Cənubi Avropaya Pireney, Apennin, Balkan yarımadaları və bunların sahillərində yerləşən adalar daxildir. Alp geosinklinalı sahəsində yerləşən bu təbii coğrafi sahə, morfostruktur xüsusiyyəti, iqlimi, torpaq və bitkisinə görə Qərbi Avropanın fiziki-coğrafi sahələrindən kəskin surətdə fərqlənir. Cənubi Avropada çox aşınmış və orta hündürlüyə malik olan qayma və faylı dağlar və yaylalarla yanaşı, Alp orogeninə aid edilən hündür dağlar və dağarası çökəkliklər də geniş yayılmışdır. Cənubi Avropada müasir vulkanizm və seysmik hərəkətlər tez-tez müşahidə edilir.
Cənubi Avropa üçün qışı mülayim və rütubətli, yayı isti və quru keçən subtropik iqlim
səciyyəvidir. Aralıq dənizinin subtropik iqlimi adı ilə məşhur olan bu iqlim növünə müvafiq olaraq bitki örtüyü yaranmışdır. Orta Avropadan fərqli olaraq, Cənubi Avopada həmişəyaşıl enliyarpaqlı və iynəyarpaqlı meşələr, kolluqlar, hündür (makvis) və alçaqboylu (friqana) cəngəlliklər geniş
yayılmışdır. Ərazidə iqlimin qərbdən şərqə eləcə də cənubdan şimala doğru dəyişilməsi ilə əlaqədar olaraq, bitki örtüyünün müxtəlifliyi aydın nəzərə çarpır. Cənubi Avropada üç fiziki-coğrafi sahə ayrılır. Bunlara sahil adaları ilə birlikdə Balkan, Apennin və Pireney yarımadaları daxildir
Yorum Gönder