Azərbaysan Respublikasında göllərin sayı 250-yə çatır. Onlardan 7-sinin sahəsi 10 km2-dan artıqdır, 25-ninki isə 1km2-dan çoxdur. Respublikanın göllərinin birlikdə sahəsi isə 250 km2 olub, onlardan 165 km2, yəni bütün göllərin sahəsinin 66%-i Kür – Araz ovalığında 4 gölün payına düşür. Ş.B.Xəlilov (2003) mənşəyi,yerləşməsi və hidroloji xüsusiyyətlərinə görə Azərbaycan göllərini 3 əsas qrupa ayırır: 1)Kür – Araz ovalığı gölləri; 2) Abşeronun gölləri; 3) Dağ gölləri;
Aşağıda onların xarakteristikası verilir.
1. Təbii proseslər, son illərdə isə insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində Kür – Araz ovalığının gölləri dəfələrlə dəyişikliyə uğramışdır. 1953-cü ildə Mingəçevir su anbarı və 1970-ci ildə onun qolu Araz çayı üzərində «Araz» su qovşağı vasitəsilə Kür və Araz çaylarının axını tənzimləndikdən sonra düzənlikdəki gölllər və axmazlar bu çayların daşqın sularından məhrum oldular. Bunun nəticəsində Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük dəyişikliyə uğradı,Şilyan, Bostançala, Qarasu, Mahmudçala, Ağçala və b. göllər qurudu və bataqlığa çevrildi. Hazırda Ağgöl, Mehman,Sarısu gölləri Kür – Araz ovalığındakı kollektor-drenaj sisteminin köməyi sayəsində mövcuddur, Hacıqabul gölünə isə su nasosla verilir.
Kür çayının suyu tənzimləndikdən sonra göllərdə suyun keyfiyyəti xeyli dəyişmişdir. Onlara çaydan təbii axının olmaması ilə əlaqədar təmiz suyun minerallıq dərəcəsi artmışdır. Hazırda Ağgölün minerallıq dərəcəsi 13000mq/l,Sarısu gölününkü isə 5000 mq/l təşkil edir. Yaz-yay dövründə minerallığın kəskin yüksəlməsi kollektor-drenaj sularının göllərə axınının çoxalması ilə bağlıdır. Ağgöl, Mehman, Sarısu və Hacıqabul gölləri böyük təsərrüfat əhəmiyyəti daşıyır. Bu göllər həmişə balıqla zəngin olmuşdur. 1940-cı ildə Hacıqabul gölündən tutulan balığın miqdarı 8850 sentner, Sarısu gölündən isə 6700 sentner olmuşdur. Kür çayının suyu tənzimləndikdən sonra isə göllərin su rejimi
kəskin dəyişmiş, dayazlaşmış, şorlaşmış , bunun nəticəsində suyun bioloji rejimi dəyişmiş və faktiki olaraq balıqçılıq öz əhəmiyyətini itirmişdir.
2. Abşeronda 150-yə qədər göl vardır, onların ümumi sahəsi 50km2 təşkil edir. Onlar –20m-dən 120m-dək yüksəklikdə yerləşir. Göllərin çoxu kiçikdir, yalnız 6 gölün ( Böyük Şor, Masazır, Binəqədi, Kürdəxanı, Xoca-Həsən,Krasnoe) sahəsi 1-12km2-dir.
Yay dövründə xırda göllərin çoxusu quruyur, bütün göllər duzludur, duzluluq dərəcəsi 5-dən 300 q/l–ə qədər tərəddüd edir, tərkibində xlor və natrium ionları üstünlük təşkil edir.
Göllərin əksəriyyəti xörək duzunun toplayıcılarıdır. Təbii şəraitdə ilin soyuq dövründə göllər atmosfer yağıntıları ilə dolur, ilin isti dövründə isə onların suyu azalır və ya quruyur. Göllərin belə vəziyyəti 1960-cı ilə qədər qalmışdır. Sənayenin (xüsusilə neft istehsalı) və kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar son 50 ildə göllərə daxil olan buruq, sənaye və məişət çirkab sularının həcminin sürətlə artması onların kəskin çirk
lənməsinə, sahələrinin böyüməsinə və yeni göllərin əmələ gəlməsinə səbəb olmuşdur.
Xəzər dənizi sahilində bir neçə laqun (dənizdən ayrılmış kiçik göl) gölə təsadüf olunur (Ağzıbirçala, Olxovka),onların sahəsi dəniz suyunun səviyyəsinin tərəddüdü ilə bağlı olaraq xeyli dəyişir. Xəzər dənizinin son illərdə səviyyəsinin qalxması ilə əlaqədar bu göllər faktiki olaraq dəniz körfəzlərinə çevrilmişdir.
Bir çox göllərdə təbii rejim buruq suları ilə pozulduğundan onların tərkibində xeyli yod və brom vardır.
Abşeron yarımadasında vahid kanalizasiya sistemi yoxdur , bir çox yaşayış məntəqələri və sənaye müəssisələri çirkab sularını təmizləmədən yaxınlığındakı göllərə axıdır.Odur ki , göllərin əksəriyyəti hədsiz dərəcədə çirklənməyə məruz qalmışdır.Göllərdəki çirkli sular fauna və floraya öldürücü təsir göstərir.Hazırda göllərdəki suyun keyfiyyətinin vəziyyəti onların nəinki rekreasiya üçün ( çimmək, su turizmi və s. ) , hətta texniki ehtiyacı ödəmək məqsədilə də istifadə olunması yararlı deyil.Bu isə regionda ekoloji gərginlik yaradır.
3. Kiçik Qafqazın dağ gölləri dəniz səviyyəsindən 1400 – 3000 m yüksəklikdə yerləşir . Onların sayı 20 – yə çatır.Ən böykləri Alagöl, Qaragöl,Göy - göl hesab olunur , bütün göllərin ümumi sahəsi 12 km2 təşkil edir.
Kiçik Qafqazın gölləri təbiətin nadir abidələri sayılır, onlar mənfi antropogen amillərin təsirindən qorunmalıdır.
Onların su resurslarından istifadə olunması məqsədə uyğun sayılmır.Bu göllərin təbii şəkildə gözəlliyini saxlamaq turizm məqsədilə istifadə etmək lazımdır. Göllərdə abadlıq təsərrüfatının yaradılması su rejiminə və ətraf mühitə mənfi təsir göstərməz.
Böyük Qafqazda dağ göllərinin sayı 70 – dən artıqdır.Onların 50 - sinin sahəsi 1 ha – ra qədərdir, 21 gölün sahəsi 1 – dən 3 ha arasındadır.Göllərin ümumi sahəsi 2 km2 - dan bir qədər artıqdır.
Dağ çaylarının əksəriyyəti əhalisi az olan, yaşayış məntəqələrindən aralı, su ilə yaxşı təmin olunmuş və mülayim- soyuq iqlimli ərazilərdə yerləşir.Belə şəraitdə onlar antropogen amillərin təsirinə çox az məruz qalır, suyun həçmi və keyfiyyəti demək olar ki, dəyişməmiş qalır.
EKOLOGİYA VƏƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ
MƏMMƏDOV QƏRİB ,XƏLİLOV MAHMUD
Yorum Gönder