Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Azərbaycanda Neftçıxarmanın tarixi

XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir.

Azərbaycanda neft hasilatı haqqında məlumatlar erkən orta əsr alim və səyyahlarının əsərlərində dəfələrlə qeyd olunmuş və bu qeyri-adi məhsulun böyük gəlirlər gətirdiyi bildirilmişdir. Lakin o dövrlər neft ancaq məişətdə yanacaq kimi, tibbi və hərbi məqsədlər üçün istifadə olunurdu. XVIII-XIX əsrlərin sənaye inqilabı neftə tələbatı kəskin artırdı və onu ölkənin inkişafı üçün birinci dərəcəli əhəmiyyətə malik strateji məhsula çevirdi. Dünyada neft "bum"u başladı. Azərbaycanın neftçıxarma sahəsinə xarici sərmayə axını başladı. Qədim neftçıxarma ənənələrinə malik Bakı qazma, neftçıxarma və neft emalı sahəsində ən yeni texnologiyaların ixtirası və ilkin tətbiq meydanına çevrildi. Hələ XIX əsrin ortalarında neftçıxarmada dönüş yaranmış və dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır. 1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə çıxmışdır (ABŞ-da həmin ildə 9,1 mln ton neft hasil edilmişdir). 
XIX əsrin 70-ci illərindən etibarən Azərbaycan neft sənayesinə xarici kapitalın güclü axını başlanmışdır. Neft sənayesinin inkişafı yerli sahibkarların böyük bir nəslini yetişdirmişdir. 
Neftçıxarmanın inkişafının ikinci mərhələsi 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. Axtarış-kəşfiyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilmiş və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılmışdır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edirdi. 
1941-ci ildə Azərbaycanın neft hasilatı tarixində (2006-cı il istisna olmaqla) maksimum miqdarda - 23,5 mln ton neft çıxarılmışdır və bu da bütün keçmiş Sovetlər Birliyi neftinin 71,4 %-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci Dünya Müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.

Azərbaycanda dünyada ilk dəfə olaraq dənizdə neftin çıxarılmasına başlanılmış və Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca "Gürgan-dəniz", "Pirallahı", "Çilov adası" kimi yataqların mənimsənilməsinə başlanılmışdır. 1949-cu ilin 7 noyabrında açıq dənizdə sahildən 40 km və Bakıdan 90 km aralı "Neft Daşları" yatağının aşkar edilməsi Azərbaycanı və Xəzəri bütün dünyada məşhur etdi. 
1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ili başlanmış və bu, 1969-cu ilə kimi davam etmişdir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənmiş, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilmişdir, dəniz qazma işlərinin (o cümlədən axtarış - kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilmişdir.
Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən "Neft Daşları"nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdur.
1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yaranmışdır.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. 
1970-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa, ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 
1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində indi adları bütün dünyada məşhur olan "Azəri", "Çıraq", "Kəpəz" və hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) neftinin 60 faizdən çoxunu verən "Günəşli" kimi yataqlar aşkar edildi. 
1994-cü ilin 20 sentyabrında "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında", sonradan "Əsrin müqaviləsi" adını almış Sazişin imzalanması həyata keçirildi. Bu müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti imzalamışdır. 
1999-cu il aprelin 17-də müstəqil Azərbaycanın tarixində fövqəladə əhəmiyyətli daha bir hadisə baş vermişdir. Azərbaycan, Gürcüstan və Ukrayna Prezidentlərinin iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür.
Xəzərin Azərbaycan bölməsindəki neft və qaz yataqları 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Azərbaycan, Gürcüstan və Türkiyə Cümhuriyyətinin Prezidentləri "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və ABŞ tədəfi bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün mühüm addım atılmışdır.
Dünyanın ən iri və aparıcı dövlətlərinin neft şirkətlərilə belə bir Sazişin imzalanması Azərbaycan xalqı üçün böyük uğur idi. Saziş demək olar ki, bütün dünya dövlətlərinin Azərbaycana inamını artırdı və sonradan dünyanın ən böyük və tanınmış neft şirkətlərinin ölkəyə sərmayə qoyuluşuna şərait yaratdı. 
2001-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradılmışdır. Bundan sonra neftdən əldə olunan bütün gəlirlər məhz burada toplanır. Fondun əsas məqsədi təbii sərvətlərin indiki və gələcək nəsillər arasında ədalətlə bölüşdürülmәsidir. Digər bir mühüm amil isə makroiqtisadi sabitliyin təmin olunması və yerli pul bazarının getdikcə artan xarici valyuta axınından qorunmasıdır. 
Hazırda Azərbaycanda gün ərzində 24 min ton neft hasil edilir. Proqnozlara əsasən, 20 il ərzində neftin və qazın hasilatı ilə ixracından əldə olunacaq ümumi gəlir 200 milyard ABŞ dolları civarındadır.

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget