Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Flavi və ya Kolizey amfiteatrı + video


Flavi və ya Kolizey amfiteatrı Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatr sayılır. Abidə Eskvilin, Palatin və Çelio təpələrinin arasında yerləşir. Flavi sülaləsinin nümayəndələri, daha dəqiq desək, Vespasian, Tit və Domisian tərəfindən tikildiyinə görə o Flavi amfiteatrı adlandırılıb. Tikinti eramızın 72-ci ilində başlayaraq, 8 il davam edib və miladın 80-ci ilində inşası başa çatdırılıb. Qeyd edək ki, amfiteatrın inşasına imperator Vespasian Fələstindəki qələbədən sonra başlayıb. Tikinti onun oğlu Titin dövründə yekunlaşıb. VIII əsrdən etibarən isə amfiteatr Kolizey adlandırılmağa başlayıb. Uzun illər Kolizey qladiatorların və vəhşi heyvanların döyüş səhnələrinə, dəniz döyüşlərinin imitasiyasına ev sahibliyi edib. Katolik kilsəsinin mifik fərziyyələrinə görə xristianlığı qəbul edənlər məhz burada edam edilirmiş. İmperator Makrinin dövründə güclü yanğından zərər çəkmiş tikili Aleksandr Severin əmri ilə yenidən bərpa olunub. 
Abidə XI əsrdən 1132-ci ilədək adlı-sanlı romalılar üçün qala funksiyası daşıyıb. 1332-ci ildə burada öküz döyüşləri keçirilirmiş. Bu vaxtdan etibarən onun dağıdılması davam etdirilir. Daşlarından tikinti materialı mənbəyi kimi, digər tikililərin inşasında istifadə olunub. Papa II Pavel Venesiya sarayının tikintisi üçün daşları məhz buradan götürüb. Amfiteatrda V-IX əsrlərdə kustar fabriklər də fəaliyyət göstərib. 
Kolizey nəinki memarlıq baxımdan, həm də mahiyyət baxımından böyük ustalıqla inşa edilmiş bir tikilidir. Tamaşaçılar arenaya 80 giriş vasitəsilə daxil ola bilirdilər. Bunlardan dördü xüsusi olaraq imperator, mötəbər qonaqlar, senatorlar, yüksək rütbəli dövlət xadimləri üçün nəzərdə tutulub. Tikilinin giriş, pilləkan və dəhliz sistemlərinin quruluşundan bu günün özündə belə stadion və arenaların tikintisində geniş istifadə olunmaqdadır. Bu texniki imkan 15 dəqiqə ərzində arenanın dolmasını və 5 dəqiqə ərzində boşalmasını təmin edir. Bugünkü hesablamalara görə Kolizey 50 000 tamaşaçı qəbul etmək imkanına malik olub. İlk sıralar, yaxud podium imperator, onun ailə üzvləri, senatorlar və Vesta məbədinin qadın qulluqçuları üçün nəzərdə tutulub, eyni zamanda Pulvinar adlandırılan imperator lojası daha hündürdə yerləşib. Eyni zamanda kolizeydə tamaşaçılar üçün nəzərdə tutulmuş 3 yarus yerləşirdi, 20 sıradan ibarət olan birinci yarus şəhərin vəzifəli şəxsləri və süvarilər təbəqəsinə aid olanlar, ikinci yarus Roma vətəndaşı hüququna malik olan azad sakinlər, üçüncü və ən yuxarı sektorlar isə Romanın ən kasıb sakinləri üçün nəzərdə tutulmuşdu. Kolizey ellips formasına malik olub, eni 156 m, uzunluğu 188 m, çevrəsi 527 m, hündürlüyü isə 48 m-dir. Amfiteatrın döşəməsi taxtadan olub altında 7 m dərinliyində zirzəmi yerləşirmiş. Burada əsasən vəhşi heyvanların qəfəsləri saxlanılırdı. 
Kolizey qədimdən Romanın əzəmət simvolu olub. VIII əsr səlnamələrində belə bir ifadə mövcuddur ki, "Kolizey durduqca Roma da duracaq, nə vaxt Kolizey yox olacaqsa o vaxt Roma, onunla birlikdə isə dünya da məhv olacaq". Hazırda Kolizey İtaliya hökuməti tərəfindən böyük diqqətlə qorunur. Alim arxeoloqların tövsiyələri əsasında tikili qismən bərpa edilərək onun dağılmasının qarşısını almaq üçün bir sıra tədbirlər görülüb. Hazırda, Kolizey Romanın ən parlaq simvolu olub ən məşhur turist obyekti sayılır. 7 iyul 2007-ci ildən etibarən tikili dünyanın 7 yeni möcüzəsindən biri sayılır.

Elnur İsmayılbəyli /http://www.kepeztv.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget