Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Avrasiyanın çayları və gölləri

Avrasiyanın çayları 5 hövzəyə aiddir.

Avrasiyanın çayları və gölləri
Daxili suların həcminə görə Avrasiya ən zəngin materik hesab olunur. Daxili suların istər ərazi üzrə paylanmasına, istərsə də qidalanmasına və rejiminə görə materikin ayrı-ayrı hissələri arasında xeyli fərq var. Dünyada uzunluğu 4000 km-dən çox olan 14 çaydan 7-si məhz bu materikdə yerləşir. Ən böyük gölü Xəzər, ən uzun çayı Yantszıdır - 5800 km. Dünyanın ən dərin şirinsulu gölü Baykal ,ən duzlu gölü Ölü dəniz məhz Avrasiya materikindədir. Pamir dağlarında isə uzun dağ-dərə buzlağı – Fedçenko buzlağı yerləşir.
  Avrasiyanın çaylarının fiziki xəritəni nəzərdən keçirsək, materikin kənarlarında çay şəbəkəsinin daha sıx, cənub-qərb hissəsində və daxili rayonlarında isə seyrək olduğunu müşahidə edərik. Çaylar materikin daxilindəki dağlardan, yüksəklik və yaylardan başlayaraq müxtəlif istiqamətlərdə axır. Töküldüyü yerdən asılı olaraq, Avrasiyanın çayları 5 hövzəyə bölünür. Burada dörd böyük okean hövzəsi ilə yanaşı dünya okeanına çıxışı olmayan daxili (axarsız) hövzə də geniş sahə tutur. Daxili hövzə materikin 1/3 hissəsini əhatə edir. İqlim şəraitindən asılı olaraq, qidalanmasına və rejiminə görə çaylar bir-birindən xeyli fərqlənir. Müxtəlif hövzələrə məxsus çayların qidalanmasında və su rejimindəki fərqlərin əsas səbəbi yağıntıların illik miqdarı, onun fəsillər üzrə paylanması və buxarlanmadır. 
       Avrasiyanın Şimal Buzlu okeanı hövzəsinə aid olan çayları – Ob, Yenisey, Lena , Peçora və s. Bu çaylardan Ob ən uzun, Yenisey isə ən bol sulu çay hesab olunur. Hövzənin çayları yuxarı axarda dağ çayları, orta və aşağı axarlarda isə tipik düzənlik çaylarıdır. Çayların böyük məsafədə cənubdan şimala və müxtəlif iqlimə malik olan ərazilərdən keçməsi onların rejiminin mürəkkəbliyinə səbəb olmuşdur. Bu çayların əksəriyyətinin qidalanmasında qar və yağış suları üstünlük təşkil edir. İlin çox hissəsini bu çaylar donur. Yazda buzdan azad olan çaylarda güclü daşqınlar əmələ gəlir. 
  Atlantik okeanı hövzəsinin çayları Avropanın yüksəkliklərindən, dağlardan başlayır. Burada çay şəbəkəsi daha sıx olsa da, uzun çaylar yoxdur. Ən böyük çay Dunay çayıdır. Bu çay uzunluğuna görə Avropada ikinci çaydır. Dunay çayı bir neçə dağı, yüksəkliyi, ovalığı keçərək Qara dənizə tökülür və mənsəbində delta əmələ gətirir. Dunay yuxarı axarda tipik dağ çayıdır, xırda qollar qəbul edir. Orta axarda ona iri qollar - Drava, Tisa, Sava və s. birləşir. Dunay böyük məsafədə gəmiçilik üçün çox yararlıdır. Çünki o, bir neçə dövlətlərin ərazisindən keçir və onların çoxu üçün dənizə yeganə çıxış yoludur. Digər mühüm çayları Şimal və baltik dənizinə tökülən - Reyn, Elba, Visla, Oder çaylarıdır. Bu çaylar bol sulu olmaqla il boyu gəmiçilik üçün yararlıdır. Bu çayları birləşdirən kanalların çəkilməsi onların nəqliyyat əhəmiyyətini xeyli artırmışdır. Cənubi Avropada Aralıq dənizinə (Rona, Po) və birbaşa Atlantik okeanına (Taxo, Qvadiana, Laura) tökülən çayların əksəriyyəti qısa və azsulu, gəmiçilik üçün o qədər də yararlı olmayan çaylardır. Bu çaylar qışda bolsulu olur, yayda isə olduqca dayazlaşır, bəziləri isə hətta quruyur. Lakin bu çayların suvarma əhəmiyyəti böyükdür.
       Sakit okean hövzəsinə aid çayları - Yantszı, Xuanxe, Mekonq Amur və s. çaylarıdır. Bu çaylar mənbələrini yüksək dağlardan və yaylalardan götürməklə şərqə axır. Yuxarı axarda çaylar dağ çaylarıdır. Sürətli axına malik olduqları üçün düzənliyə çıxdıqda özləri ilə birlikdə gətirdikləri çoxlu miqdarda qırıntı və asılı materialları çökdürür. Əksər çayları delta əmələ gətirir. Bu hövzəyə aid olan çayların qidalanmasında yağış suları üstünlük təşkil edir. Qidalanmada musson rejimi özünü göstərir. Yay mussonlarının yaratdığı güclü yağışlar nəticəsində tez-tez daşqınlar əmələ gətirir. Başlanğıcını yüksək dağlardakı buzlaqlardan götürən çaylarda yay daşqınları buzlaqların əriməsi ilə daha da güclənir. Mülayim qurşaqda axan çaylar qışda donur. Buna görə onlarda qar və buzların əriməsi nəticəsində yazda daşqınlar baş verir.
       Yantszı çayı Şərqi Çin dənizinə tökülərkən böyük delta yaratmışdır. Bu çay Avrasiyanın ən uzun çayıdır. Böyük məsafədə gəmiçilik üçün yararlıdır, suvarmada geniş istifadə olunur. Çin əhalisinin dörddə bir hissəsi Yantszı çayının hövzəsində yaşayır. 
        Avrasiyanın Hind, Qanq, Brahmaputra çayları Hind okeanı hövzəsinə aid olan çaylardır. Bu çayların qidalanmasında və su rejimində də musson yağıları böyük rol oynayır. Qanq çayı sululuğuna görə yalnız Amazonka və Konqo çaylarından geri qalır. Öz mənbəyini Himalay dağlarından götürən Qanq və onun qolları materikin ən bol yağıntılı ərazisindən axır və benqal körfəzində böyük delta yaradır. Cənub və cənub-şərq hissədə çaylar daha sıx şəbəkə əmələ gətirir. Bu zonada da baş verən daşqınlar və tayfunlar regionun təsərrüfatına güclü ziyan vurur. Cənub-qərbdə Hind okeanına axan çayları - Dəclə və Fərat çaylarıdır. Bu ərazi subtropik və tropik iqlim qurşaqlarında yerləşir və quraq iqlimə malikdir. Buna görə çaylar azsuludur.
       Daxili hövzənin çayları materikin cənub-qərb və daxili hissələrində geniş ərazi əhatə edir. Şərqi Avropa düzənliyindən Xəzər dənizinə axan çayların qidalanmasında qar suları daha üstündür. Səhra və yarımsəhralardan keçən Amudərya, Sırdərya, Tarim və s. çayları öz başlanğıcını qarlı-buzlu dağlardan götürdüyünə görə yayda bolsulu olurlar. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır. Onun uzunluğu 3630 km-dir. Bir çox qolları var. Onlardan Oka və kama ən böyük qollarıdır. Volqa Xəzər dənizinə tökülərkən böyük delta əmələ gətirir. Volqa çayı üzərində bir çox su anbarları, hidrotexniki qurğular yaradılıb və SES-lər tikilmişdir. Volqanın böyük nəqliyyat əhəmiyyəti vardır.
       Avrasiya materikində göllər çoxdur, lakin onların coğrafi yayılmasına görə materikin ayrı-ayrı hissələri arasında böyük fərqlər vardır. Şimal-qərbdə göllər daha çoxdur. Avropanın ən iri gölləri – Ladoqa, Oneqa, Balaton, Sayma, Venern, Vettern burada yerləşir. Göllərin çoxu IV dövr buzlaşmaların əmələ gətirdiyi saysız miqdarda çökəkliklərdə yaranmışdır.
       İqlimin quraq və isti olduğu daxili axarsız hövzədə göllər azdır və onların əksəriyyəti duzlu göllərdir. Bu ərazidə yerləşən iri göllər – Xəzər, Balxaş, Aral vaxtilə mövcud olmuş Tetis okeanının qalığı hesab edilir. 
       Xəzər dünyada sahəsinə görə ən böyük göldür. Onun səthi dəniz səviyyəsindən -27 metr aşağıda yerləşir. Xəzərin maksimal dərinliyi 1025 metrdir. Suyun orta duzluluğu 11-13 promildir. Xəzərin şelf sahəsində və dibinin təkində zəngin neft və qaz ehtiyatı var. Bakı neft rayonu kimi dünyada məşhurdur. Burada dənizdən yüksək keyfiyyətli neft və qaz çıxarılır.
       Dağlıq ərazilərdə yerləşən iri göllərin bir çox isə tektonik mənşəlidir. Onlar yer qabığının qırıldığı qatlarda yaranmışdır. Baykal, Cenevrə, Boden, Urmiya, İssık-Kul və s. məhz tektonik mənşəli göllərə aiddirlər. 
       Baykal gölü 6000 km-dən artıq məsafədə uzanan çökəkliyi tutur. Gölün eni 25 km-dən 80 km-ə qədərdir. Dünyanın ən dərin gölü hesab olunan Baykalın dərinliyi 1620 metrdir. Bu göl Avrasiyanın ən böyük şirin su anbarıdır. Baykala 360-a qədər çay tökülür. 
       Avrasiya materikində göllərin böyük təsərrüfat əhəmiyyəti vardır. Onlar mühüm istirahət, turizm, kurort əhəmiyyətinə malik olmaqla suvarmada, məişətdə, gəmiçiliyin inkişafında böyük rol oynayır.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget