Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Orta əsrlər coğrafiyası

Erkən orta əsrlərdə Avropada elm və mədəniyyət dinin təsiri altında durğunluğa uğradı. Quldarlıq dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür təbii proseslər və hadisələrin baş verməsi maddi varlıqların yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi.

Erkən orta əsrlərdə Avropada elm və mədəniyyət dinin təsiri altında durğunluğa uğradı. Quldarlıq dövrünün mütərəqqi elmi fikirləri yaddan çıxırdı. Hər cür təbii proseslər və hadisələrin baş verməsi maddi varlıqların yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi. Həmin dövrdə coğrafi təsəvvürlər Bibliya ehkamları və antik elmin bütpərəstlikdən təmizlənmiş bəzi nəticələri əsasında yaranırdı. Bu zaman Avropada coğrafiya elminin ən görkəmli nümayəndəsi (VI əsr) bizanslı Kosma İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kürə formasında olması ideyasının əleyhinə çıxan sxolastik təsəvvürlərin yaradılmasında böyük rol oynamışdı. O, məskunlaşmış dünyanı uzunsov, düzbucaqlı şəklində təsəvvür edirdi. Bu düzbucaqlı okeanla və ikiqat qübbə formasında olan asimanın divarları ilə əhatə olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yüksək təpə var. Günəş bu təpənin ətrafında hərlənir, gecə-gündüz bir-birini əvəz edir. K.İndikoplonun əsərinin müəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə məlumat mənbəyi idi. Kosma bu ölkələri ya tacir kimi şəxsən gəzib görməsilə, ya da ki, sorğu-sual vasitəsilə əldə etdiyi məlumatlar əsasında təsvir etmişdir. Ümumiyyətlə, bu dövrdə Avropa ölkələrində coğrafiya inkişafdan geri qalmışdı. Ərəb coğrafiyası Avropa ölkələrindən fərqli olaraq ərəb ölkələrində, Yaxın Şərqin və Orta Asiyanın digər ölkələrində antik Yunan və Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı nümunələri ərəb dilinə tərcümə edilirdi. Ərəb coğrafiyaçıları Eratosfenin, Aristotelin, Strabonun, Ptolemeyin və b. əsərlərindən istifadə edirdilər. Bu zaman Şərqin feodal ölkələrində elm nisbətən daha çox inkişaf etmişdi. Çinlilər, ərəblər, farslar və Orta Asiya xalqları bir çox dünya əhəmiyyətli diyarşünaslıq əsərləri yaratdılar, riyazi coğrafiya və xəritələr tərtibi işi xeyli inkişaf etdirilirdi. Ərəbistan yarımadasında yaşayan ərəblər b.e. VII əsrindən başlayaraq islam dinini, ərəb dili və mədəniyyətini və biliklərini böyük ərazilərdə sürətlə yaymağa girişirlər. Ərəblər Şimali Afrikanı, bütövlükdə Kiçik Asiyanı, Qafqazı, İranı və Orta Asiyanı istila etdilər. Və beləliklə onlar Aralıq dənizini Hindistan və Çinlə birləşdirən bütün boğazları, körfəzləri, bərələri və Böyük İpək yolunun qərb hissəsini ələ keçirirlər. Bunun sayəsində ərəblər Çinlə, Avropa və Cənubi-Qərbi Asiya arasında aparılan ticarət şərikçisinə çevrilirlər. Hind qozu ağacının gövdəsi və qabığından hazırlanmış yastıdibli və yelkənli yüngül ərəb qayıqları sahil dəniz və körfəzlərdə şütüyürdülər. Ərəb tacirləri şimalda Rusiya, cənubi-şərqdə Malaya və hətta Mikroneziya adalarına qədər gedib çıxmışlar. Mozambik sahillərinə qədər gələn ərəblər artıq musson küləklərindən məharətlə istifadə edərək Hindistan sahillərinə qədər gedən dəniz yolunda bələdçilik edir və qızğın ticarətlə məşğul olurdular. Ərəblərin İran körfəzindən Bağdada və yaxud Qırmızı dənizlə Süveyş bərzəxi və Aralıq dənizinə göndərdiyi əsas Asiya ticarət malları – bahalı parçalar, fil dişi sümüyü, qiymətli daş-qaş, mirvari, qızıl, müxtəlif ədviyyat və qara qullar idi. Onlar həmçinin şimalın xəz-dərisi və cənubun ədviyyatının qarşılıqlı alış-verişinə eyni dərəcədə maraqlı idilər. Avropalıları ən çox Hindistandan gətirilən müxtəlif ədviyyatlar maraqlandırırdı. Belə ki, Avropada payızın son aylarında otlaq mövsümü başa çatdıqdan sonra mal-qaranın kütləvi kəsilməsi və ətinin qışa hazırlanması əməliyyatı aparılırdı. Duzlanmış ətin keyfiyyətini saxlamaq üçün ədviyyatdan geniş istifadə olunurdu. Və ona görə də Avropa bazarlarında ədviyyat qızıla bərabər tutulurdu. Tropik bitki ədviyyatlar o zamanlar yalnız cənubi və Cənub-şərqi Asiyada yetişdirilirdi. Ticarətdə birinci yeri Asiyanın tropik bölgələrində yayılmış istiot ədviyyatı tuturdu. Onun əkinləri ən çox Malabar (Qərbi Hindistanda) sahillərində yayılmışdır, oradan həmdə zəncəfil və hil ədviyyatları göndərilirdi. İndoneziya mixək, muskat qozu, Şri-Lanka darçın yola salırdı. Və özü də Hindistanın Avropa ilə olan ticarətini ərəblər inhisara götürmüşdülər. Qədimdən sivilizasiya mərkəzləri olan geniş ərazilərin ərəblərin nəzarəti altına keçməsi ərəb coğrafiyasının formalaşmasına güclü təkan vermişdir. Ərəblərin riyazi coğrafiya, xəritələşdirmə, diyarşünaslıq məlumatlarının yüksək səviyyədə olması göstərirdi ki, onlarda coğrafi təfəkkür xristian dünyası ilə müqayisədə daha dərin olmuşdur.Ərəb xilafəti ölkələrində VIII-IX əsrlər mədəniyyətin və elmin görünməmiş çiçəklənməsi dövrü olmuşdur. Xilafətin paytaxtı və ən böyük mədəniyyət mərkəzi olan Bağdada çoxlu var-dövlətlə yanaşı həm də müxtəlif xalqların qiymətli kitab və əlyazmaları toplanırdı. Bağdadda elmin və mədəniyyətin mərkəzi olan Müdriklər evi yaradılır, buraya çoxlu xarici ədəbiyyat toplanır və görkəmli alimlər dəvət olunurlar və həmçinin rəsədxanalar tikilir. O dövrün böyük Orta Asiya alimi Əl-Xarəzmi Müdriklər evinə dəvət olunmuşdur. Onun əsərlərində ərəb coğrafiyasında ilk dəfə olaraq astronomiya və coğrafiyanın qovşağında inkişaf edən riyazi-coğrafiyanın əsası qoyulmuşdur. Bütün coğrafiya və astronomiya əsərlərində qısa nəzəri icmaldan sonra mütləq riyazi məlumatlar və cədvəllər verilməli idi. Belə cədvəllərdə yeni kəşf olunmuş ölkələrin, şəhərlərin və digər coğrafi obyektlərin koordinatları haqqında məlumatlar verilirdi. Ərəb coğrafiya ədəbiyyatı çox zəngin və mövzuca geniş idi. Bu kitablarda tacirlərin, zəvvarların müfəssəl marşrutların və görməli yerlərin təsvirləri verilirdi. Onuncu əsrin birinci yarısında yaşamış Əl-Balxın «Yerin qurşaqları» adlı fundamental əsəri bir çox digər kəşflərin başlanğıcını qoymuşdur. Ərəb coğrafları təkcə naməlum torpaqları kəşf etmək və onların geniş təsvirini verməklə məhdudlaşmırdılar. Doğma ölkələrinin təsvirinin verilməsini ən mühüm vəzifə hesab edirdilər. Yəmən şairi və alimi Əl-Həmadəninin (X əsr) «Ərəbistanın təsviri» əsəri belələrindəndir. O, qəsəbələr, bazar və məscidlər, möhkəmləndirilmiş qalalar və gözətçi qüllələri, həmçinin su nohurları, kənd təsərrüfatı bitkiləri, müxtəlif heyvan növləri haqqında geniş məlumat vermişdir. Səkkizinci əsrdən başlayaraq Ərəbistanda xəritələr tərtib olunur. Ərəblərin tərtib etdiyi xəritələr, atlaslar özünün dəqiqliyi və zəngin məlumatlılığı ilə Ptolemey xəritələrindən daha mükəmməl görünürdü. Bağdadın Müdriklər evində o zamanlar məlum olan yaşayış məntəqələrinin koordinatları əsasında hazırlanmış dünyanın xəritəsi («Mamukovanın xəritəsi») özünün böyük dəqiqliyi ilə fərqlənirdi. Xüsusilə, Əl-İdrisinintərtib etdiyi xəritə və atlasların yüksək səviyyəsini qeyd etmək lazımdır. İdrisi çəkisi 91 kq. olan böyük gümüş nimçənin içərisində dünyanın xəritəsini düzəltmişdir. Məzmununa görə Ptolemeyin coğrafiyası ilə müqayisədə İdrisinin xəritəsi irəliyə doğru bir addım idi. Orijinalda şimal aşağıda, cənub isə yuxarıda verilmişdir. Xəritədə dərəcə toru verilməyib. Məşhur xəritə tərtibçisi Əl-Balx ilk izahatlı atlas düzəltmişdir. Şərqi Avropa haqqında ilk dürüst məlumatları ərəb müəllifləri vermişlər. Əslən isfahanlı olan fars mənşəli İbn Rusta ( X əsrin əvvəlləri) tərtib etdiyi «Nəfis daş-qaşlar kitabında» Volqa bulqarları, xəzərlilər, ruslar və digər slavyan xalqları yaşadıqları ərazilərin təbii şəraiti, təsərrüfatı, ticarət əlaqələri, xüsusilə qiymətli xəz-dərilərlə aparılan alver və s. haqqında məlumatlar verir. Əhməd ibn Fədlan ( X əsrdə) ərəb xilafəti nümayəndəliyi tərkibində müsəlman Volqa-Kama Bulqariyası ərazisində olması haqqında qiymətli məlumatlar toplanmışdır. Nümayəndəlik 921-ci ildə Bağdaddan yola çıxaraq İran yaylasından, Orta Asiyadan, Üstyurd yaylasından keçərək bu ölkəyə gəlir, onun paytaxtı Bulqar şəhərində olur. Çap etdirdiyi «Qeydlər» kitabında o, Volqaboyu, Zavoljye və Orta Asiyanın xalqlarının orta əsr tarixinə, Xəzərsahili ovalığı kəsib keçən çayların dəqiq adlarına dair məlumatlar vermişdir. Bağdadlı Əl-Məsudi (956) bir sıra ölkələri (Suriya, Mərkəzi Asiya, Şərqi Avropa, Şərqi Afrika, Madaqaskar, Misir, Çin) gəzmiş və öz səyahətləri ilə bağlı «Zamanın xəbərləri» adlı əsərini qələmə almışdır. Kitablarında o, getdiyi ölkələrin təbiəti, tarixi və etnoqrafiyası haqqında geniş məlumat vermişdir. İbn-Xaukal(ibn-Havkəl) (943-967-ci illər) İrana, Mesopotamiyaya və Hindistana səyahət etmiş, bu haqda «Yollar və məmləkətlər» adlı kitab yazmışdır. Əl-İdrisi (1100-1165) XI əsrin tanınmış coğrafiyaşünaslarından biridir. O, Suetada (Mərakeş) anadan olmuş, təhsilini Kordovada (İspaniya) almışdır. Coğrafi yeniliklərlə çox maraqlanan Siciliya kralı Rodjerin (1130-1154-cü illər) dəvəti ilə onun sarayında yaşayan Əl-İdrisi «Ölkələri gəzməkdən yorulmuşun əyləncəsi» əsərini yazır. Əsərində Yerin kürə şəklində olmasından bəhs edir, iqlimlərin, dənizlərin, körfəzlərin təsvirini verir. Əl-İdrisi Yeri yeddi iqlimə, hər iqlimi isə qərbdən-şərqə doğru uzanan on hissəyə bölür və bunların ayrı-ayrılıqda təsvirini verir. Hər təsvirə aid xəritələr, cəmi 70 xəritə düzəldir. Əl-İdrisi dövrünə görə böyük ustalıqla Qərbi Avropa (İspaniya, İtaliya, Siciliya, Fransa, Almaniya, Şotlandiya, İrlandiya, Şimal və Baltik dənizi sahilləri) və Şimali Afrikanın təsvirini vermişdir. Onun cənubdakı Balkan yarımadası və Rumıniya haqqındakı məlumatları da maraqlı və orijinaldır. Orta əsrlərin ən böyük səyyahlarından sayılan Mərakeşli İbn-Bətutə (1304-1377) Mərkəzi Ərəbistan yaylasına, Şimali Afrikaya, Kiçik Asiyaya, Cənubi Rusiyaya, Orta Asiyaya, Qərbi Hindistana, Seylona, Sumatraya, Çinə, Böyük Səhranı keçməklə Niger çayı sahillərinə və s. səyahətlər etmiş, bu yerlər haqqında ətraflı məlumat toplaşmış və bir necə kitab yazmışdır.İbn Bətutəni Magellana qədər olan bütün dövrlərin ən böyük səyyahı hesab edirlər. Ömrünün 29 ilini səyahətdə keçirmiş, quru və dənizlə 120 min km yol qət etmiş, 31-dən çox şəhərin adını qeyd etmişdir. O, yeni ölkələr və şəhərlər kəşf etməsə də, olduğu ölkələrin təsvirini verilmiş kitabları, o cümlədən «İbn-Bətutənin səyahətləri» kitabı orta əsrin ən qiymətli coğrafiya əsərlərindən hesab olunur. Əhməd İbn-Məcid məşhur ərəb dəniz səyyahı və losmanı olmuşdur. O, 1498-ci ildə Vasko de Qamaya bələdçilik etmiş, onun gəmilərini musson küləklərindən istifadə edərək Şərqi Afrika sahillərindən Hindistana gətirib çıxarmışdır. İbn-Xordadbehin (820-913) əsərlərində («Yollar və məmləkətlər haqqında») Bağdaddan şimala olan Orta Asiyaya və cənuba olan Hindistana gedən ticarət yolları, bu yollar üstündəki şəhərlər, kəndlər və ölkələrin iqtisadiyyatı və kənd təsərrüfatı, siyasi quruluşu, vergi sistemi haqqında maraqlı və zəngin məlumatlar vardır. Sonralar dünyada İslam mədəniyyəti adı altında birləşən Yaxın Şərq ölkələrində qeyri-ərəb xalqlarından olan görkəmli alimlərin də qiymətli elmi əsərləri meydana gəldi. Məşhur təcik filosofu İbn-Sinanın (980-1037) bir sıra əsərlərində ətraf mühitin insanlara təsiri məsələlərindən danışılırdı. Beləliklə, orta əsr Ərəb dünyasında çox zəngin coğrafi biliklər toplanmış, lakin bu biliklərin bir qismi unudulmuş ən mühüm digər hissələri isə hər halda Qərbi Avropa elmi ənənələrinə daxil edilmişdir. Orta əsrlərdə ərəblərlə yanaşı, Çin coğrafiyaçıları və səyyahları Çini, Hindistanı və Cənub-Şərqi Asiyanı öyrənməklə böyük rol oynamışlar. Məsələn görkəmli Çin səyyahı Fa-Syanyu (399-414), ərəb coğrafiyaçılarından xeyli əvvəl qiymətli əsərlər yazmışdır. Beləliklə, orta əsrlərdə Şərqdə nəşr olunan bir sıra qiymətli elmi əsərlər Avropa dillərinə tərcümə olunmuş və qitədə elmin inkişafına xeyli kömək etmişdir. Mənbə Coğrafiya tarixi Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget