1799-cu ildə Humbolt dostu Bonplanla Cənubi və Mərkəzi Amerikada tədqiqat işləri aparmaq məqsədilə ispan hakimiyyətindən icazə alırlar. Hər ikisi «PIsarro» gəmisində Kanar adalarına üzməklə Teyde vulkanına qalxırlar. Daha sonra Cənubi Amerikanın şimalına Venesuelaya üzməklə Karakas şəhəri ətrafında olmaqla ölkəyə məxsus savannaları tədqiq edirlər. Botanik dostu Bonplanla birlikdə bu ərazilərin yağıntılı dövrü ilə qraq dövrünün dəqiq təsvirini verməklə əmələgəlmə xüsusiyyətlərinin izahını verməyə çalışırlar. Orinoka çayında üzərkən bu çaydan bir qolun ayrılaraq Amazonun qolunu təşkil etdiyini, yəni çayın bufirkasiyasını müəyyən edirlər. Venesueladan Kubaya Üzən tədqiqatçılar Peruya doğru istiqamət götürürlər. Ekvadora səyahətdən sonra And dağlarında Kotonaxi (Tüstülənən Daş) və Çimboraso (Qarlı dağ) vulkanlarında tədqiqatlarını davam etdirirlər. Dağlarda bitki örtüyünün şaquli zonallıq üzrə dəyişməsini ilk dəfə olaraq Humbolt Cənubi Amerikada müşahidə etmişdir. Səyahətin davamı yenidən Kuba Meksika ölkələri olur. Nəhayət ABŞ-ın Delavar körfəzindən Avropaya qayıdırlar.
Humboltun 5 il çəkən birinci səyahətinin elmi əhəmiyyəti Amerikanın tədqiq olunmuş ərazilərinin təsviri, müxtəlif şəkillər, cədvəllər, xəritələrin çəkilməsi, şaquli zonallığın müəyyən edilməsi və s. olmuşdur. Ekspedisiyanın nəticələri 25 ildə 30 cilddə çap olunmuşdur.
1829-cu ildə rus hökumətinin dəvətilə Humbolt Rusiyaya gəlir. Dünya şöhrətli alimin artıq 60 yaşı tamam olmuşdur. Az əvvəl o, «Peterburq Elmlər Akademiyası»nın fəxri üzvü seçilmişdir. Humboltu Rusiyada əsasən Uralın zəngin faydalı qazıntıları maraqlandırırdı. Ona görə də marşrutu Peterburqdan, Moskva, Kazan, Mərkəzi Ural, Qərbi Sibir, Ob, Altay, Omsk, Cənubi Ural, Həştərxan, yenidən Moskva və Peterburq üzrə təşkil etməklə, 1829-cu ilin dekabrında vətəni Almaniyaya qayıdır. Ekspedisiya böyük ərazini əhatə etməklə qısa müddətli olduğundan nəticələri Amerikada aparılan tədqiqatlar qədər olmasa da, əldə olunmuş materiallara əsaslanaraq bir sıra məqalələr və iki kitabda toplanmış məlmatlar öz əksini tapmışdır.
Sutkada cəmi beş satt yatmaqla kifayətlənən məşhur alman tədqiqatçısı müasir coğrafiyanın əsasını qoyan alimlərdən biri olmuşdur. Humbolt ilk dəfə meteoroloji stansiyalar şəbəkəsi yaratmış alimlərdən olmuş, izotermlərin verilməsini təklif etmişdir. Onun təklifi əsasında Peterburq yaxınlığında daimi meteoroloji müşahidə aparmaq və yer maqnetizmini öyrənmək məqsədilə ilk rəsədxana tikilmişdir. Ilk dəfə olaraq Humbolt yer kürəsinin relyefini öyrənməklə dağ sistemlərinin orta hündürlüyünün hesablanma metodunu vermişdir.
Yer qabığının quruluşu haqqında «Plutonislərin»bütün dağ süxurlarının vulkan mənşəli olmaları fikrini müdafiə və inkişaf etdirilməsində fəal rol oynayan alim fiziki-coğrafiyanın, həmçinin ölkəşünaslığın elmi əsasını qoymuşdur. Təbiətdə baş verən təbii hadisələr arasındakı əlaqələrin və qanunauyğunluqların öyrənilməsi onun beş cildlik «Kosmos» əsərində öz əksini tapmışdır.
Humboltun adı Mərkəzi Asiyada dağ silsiləsi, Şimali Amerikada çay, göl və körfəz, Qrenlandiyada buzlaq, Avstraliyada dağ, Cənubi Amerikanın qərbində cərəyan, mineral, bir neçə bitki növü, Ayda krater və s. ilə əbədiləşdirilmişdir.
Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu
Yorum Gönder