Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Avrasiya Materikinin iqlimi

Avrasiya ən mürəkkəb iqlim şəraitinə malik materikdir. Bunun səbəbləri materikin çox nəhəng olması (qərbdən-şərqə, şimaldan-cənuba böyük məsafədə uzanması), relyefin mürəkkəbliyi, materikin mərkəzinin okeanlardan aralı olması, böyük dağ sistemlərinin yerləşməsidir.


Avrasiya ən mürəkkəb iqlim şəraitinə malik materikdir. Bunun səbəbləri materikin çox nəhəng olması (qərbdən-şərqə, şimaldan-cənuba böyük məsafədə uzanması), relyefin mürəkkəbliyi, materikin mərkəzinin okeanlardan aralı olması, böyük dağ sistemlərinin yerləşməsidir. Materikin şimaldan cənuba böyük məsafədə uzanması onun səthində günəşdən gələn istiliyin qeyri-bərabər paylanmasına səbəb olur. Cənub enliliklərində günəş şüaları yer səthinə daha böyük bucaq altında düşdüyünə görə bura daha çox istilik alır. Şimala doğru günəş şüalarının düşmə bucağı azalır və səthin aldığı istiliyin miqdarı da aşağı düşür. Nəticədə materikin cənubu ilə şimalı arasında kəskin temperatur fərqi yaranır. Böyük iqlim fərqləri materikin kənar qərb və şərq, eləcə də daxili hissələri arasında da mövcuddur. Bunun səbəbi materikin daxili hissələrinin iqliminə okeanların təsirinin zəifləməsidir. Nəticədə materikin mərkəzinin okeanlardan uzaqlığı kontinental iqlim şəraiti yaradır. Belə ki, Atlantik okeanı üzərindən gələn mülayim və rütubətli hava kütlələri qərbə - Avropaya bol yağıntı gətirir, iqlimi yumşaldır. Şərqə hərəkət etdikcə bu hava kütlələrinin rütubətliyi və iqlimin kontinentallığı azalır. Materikin iqliminə Şimal Buzlu okeanının da təsiri böyükdür. Bu okeanın üzərində yaranan quru və soyuq hava kütlələri materikin geniş şimal ərazilərinə daxil olaraq qışda şaxtalı, yayda sərin hava şəraiti yaradır. Materikin şərq və cənub hissələrinin iqlimi isə ilin isti dövründə Sakit və Hind okeanlarından gələn musson küləklərinin təsiri altında formalaşır. Yay mussonları materikin kənar zonalarına bol yağıntı gətirdiyi halda, qış mussonları materikdən okeana əsdiyindən qışda burada quru, aydın havalar hakim olur. Hind okeanından gələn isti və rütubətli hava kütlələri yalnız Cənubi Asiyanın iqliminə təsir edir. Hündürlüyü 7-8 km-dən artıq olan Himalay dağları rütubətli mussonları materikin daxili hissələrinə buraxmır. Nəticədə Himalay dağlarının cənub yamaclarına çox, şimal yamaclarına – Tibet və mərkəzi Asiyaya olduqca az yağıntı düşür. İqlim xəritəsi materikdə temperatur və yağıntıların paylanması xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Qışda materikin çox hissəsində orta temperatur 0 dərəcədən aşağı olur. Yalnız Atlantik okeanı, Aralıq və Qara dəniz sahillərində qışda temperatur 0 dərəcədən yuxarı olur. Cənubi Asiyada isə qış ayları mülayim, hətta isti olur. Qışda yanvar ayının orta temperaturunu göstərən izotermlər qərbdən şərqə meridian istiqamətində dəyişir və şimal-şərqə doğru azaldığı müşahidə olunur. Avrasiyanın, eləcə də bütün şimal yarımkürəsinin "soyuqluq qütbünün" (Oymyakon -71 dərəcə) burada olması təsadüfi deyil. Yay temperaturu materikdə bir qədər yüksəkdir. İyul izotermləri enlik istiqamətində gedir və yalnız daxili hissələrdə bir qədər şimal-şərqə doğru meyl edir. İyul ayının orta temperaturu şimal və şimal-şərq sahilləri istisna olmaqla hər yerdə 10 dərəcədən yüksəkdir. Materikdə ən yüksək temperatur Ərəbistan yarımadasında +54 dərəcə müşahidə olunmuşdur. İqlim xəritəsində yağıntıların da qeyri-bərabər paylandığını müşahidə edilir. Atlantik okeanı sahilləri il boyu bərabər miqdarda bol yağıntı alır. Materikin Sakit və Hind okeanlarının təsiri altında qalan şərq və cənub hissələri də bol yağıntı ilə təmin olunur. Dünyada ikinci ən çox yağıntı düşən yer, Himalay dağlarının cənub-şərq yamacı – Çerapunca (12000 mm) məhz bu materik ərazisindədir. Lakin burada yağıntılar əsasən yay aylarında düşür. Materikin çox böyük hissəsi ildə 500 mm-dən az yağıntı alır. Daxili hissələrə – Mərkəzi Asiyaya, Ərəbistan yarımadasına, İran yaylasının bəzi yerlərinə hətta 50 mm-dən də az yağıntı düşür. Bunun səbəbi okeandan uzaqlaşdıqca hava kütlələrinin öz rütubətini itirməsi, sıra dağların rütubətli hava kütlələrinin qarşısını kəsməsi ilə izah edilir. Materikin ərazisində ən az yağıntı Rub-Əl-Xali səhrasında (10 mm-ə qədər) qeydə alınıb. Avrasiya yeganə materikdir ki, bütün iqlim qurşaqlarında yerləşir. Üfüqi zonallıq qanunauyğunluğuna müvafiq olaraq burada ekvatorial qurşaqdan qütb qurşağına qədər bütün qurşaqlar növbələşir: Şimal Buzlu okeanındakı adalar və şimal sahilboyu arktik, İslandiya adasından başlamış şərqə doğru zolaq şəklində subarktik iqlim qurşaqları yerləşir. Avrasiyanın ən geniş hissəsi mülayim qurşaqda yerləşir və mürəkkəbliyi ilə seçilir. Qərbdə, Atlantik okeanı sahillərində mülayim dəniz iqlimi, şərqə doğru ardıcıl olaraq mülayim kontinental, kəskin kontinental, Sakit okean sahillərində isə musson və mülayim dəniz iqlim tipləri hakimdir. Qərbdə, Priney yarımadasından şərqdə, Sakit okeanın sahillərinə qədər zolaq şəklində subtropik iqlim qurşağı yerləşir və Aralıq dəniz iqlimi, kontinental, musson iqlim tipləri ayrılır. Ərəbistan yarımadası, Fars körfəzi ətrafı, İran yaylasının cənub hissəsi, Hind-Qanq ovalığının qərbi tropik kontinental, Hindistan və Hind-Çin yarımadaları, Şri-Lanka adası subekvatorial iqlim qurşaqlarında yerləşir. Malakka yarımadası və Zond adalarında ekvatorial iqlim qurşağı hakimdir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget