiya tarixi
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget