Yəqin Xəzər dənizində (indiki Crystall Hall tərəfdə) adaya bənzər bir şey rastınıza gəlib. Bu "Bayıl qəsri"dir. Bəzi mənbələrdə bu abidəyə "Səbayil qalası" da deyirlər. 1306-cı ildə Bakıda baş vermiş güclü zəlzələ zamanı tikinti dağılıb və bir neçə əsr suyun altında qalmışdır.
Bayıl qəsrinin sirri əsrlər boyu Bakıya gələn alim və səyyahların, tədqiqatçı və arxeoloqların diqqətini özünə cəlb edib. Azens.az saytının məlumatına görə, təxminən yeddi əsr bundan əvvələ aid edilən bu abidə Azərbaycanın qədim mədəniyyətə malik ölkə olduğunu bir daha sübut edir. XIX əsrdə Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov, rus alim, şərqşünas və səyyahları İ.N.Berezin, S.Q.Qmelin, B.A.Dorn, V.V.Bartold, A.K.Markov və başqaları Bayıl qəsri haqqında ehtimal xarakterli məlumatlar veriblər. Tədqiqatçı alimlər onu “Səbayıl qalası”, “Bayıl qəsri”, “Bəndərqala”, “Yeraltı şəhər”, “Karvansara”, “Xanəgah”, “Monastr”, “Gömrükxana”, “Müdafiə qalası” və sair adlandırıb. Yalnız XVIII əsrin əvvəllərində qala suyun altından üzə çıxıb.Qalanın uzunluğu 40 metr, eni 180 metr olan tikinti aralarındakı məsafə 16 m-dən 28 m-ə qədər olan 15 yarımdairə qalalar vasitəsilə divara birləşdirilib. Dörd küncdəki qalanın biri – şimaldakı monolit olub, qalanları kiçik kamera ilə bir-birinə bağlanıb. Divarın qalınlığı 1,2 m-dən 1,5 m-ə qədərdir. Divar ayrı-ayrı daş tavalarda düzəldilmiş frizli yazılarla (hündürlüyü70 cm, eni 25-50 cm, qalınlığı 12-15 cm) əhatə olunub.
1939-cu ildən 1969-cu ilə kimi aparılan araşdırmalar nəticəsində müxtəlif vaxtlarda 699 ədəd yazılı daş tavalar əldə edilib. Bu daşlar hazırda İçəri Şəhərdə - Şirvanşahlar sarayının həyətində saxlanılır. Daşların üzəri ərəb və fars yazıları ilə yanaşı, zəncirvari ornament, insan, heyvan, quş və əfsanəvi heyvan təsvirləri ilə bəzədilib. Bu daş tavaların üzərindəki təsvirlərdən görünür ki, onları hazırlamış sənətkarlar yüksək zövqə və incə müşahidəçilik qabiliyyətinə malik olublar. Amma dənizdən çıxarılmış daşların 30%-ə qədəri əsrlər boyu ləpənin təsirindən ziyan çəkib. Onların üzərindəki yazı və təsvirlər pozulub
Yorum Gönder