Alp dağlarının şərqində yerləşən Vyana çökəkliyindən Qara dəniz sahilinə qədər, təxminən 1100 km məsafədə Dunayboyu ovalıqları uzanmışdır. Bunlar morfostruktur xüsusiyyətinə görə iki böyük ovalığa: Orta və Aşağı Dunay ovalıqlarına ayrılır. Əmələ gəlməsi və geoloji inkişaf tarixinə görə hər iki ovalığın ümumi oxşar cəhətləri vardır. Üçüncü dövrün əvvəllərinə qədər Ortadunay yaxud Macar ovalığının yerində qədim hertsin massivi olan Pannon qurusu yerləşirdi. Neogenin əvvəllərinə başlayan tektonik hərəkətlər Pannon qurusunun tədricən çökməsi ilə nəticələnmişdir. Ortadunay ovalığında sarmat dövrünün çöküntüləri və pont yaylaları 800 m dərinlikdə yatır və onun üzərini qalınlığı 120 m-ə çatan dördüncü dövrün allüvial çöküntüləri örtür. Üçüncü dövrdə Ortadunay ovalığı sahəsində qapalı dəniz hövzəsi olmuşdur. Dördüncü dövrün əvvəllərində ovalığın kənarlarında yerləşən dağlardan yuyulub gətirilmiş məhsullar hesabına dəniz suları tədricən çəkilmiş və nəhayət ərazi quruya çevrilmişdir.
Orta Dunay ovalığında Dunayın sol sahil hissəsi çökmüş, sağ sahildə yerləşən sahələrdə isə qədim hertsin massivləri 700-800 m-ə qədər qalxmış və qayma şəklində yüksəkliklər əmələ gəlmişdir. Aşağı Dunay ovalığı da təxminən Orta Dunay ovalığına yaxın inkişaf dövrü keçirmişdir. Ovalığın mərkəzi hissəsində sarmat dövrünün çöküntüləri 800-1000 m dərinlikdə yatır. Kənar sahələrdə isə onlara dəniz səviyyəsindən 200-300 m hündürlükdə yerləşən sahələrdə rast gəlinir. Bu xüsusiyyət üçüncü dövrün axırlarından ovalığın mərkəz hissəsində çökmənin, şimal kənarında isə qalxmanın baş verdiyini sübut edir. Aşağı Dunay ovalığının cənub-şərq kənarında yerləşən Dobruca massivi qədim hertsin qırışıqlarının qalığıdır.
Dunayboyu ovalıqlar içərisində sahəsinə görə geniş yeri Orta Dunay və ya Macar ovalığı tutur. O, Vyana çökəkliyindən Dəmir Darvazaya qədər şimal-qərbdən cənub-şərqə doğru təxminən 600 km məsafədə uzanaraq ən geniş sahədə eni 450 km-ə çatır. Dunay çayı bu ovalığı iki hissəyə bölür. Dunay çayından şərqdə yerləşən hissə, Böyük Macar ovalığı və ya Alfyeld adlanır. Ovalığın dəniz səviyyəsindən hündürlüyü 120 m-dən çox deyildir. Əsasən allüvial çöküntülərlə, bəzi sahələrdə isə lyoss və lyossvarı gillicələrlə örtülmüşdür. Tissa çayı və onun qolları ovalığı çox parçalamışdır. Şimal-qərb istiqamətində uzanmış və çox da hündür olmayan qum tirələri əsas suayırıcıları hesab olunur. Böyük Macar ovalığının şimal-qərbində, Morava və Qron çayları arasında, Kiçik Macar düzənliyi və ya Kişalfeld yerləşmişdir. Bu ərazi Dunay çayının Bratislava çökməsini doldurmuş qədim gətirmə konusundan ibarət sahəsidir.
Orta Dunay ovalığının Dunay çayından qərbdə yerləşən hissəsinə Dunantule deyilir. Böyük Macar ovalığından fərqli olaraq, Dunantuledə qədim Pannon qurusunun bəzi sahələrinin qalxması baş vermişdir. Ərazinin hazırkı relyefində ayrı-ayrı tirələrdən ibarət dağ massivləri nəzəri daha çox cəlb edir. Burada ən böyük dağ massivi Bakon dağlarıdır. Dağların cənub yamacında, 80 km uzunluğundakı tektonik çökmədə Balaton gölü yerləşir (sahəsi 614 km, dərinliyi 11 m-dir). Balaton gölünün cənubunda Piliş, Meçek (685 m) və Villiali (440 m) dağları vardır. Adları çəkilən dağ massivlərində karst formaları geniş yayılmışdır.
Aşağı Dunay və yaxud Valaxiya ovalığı Transilvaniya Alpları ilə Stara-Planina (Balkan) dağları arasında yerləşir. Dəmir Darvazadan Qara dəniz sahilinə qədər, uzunluğu təxminən 500 km, eni isə 150-300 km arasında dəyişilir. Ovalıq, cənubda Dunay çayının enli yatağı (Balta) ilə əhatələnir. Bura ovalığın dəniz səviyyəsindən 100 m hündürlükdə yerləşən hissəsidir. Dunay çay dərəsi bu hissədə 20-25 km enində olub, axmaz göllərin, bataqlıq sahələrin və onları bir-birindən ayıran sahil boyu tirələrin geniş yaılması ilə səciyyələnir. Şimala doğru ovalığın hündürlüyü tədricən artır. Karpatın ətəklərində konqlomeratlardan və başqa iri qırıntılı materiallardan əmələ gəlmiş alçaq tirələr yayılmışdır. Ovalığın bu hissəsi Jiu, Olt, Vedya, Arceş çayları və onların bir çox kiçik qolları tərəfindən çox kəsilib parçalanmasıdır. Valaxiya ovalığını Qara dəniz sahilindən Dobruca massivi ayırır. Bu yüksəklik qədim hertsin massivinin qalığı olub, səthi əhəngdaşlarından və bəzi sahələrdə lyoss çöküntülərindən yaranmışdır. Bəzi tirələrin hündürlüyü 400 m-ə çatır. Karst relyef formalarının geniş yayılması ilə əlaqədar olaraq səth axarı zəif inkişaf etmişdir.
Dunayboyu ovalıqların iqlimi qonşu dağlıq sahələrdən daha çox kontinentallığı ilə fərqlənir. Qış demək olar ki, mülayim keçir. Yanvar ayının temperaturu 0° ilə -2° arasında dəyişilir. Bəzən soyuq Arktika hava kütlələri daxil olduqda, havanın temperaturu -20°-dən aşağı düşə bilir. Yay ayları isti və bəzi yerlərdə quraq keçir. İyul ayının temperaturu 20-22° arasında dəyişilir. Bəzən cənubdan tropik hava kütlələri daxil olduqda, havanın temperaturu +40°-yə qədər qalxır. Macar ovalığından fərqli olaraq, Valaxiya ovalığında yayın axırları bəzən quraq keçir. Orta Dunay ovalığının Alfyeld hissəsində illik yağıntının miqdarı 400-600 mm, Dunantuledə isə 600-800 mm-dir. Aşağı Dunay ovalığında yağıntıların miqdarı bir qədər azdır – qərbdə 400-500 mm, Dobruca və onun ərtaflarında 350-400 mm-dir. Ovalıqların əsas çayları – Dunay və onun onlarca iri qolları, gəmiçilik, suvarma və hidroenerji əhəmiyyətinə malikdir.
Yorum Gönder