Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Avropanın çayları

Avropa yaxşı inkişaf etmiş sıx çay şəbəkəsinə malikdir. Çay şəbəkəsinin sıxlığı, çayların sululuğu, hidroqrafiyası və bir çox xüsusiyyətləri ərazinin rütubətlənmə dərəcəsindən, səth axarının həcmindən, torpaq, bitki örtüyü, relyef və geoloji quruluşun xarakterindən çox asılıdır.

Avropa yaxşı inkişaf etmiş sıx çay şəbəkəsinə malikdir. Çay şəbəkəsinin sıxlığı, çayların sululuğu, hidroqrafiyası və bir çox xüsusiyyətləri ərazinin rütubətlənmə dərəcəsindən, səth axarının həcmindən, torpaq, bitki örtüyü, relyef və geoloji quruluşun xarakterindən çox asılıdır. Çayların uzunluğu, çay sistemlərinin və sutoplayıcı hövzələrin böyüklüyü isə qitənin üfüqi və şaquli parçalanmasından, qitə səthinin ümumi meylindən asılıdır.Avropada çay şəbəkəsinin sıxlığını və çayların sululuğunu göstərən xəritələr ilə yağıntıların illik miqdarı, səth axarı və rütubətlənmə əmsalı xəritələrini tutuşdurduqda bunlar arasında olduqca böyük oxşarlıq və hətta təkrarlanma olduğu nəzər çarpır. Buxarlanma qabiliyyəti xəritəsi ilə çay şəbəkəsinin sıxlığı, səth axarı və çayların sululuğu xəritələri arasında böyük əkslik müşahidə olunur.Geoloji quruluşun və səth relyefinin də çay şəbəkəsi sıxlığına, səth axarına və s. böyük təsiri var. Çatlı və məsaməli süxurlar üzdə yerləşdiyi sahələrdə yağıntı çox olsa da səth axarı və çay şəbəkəsi sıxlığı azalır. Qitənin dağlıq sahələrində isə düzənliklərə nisbətən bir qayda olaraq səth axarı artır. Bu göstərilən amillərin Avropa ərazisində müxtəlif uzlaşması istər çay şəbəkə sıxlığının və istərsə də çayların başqa ünsürlərinin ərazidə müxtəlif şəkildə paylanmasına səbəb olmuşdur. Avropa ərazisinin üfüqi parçalanma xarakteri və böyüklüyündən asılı olaraq burada başqa qitələrdə olduğu kimi çox böyük çay sistemləri yarana bilməmişdir. Bu hal özünü Qərbi Avropada daha aydın göstərir. Şərqi Avropada isə qurunun daha geniş olması çox şaxələnmiş böyük çay sistemlərinin əmələ gəlməsinə şərait yaratmışdır. Avropa çaylarının əksəriyyəti Atlantik okeanı hövzəsinə, az bir hissəsi Şimal Buzlu okeanı hövzəsinə, qitənin ən böyük çayı olan Volqa sistemi isə qapalı Xəzər dənizi hövzəsinə aiddir. Şərqi Avropada şimala və cənuba axan çayların suayrıcısı ümumiyyətlə şimal-şərqdən cənub-qərbə uzanmaqla nisbətən az əyilir və əsasən moren tirələri üzrə uzanır. Qərbi Avropada Aralıq və Qara dənizə axan çaylarla şimala axan çaylar arasında suayrıcı çox böyük əyrilər əmələ gətirərək gah şimala, gah cənuba uzanır; bəzən düzən və yaylalardan, bəzən də yüksək dağlardan keçir. Avropa çaylarının inkişafı və müasir hidroqrafiya şəbəkəsinin yaranması üçüncü dövrün axırları və dördüncü dövrdə baş verən tektonik hərəkətləri, erozion proseslər, xüsusilə dördüncü dövr örtük buzlaqlarının xarakteri və onların yaratdığı relyefin xüsusiyyəti ilə sıx bağlıdır. Üçüncü dövrün axırı və dördüncü dövrdə bir çox çaylar dəfələrlə öz yataqlarını və istiqamətini dəyişmişdir. Müasir çay şəbəkəsi bir çox fizikicoğrafi vilayətlərdə dördüncü dövrün ortalarından buzlaşma sahələrində isə vürm buzlağı çəkildikdən sonra müasir şəklə düşmüşdür. Qərbi Avropanın şimal və şimal-qərbə axan ən böyük çayları (şərqdən-qərbə) Visla (1125 km), Odra (Oder), Laba (Elba 1154 km), Reyn (1320 km), Sena (700 km), Luara (1010 km) və Haronnadır (650 km). Aralıq dənizinə tökülən çaylardan böyükləri Ebro (928 km), Rona (812 km), Po (625 km) çaylarıdır. Pireney yarımadasının böyük çayları Doru, Teju, Qvadiana, Qvadalkvivir və Ebrodur. Qərbi Avropanın ən böyük çayı olan Dunay Qara dənizə tökülür. Bunun uzunluğu 2850 km, sutoplayıcı hövzəsinin sahəsi 817 min km2-dir. Qərbi Avropa çaylarının hidroqrafik xüsusiyyətlərinə görə bir neçə böyük tipə ayırmaq olar: 1. Norveçin çayları. Qısa, astanalı, şəlaləli və çox suludurlar. Yağış və qar suları ilə qidalanırlar. Bütün il boyu çox sulu olurlar. Maksimal səviyyə yaz və yayda, minimal səviyyə dağlarda yağıntıların sülb halda (qar) düşməsi ilə əlaqədar olaraq qış aylarına təsadüf edir. 2. Şərqi Skandinaviya çayları. Çaylar cavan dərələrlə axır, astanalıdırlar. Dərələr genişləndiyi yerlərdə uzunsov göllər vardır. Bu göllər çayların səviyyəsini tənzim edir. Əsasən qar suları, qismən yağış suları ilə qidalanırlar. Qışda 4-7 ay buzla örtülü olur. Çayların daşması, yazda qarların əriməsi və yay yağışları ilə əlaqədardır. 3. Finlandiya çayları cavan olduqlarından əvvəlki iki tipdə olduğu kimi hələ öz dərələrini kifayət qədər düzəltməmişlər. Çox vaxt çay yatağı ətraf sahələrdə eyni səviyyədə yerləşir. Çayların əksəriyyəti çox qısa olmaqla, ayrı-ayrı göllər arasında axar yaradır. Düzənlik çayları olmalarına baxmayaraq, astanalı və şəlaləli çaylardır. Qidalanma burada da qar və yağış suları hesabınadır. Yazda qarların əriməsi ilə əlaqədar çaylar daşır. Bu çayların səviyyəsi qışda alçaq olur. Çaylar cənubda 4, şimalda 6-7 ay buzla örtülü olur. Norveç və İsveçin dağlıq çayları olduqca böyük hidroenerji ehtiyatına malikdir. Bu enerjidən qismən istifadə edilir. Bundan əlavə İsveç və Finlandiya çaylarından ağac axıdılmasında da geniş istifadə edilir. Qərbi Avropa çaylarının əksəriyyəti, həm də böyük çayları Orta Avropada yerləşir. Orta Avropanın iqlimi və relyefinə görə bir-birindən fərqlənən böyük vilayətləri çayların hidroqrafik və hidroloji xüsusiyyətlərinə görə də fərqlənirlər. Orta Avropada relyefin ümumi meylliyi şimala olduğundan çayların böyük əksəriyyəti şimala axır. Yalnız Dunay çayı bütün Avropa çaylarının əksinə olaraq şimal-qərbdən cənub-şərqə axır. Orta Avropanın çayları qidalanmasına və illik səviyyə rejiminə görə aşağıdakı tiplərə ayrılır: 1. Almaniya-Polşa ovalığı çayları (Oder tipi). Avropanın dəniz və kontinental iqlimləri arasında keçid təşkil edən vilayətdən axır, başlıca olaraq qarların əriməsi hesabına və yağış suları ilə qidalanırlar. Daşqın yazda (mart-may) qarların şiddətli əriməsi ilə əlaqədardır. Yayın axırlarında səviyyəsi xeylı aşağı düşür. Payız aylarında ikinci, lakin xeyli zəif səviyyə qalxması müşahidə edilir. Axım əmsalı 30-35%-dir. Çay dərələri yaxşı işlənmiş, bəzən dirsəkvarıdır, geniş və alçaq terraslar müşahidə edilir. Çayların böyük nəqliyyat əhəmiyyəti var (Visla, Oder, Elba, Vezer). Almaniya-Polşa ovalığı çayları öz qidalanma şəraitinə və illik su rejiminə görə Şərqi Avropa çaylarından az fərqlənir. Orta və Aşağı Dunay ovalıqlarının çayları da qidalanma və rejim xüsusiyyətlərinə görə Oder tipindən az fərqlənir. 2. Atlantik tipi. Bu tipə Fransanın və İngiltərənin düzənlik çayları daxildir (Sena, Luara, Haronna, Temza və s.). çayların qidasını yağış suları təşkil edir. İl ərzində yağntılar bərabər paylandığına görə çaylarda səviyyə tərəddüdü zəifdir. Maksimal səviyyə payızın axırlarında və qışda olur. Yayda buxarlanmanın artması və yağıntının aylıq miqdarının bir qədər azalması çaylarda səviyyənin enməsinə səbəb olur. Axım əmsalı 30-35%-dir. Bunun başlıca səbəbi çayların yumşaq çöküntülərdən ibarət düzənlikdən axması və filtrasiyanın çoxluğudur. 3. Hertsin tipi. Öz mənbəyini Orta Avropanın Hertsin qırışıqlığı zonasından alan çaylar (və əvvəlki iki tipə aid edilən çaylar yuxarı axarlarında) bu tipə aiddir. Çayların əsas qidasını qar və yağış suları, qismən yeraltı sular təşkil edir. Səth meylliyinin çox olması və əksər yerdə möhkəm süxurların səthə çıxması çaylarda axım əmsalını xeyli artırır (35-50%). Hertsin Avropası çaylarında il ərzində səviyyənin iki dəfə qalxması və iki dəfə enməsi müşahidə edilir. Birinci və əsas maksimal səviyyə yazda dağlarda qarların əriməsi və yağış yağması ilə əlaqədardır. İkinci və nisbətən zəif səviyyə qalxması payızda, yağntının bir qədər artması və buxarlanmanın azalması ilə əlaqədar olur. Minimal səviyyə yayda, yağıntıların azalması və buxarlanmanın artması ilə əlaqədar olur. Bu vaxt səviyyənin qısa müddətli qalxması leysan yağışlarından sonra müşahidə edilir. Lakin belə daşqınlar qısa vaxtda çəkilir. Qış aylarında səviyyə yenidən aşağı düşür. 4. Alp tipi. Alp dağlarının yamaclarında 1000-1500 mm-dən artıq (bəzi yerlərdə 3000 mm-ə qədər) yağıntı düşür. Yüksək dağlarda böyük buzlaqlar və daimi qarlar, orta yüksəklikdə olan yamaclarda isə qar və yağış suları çayların əsas qidasının təşkil edir. Bol yağıntılı Alp dağları çayları çox sulu olub, iti axıma malikdir. Dağ yamaclarının çox dik olması və sukeçirməyən süxurların üzə çıxması səth axarını artırır. Alp çaylarında axım əmsalı 50-80% arasında dəyişir, bəzi çayların hövzəsində isə 85%-ə çatır. Bu tipə aid olan çaylarda maksimal səviyyə yayda, yüksək dağlarda qar və buzların ən intensiv əridiyi dövrdə olur. Çaylarda səviyyənin qalxması yazda orta dağlıq zonada toplanan qalın qar örtüyünün əriməsi ilə başlanır.Minimal səviyyə qışda olur. Alp çaylarının olduqca böyük hidroenerji ehtiyatı vardır. Bundan İtaliya, Avstriya, İsveçrə və Fransada geniş miqyasda istifadə edilir. 5. Aralıq dənizi tipi. Bura Cənubi Avropanın üç böyük yarımadasının və adalarının çayları daxildir. Bu tipə aid olan çayların əsas qidasını yağış suları, qismən karst suları təşkil edir. Çaylarda maksimal səviyyə qış aylarında olur. Yayda çayların suyu çox azalır, kiçik çaylar isə tamamilə quruyur. Qışda bəzən çaylarda böyük daşqınlar baş verir. Cənubi Avropa çaylarından suvarmada istifadə edilir. Qərbi Avropanın Dunay və Reyn kimi böyük çayları müxtəlif fiziki-coğrafi vilayətlərdən keçdiyinə görə onların yuxarı, orta və aşağı axarları rejiminə görə bir-birindən fərqlənir. Belə çaylarda səviyyə rejimi adətən mürəkkəb olur. Qərbi Avropanın ən böyük çayı olan Dunay çayı (uzunluğu 2850 km, sutoplayıcı hövzəsinin sahəsi 817 min km2) mürəkkəb səviyyə rejiminə malikdir. Çay öz mənbəyini hertsin Avropasında götürür. Yuxarı axarında o sağdan öz mənbəyini Alp dağlarının qarlı-buzlu zirvələrindən götürən bir çox qol qəbul edir (İzar, İnn və s.). Buna görə Dunay yuxarı axarında qidalanmasına və illik səviyyə rejiminə görə Alp tipinə aid edilir. Burada ən yüksək səviyyə yayda, ən alçaq səviyyə isə qışda müşahidə olunur. Orta və Aşağı Dunay ovalıqlarında çayın əsas qidasını qar və yağış suları təşkil edir. Bu hissədə çay öz mənbəyini Karpat dağlarından, Şərqi Alplardan və Balkan yarımadasının orta və alçaq dağlıq şimal hissəsindən alan çayları qəbul edir (Morava, Vaq, Tissa, Drava, Sava və s.). Bu çayların qidasını qar və yağış suları təşkil etdiyindən orta və aşağı Dunayda maksimal səviyyə mart-may aylarında, minimal səviyyə isə yayın axırında və payızda olur. Aşağı axarında Dunayın böyük sol qolları Jiu, Olt, Siret, Prutdur. Sağdan ona İskır və Yantra çayları tökülür. Deltada, Qara dənizə tökülməzədn əvvəl çay Qirlo adlanan üç (Kiliki, Sulinsk, Georgiyevsk) böyük qola ayrılır. Aşağı axarında çay bəzən 1-1,5 ay donur. Buna baxmayaraq çayda naviqasiya davam edir. dunay çayı Qərbi Avropanın cənub-şərqində yerləşən bir çox dövlətlərin ərazisindən keçən ən böyük və çox sulu çay olduğu üçün onun nəqliyyat əhəmiyyəti olduqca böyükdür. Bundan əlavə çayın üzərində Dəmir Darvaza adlanan yerdə Yuqoslaviya və Ruminiya birlikdə böyük bənd və hidroelektrik stansiyası tikintisini başa çatdırmışlar. Qərbi Avropanın mürəkkəb rejimə malik olan böyük çaylarından biri Reyndir (1320 km). O, yuxarı axarında tipik alp rejiminə malikdir. Maksimal səviyyə iyul, minimal səviyyə yanvar-fevral aylarında olur. Çay orta axarında hertsin Avropasından bir neçə böyük qol (Nekkar, Mayn və s.) qəbul edir və onlar da yazda (hertsin Avropası çayları kimi) daşır, lakin yayda, başqa çaylarda olduğu kimi səviyyə çox aşağı düşmür (Alpda buzlaqların və qarların əriməsi hesabına). Aşağı axarında çay Atlantik tipinə aid edilir.Beləliklə, Reyn də Dunay kimi mürəkkəb rejimə malik olan çaydır. Qərbi Avropanın bir neçə böyük morfostruktur sahəsini kəsib keçən başqa böyük çaylar da (məsələn, Haronna, Sena və s.) mürəkkəb rejimə malikdir. Lakin Reyn və Dunay kimi bunlarda üç müxtəlif tipli rejimin qarışması müşahidə edilmir. Avropanın düzənlik və təpəliklərdən axan çaylarının əksəriyyəti kanallarla birləşdirilmiş və habelə müxtəlif hövzələrə aid edilən bir neçə çayın (məsələn, Morava vasitəsi ilə Dunay və Odranın) birləşdirilməsi layihəsi də hazırlanmışdır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget