Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Qobi səhrası

Qobi Mərkəzi Asiyanın ən böyük və qeyri-adi səhralarından biridir. Adını monqol sözü “qov”dan alıb. Monqol dilində “qov” “boş, susuz yer” deməkdir. Bu bölgəni ilk kəşf edənlərə Qobi çox dəhşətli yer təsiri bağışlayıb.

Qobi Mərkəzi Asiyanın ən böyük və qeyri-adi səhralarından biridir. Adını monqol  sözü “qov”dan alıb. Monqol dilində “qov” “boş, susuz yer” deməkdir. Bu bölgəni ilk kəşf edənlərə Qobi çox dəhşətli yer təsiri bağışlayıb. 

Qobinin ilk tədqiqatçılarından biri rus səyyahı Nikolay Prjevalski olub. Cəhənnəm istisi ilə nəfəs boğan, qum qasırğaları qoparan dalğavari qum təpələri ilə yüzlərlə verst məsafə qət etmək ekspedisiya üçün ağır olub. Təsəvvür edin ki, bir damcı da su yoxdur. Nə bir quş, nə də bir heyvan gözə dəyir. Əvəzində qarşıya saysız-hesabsız at və dəvə sümükləri çıxır. İlğım. Dan yeri ağarandan qürub çağına qədər günəş yandırıb-yaxır. 

Prjevalskidən 500 il əvvəl başqa bir yolçu Qobi barədə yazıb: “Biz yol gedirdik... iki ay və 10 gün. Bu müddət ərzində sərdabalardan başqa heç bir tikilinin izinə-tozuna da rast gəlmədik”. Daha 700 il əvvəl isə Çin səyyahı bu səhranı oxşar şəkildə təsvir edib: “...çoxlu mənfur şeytan və isti küləklər var. Bunlarla qarşılaşan səyyahların hamısı tələf olur...”.

Qobi dəhşətli istiləri, gözqamaşdıran günəşi və güclü küləkləri ilə bərabər, sərt   soyuqları ilə də məşhurdur. Yayda temperatur 50-yə yüksəlirsə, qışda mənfi  50 dərəcə soyuqlar olur.  Belə temperatur dəyişməsi hətta soyuq qütbü Oymyakonda da yoxdur.

Əslində, Qobi ilk səyyahların təsvir etdikləri qədər yeknəsəq və dəhşətli yer deyildir.  Yerli sakinlər bu geniş ərazidə Qırmızı, Qara, Sarı, Şoran, Bərəkətli və digər qobiləri fərqləndirirlər. Bu qobilər də çoxsaylı regionlara bölünür. Deyilənə görə, monqollarda  33 Qobi səhrası  var.  Həqiqətən, Qobi rəngarəngdir. Burada həm  qumlu düzənliyə, həm də hündür barxanlara təsadüf olunur.

Səhranın xeyli hissəsini gilli-daşlı səhralar – hamadalar təşkil edir. Qayalı dağları olan çöllüklər də az deyildir. Burada şoranlıq ərazilərə, vahələrə təsadüf olunur. Qobinin çox sərt iqlimli bölgələrində insanlar yaşamır. Amma ərazilərinin bir qismi bu səhrada yerləşən Monqolustan və Çin bu torpaqları heç də vecsiz saymır. Səhrada köçəri həyat keçirən çobanlar sürü otarır. Vəhşi heyvanlar və yabanı bitklilər də az deyil. 

Qobi on milyonlarla ildir quru ərazidir. Hərçənd 130 milyon il əvvəl başdan-başa bataqlıq ərazi olan bu yerlər dinozavrların məskəni olub. Belə bir versiya var ki, heyvanlar məhz burada əmələ gəlib və yer üzünə yayılıb.  Qobidə bu qədim nəhəng heyvanların xeyli skeleti tapılıb və ilk dəfə dinozavr yumurtası aşkar edilib.  Səhrada  elmi ekspedisiyalar işləyir.  Hətta turistlərə də qazıntı halında olan heyvan sümükləri  axtarmaq icazəsi verilib. Doğrudur, qazıntı aparmaq üçün çox sərt şərtlər irəli sürülür.  

Bəzi heyvanlar Qobi səhrasının ağlasığmaz temperatur dəyişmələrinə uyğunlaşıb.  Xırda gəmiricilər  yuvalarda gizlənir. Baktrian adlandırılan vəhşi dəvələrin qalın yunu onları soyuqlardan və qızmar günəşdən qoruyur. Bədənlərinin aşağı hissəsində yun qalın deyil və bu da onlara sərinləmək imkanı verir. Ceyran, kulan, antilop kimi heyvanlar bu sərt yerlərin sakinləridir. 

Kənd təsərrüfatını inkişaf etdirən insanlar səhranın olan-qalan suyunu qurudur, onun strukturunu pozur, meşələri qırır, nəticədə səhra daha genişlənir. Monqolustanın və  Çinin şəhərləri  Qobidən qopan qum qasırğalarından əziyyət çəkir. Böyük səhradan  qorunmaq üçün  Çində  Böyük yaşıl hasar hörmək qərarına gəliblər. 1970-ci ildə başlanan yaşıllaşdırma işlərini 2050-ci ildə başa çatdırmaq nəzərdə tutulur. Layihəyə görə, ölkənin 13 əyalətini əhatə edən geniş ərazidə ağaclar əkilməlidir.  Böyük yaşıl zolağın uzunluğu 4500 kilometrdən çox, eni təqribən 100 kilometr olmalıdır.  Yaşı 11-60 arasında olan hər bir çinli  hər il  ya 3-5 ağac əkməli, ya da  vergi ödəməlidir.  /portal.azertag.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget