Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Memar Sinan


Sinan ömrü boyu memarlıqda yeni axtarışlara baş vurub və bunu o dövrdə inşa etdiyi türbələrində də davam etdirib. Bunu onun rəhbərliyi altında inşa edilən Şahzadə Mehmet türbəsi də sübut edir. Burda Memar Sinan o dövr üçün qeyri-adi görünən dilimli günbəzdən istifadə edib. Günbəzin səthi isə qeyri-adi şəkildə bəzədilib. Mahir memar Qanuni Sultan Süleyman türbəsində isə o vaxtkı Türk-Osmanlı memarlıq ənənələrinə uyğun olmayan üslubdan istifadə edib. O, türbənin daxili ilə xarici arasında uyğunluq yaratmaq üçün örtük kimi ikiüzlü
günbəz formasına üstünlük verib. Belə ki, memar daxili günbəzi türbənin içəsindəki ayaqlara, xaricdəki günbəzi isə çöl divarlara bərkidib. Bir sözlə, Memar Sinan həmişə köhnə ilə yeni arasında əlaqə quraraq, onları bir-birinə uyğunlaşdırmağa və nəticədə ölməz sənət inciləri yaratmağa nail olub.

Samir Pişnamazzadə- AMEA-nın Gəncə bölməsinin direktor müavini: “Bildiyiniz kimi şərqin çox qədim memarlıq üslubu islam dövründə də öz həyatını davam etdirib. Bu baxımdan Şeyx Bahəddin kimi, Şeyx Əli kimi böyük memarlar içində İstanbul şəhərində möhtəşəm islam abidələri yaradan Memar Sinan da görkəmli memar həm də alim olub. Onun yaratdığı bütün tarixi abidələrin kökü əslində Azərbaycanla bağlıdı. Çünki, onun ustadı Təbrizli Əli olub. Bu Təbriz məktəbinin təsiri ilə Bizans mədəniyyətinə mənsub olan bir şəhər İslam şəhərinə döndü”. 
Onun qüdrəti də sənətkarın köhnəliklə yenilik arasında üzvi bir sintez əmələ gətirməsidir. Amma o, memarlığa gətirdiyi yeni elementləri boş bir yerdən götürməyib. Sinanın memarlığa gətirdiyi yenilik özündən əvvəlki memarlıq üslublarına yaradıcı şəkildə yanaşması və bununla özünəməxsus sənət inciləri ortaya çıxarması ilə bağlıdır. Memar Sinanın dahiliyi də məhz bundadır. O, yaratdığı sənət əsərlərinin uzunömürlü olması üçün istifadə edilən bərkidici inşaat materiallarının keyfiyyətinə xüsusi fikir verərək, hər daşın, hər kərpicin bir-birini zərgər dəqiqliyi ilə tamamlamasına nail olub. Bu da Memar Sinanın inşa etdirdiyi abidələrin bu günə sağ-salamat gəlib çatmasında və 400 il ərzində öz möhtəşəmliyini qoruyub saxlamasında önəmli rol oynayıb. Memar Sinan həm də olduqca gözəl bir mühəndis idi. Buna görə müasirləri onu orta əsrlər memarlarının şahı adlandırıblar. 

Samir Pişnamazzadə- AMEA-nın Gəncə bölməsinin direktor müavini: “Bilirsiniz ki, İstanbul şəhərində xristianlığın ən böyük abidəsi Ayasofya və o cür abidənin qarşısında böyük abidə yaratmaq böyük bir cəsarət, elm və islama qarşı böyük bir məhəbbət tələb edirdi”.
Sinanın mahir mühəndis olmasını onun körpülərin və su kəmərlərinin inşasında göstərdiyi qeyri-adi istedadı da sübut edir. O, körpü və su kəmərlərinin çəkilməsində, məscid və türbələrin inşasında o dövrkü təcrübədən yaradıcı şəkildə istifadə edərək onların əsasında yeni bir memarlıq məktəbinin banisinə çevrilib. Məsələn, o, İstanbulun su problemini həll edərkən Qırxçeşmə adı ilə tanınan su anbarının inşası zamanı bəndlər, tunellər, su kəməri, su kanalları ilə su yığımı və paylaşdırılması arasında tarazlaşdırıcı bir vəhdət yarada bilib. Qeyd edək ki, su anbarının inşasına o dövr üçün olduqca yüksək rəqəm hesab edilən 43 milyon axça xərclənib. Bu su anbarı o dövrdə bütün dünyada ən mükəmməl bir mühəndislik nümunəsi idi və avropalı mütəxəssislər sonralar Sinanın bu təcrübəsindən əsrlər boyu istifadə ediblər. 
Memar Sinan II Səlim türbəsində isə tamam başqa bir yeniliyə əl atıb. O, burada ənənəvi altı və ya səkkizbucaqlı plan yerinə türbənin əsasını təşkil edən elementlər arasında paralellik yaradan kəsik künclü kvadrat formasından istifadə edib. Ümumiyyətlə, Memar Sinan həmişə binanın və ya türbənin inşa edildiyi ərazi ilə onun ətrafı arasında olan ahəngdarlığa üstünlük verib ki, bu da komplekslə onu əhatə edən məkan arasında xoş təsir bağışlayan mənzərə əmələ gətirib.

Pərvanə Qurbanqızı /http://www.kepeztv.az/
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget