Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Afrikanın relyefi (ətraflı)

Afrikada ən geniş yayılmış relyef formaları platforma düzənlikləri, qapalı çökəklər, yüksəkliklər və yaylalardır. Sineklizlərə uyğun gələn dairəvi çökəklər (Konqo, Kalaxari) materikin mərkəzi hissəsində və cənubunda daha aydın görünür. Şimalda çökəklərin konturu o qədər də kəskin və aydın deyildir. Burada yalnız Çad çökəkliyi ətraf sahələrdən yaxşı seçilir.

Afrikanın relyefi onun geoloji quruluşu, tektonikası,  maqmatizm və uzun geolojidövrlərdə burada hakim olan ekzogen proseslərin fəaliyyəti ilə sıx əlaqədardır. Relyefin böyük formaları tektonik strukturlara uyğun gəlir. Afrikanın hipsometrik quruluşu bir tərəfdən neogen və dördüncü dövrdə baş verən tektonik hərəkətlərin,digər tərəfdən denudasiya və akkumulyasiya proseslərinin qarşılıqlı təsiri ilə müasir formaya düşmüşdür. Materik sabit platforma rejimində inkişaf etdiyinə görə onun səthi şaquli istiqamətdə az parçalanmış və burada çox kontrastlı relyef formalarına yalnız Atlas və Kap vilayətlərində, qismən də Şərqi Afrikada rast gəlmək mümkündür.
Afrikada ən geniş yayılmış relyef formaları platforma düzənlikləri, qapalı çökəklər, yüksəkliklər və yaylalardır. Sineklizlərə uyğun gələn dairəvi çökəklər (Konqo, Kalaxari) materikin mərkəzi hissəsində və cənubunda daha aydın görünür. Şimalda çökəklərin konturu o qədər də kəskin və aydın deyildir. Burada yalnız Çad çökəkliyi ətraf sahələrdən yaxşı seçilir.

Yüksəkliyinə görə Afrikada iki böyük sahə ayrılır:

1)Hündür Afrika, bu sahə onun cənub və şərq hissələrini tutur. Burada əksər ərazilərin mütləq yüksəkliyi 1000 m-dən artıqdır.

2)Alçaq Afrika bu ərazi qitənin şimal və qərb hissəsini (Böyük Səhranı və Sudanı) əhatə edir. Burada geniş əraziləri  yüksəkliyi 1000 m-dən azdır. 

Yüksək Afrikada hündürlüyü 1000 m-dən az, Alçaq Afrikada isə 2000 m-dən xeyli yüksəyə qalxmış sahələr vardır. Bu iki hissə arasında şərti sərhəd Qvineya sahilindəki Bonqvoelo (Benqela) şəhərindən Eritreyadakı Mombasa şəhərinə qədər uzanan diaqonal xətt üzrə keçir. Ovalıq və düzənliklərin əksəriyyəti tektonik əyilmə sahələrinə, dağlıq və yaylalar isə tektonik qalxmalara uyğun gəlir.
  Beləliklə, Afrikada relyef və tektonikanın əsas elementləri bir-birinə tam uyğundur. Bununla yanaşı bəzi sahələrdə relyefin inversiyası müşahidə edilir. Məsələn, Karru sineklizi əslində çökək deyil, yüksək yayladır. Bu sinekliz Kap dağları üçüncü dövrdə (xüsusilə neogendə) qalxdığı zaman onunla bərabər qalxmış və yüksək yaylaya çevrilmişdir. Afrikada arid denudasiya və arid akkumulyasiya (xüsusilə eol) relyef formaları daha geniş yayılmışdır. Bol yağıntılı ekvatorial qurşaqda və subtropiklərdə flüvial, keçid iqlim sahələrində isə semiarid relyef formaları inkişaf etmişdir.
  Relyef xüsusiyyətlərinə görə Afrikada aşağıdakı morfostruktur vilayətlər ayrılır: 
Atlas dağları, Böyük SəhraSudan stolvarı ölkəsi, Şimali Qvineya yüksəkliyi, Konqo çökəyi və ətraf yüksəkliklər, HəbəşistanSomali, Şərqi Afrika, Cənubi Afrika, Kap dağları vilayəti və Madaqaskar adası.
Atlas dağları hertsin və alp qırışıqlığı zamanı yaranmış bir neçə böyük morfostruktur zonadan ibarətdir. Aralıq dənizi sahilboyu uzanan alçaq Tell Atlas qırışıq dağlardır. Cənub və cənub-qərbdə Yüksək, Orta və Səhra Atlası yerləşir. Yüksək Atlasda Cəbəl-Tubkal massivinin hündürlüyü 4165 m-ə çatır. Səhra Atlası orta yüksəkliyə malik olan massivlərdən və faylı dağlardan ibarətdir. Atlas dağlarının daxili hissəsini yüksək Şott yaylası tutur. Yüksək Atlasla Atlantik okeanı sahili arasında Mərakeş Mesetası (yaylası) yerləşir.
 Böyük Səhra və Sudan stolvarı ölkəsi Afrika platformasının ümumi əyilmə sahəsindədir. Burada kristallik süxurlar enlik istiqamətdə düzülmüş, bir-birindən təcrid olunmuş massivləri və dağları əmələ gətirir. Qərbdə Regibat qalxanı sahəsində hündürlüyü 500 m-ə qədər yüksələn yayla və stolvarı sahələr, onun şərq kənarında paleozoy çöküntülərinin səthə çıxdığı sahədə isə kuestəbənzər tirələr və yaylalar yerləşir. Böyük Səhranın mərkəzində yerləşən Ahaqqar və Tibesti dağları daha yüksəkdir (Tahat dağı-3003 m, Emi-Kussi dağı 3415 m). Burada kristallik süxurlar böyük gümbəzəoxşar qalxan əmələ gətirir. Bu qalxanın tağında isə dərinlik qırılmaları üzrə vulkanik dağlar və lava yaylalrı yerləşir. Ahaqqar və Tibesti massivlərinin ətrafında üzə çıxan paleozoy süxurları kuest tirələri (Təsili) və səthi meylli stolvarı yaylaları (Muidir, Təsili-Əcər, Təsili-Ahaqqar, Adrar-İforas, Air, Çodo, Tummo) əmələ gətirir. Mərkəzi massivlər yüksək olduğundan quru dərələrlə çox parçalanmışdır. Böyük Səhra qumlarında itən bir çox quru dərələrin (vadilərin) mənbəyi Ahaqqar və Tibesti dağlarındadır.
Böyük Səhra və Sudan vilayətinin şərqində, kristallik süxurların səthə çıxdığı üçüncü böyük sahə Qırmızı dəniz qrabeninin qərb kənarında ucalan Etbay dağlarını (Ərəbistan və Nubiyə səhralarının yüksək şərq kənarıdır) əmələ gətirir (Eş-Şaib 2184 m). Atlas dağları ilə Ahaqqar massivinin şimal ətəkləri arasında Atlasqabağı maili düzənlik və səhralar,cavan tektonik əyilmə zonasını tutan şoran ovalıqlar yerləşir. Şott adlanan bu ovalıqların bəzi yeri okean səviyyəsindən alçaqdır (Şott Melkir, -30 m). Ahaqqar və Tibestidən şimalda stolvarı yaylalar və qumlu səhralar yerləşir. Yaylaların yüksəkliyi 500-1000 m arasındadır (Hamada Tinqert, Edeyn-Ubari, Serir-Tibesti və s.). Bu yayalalardan şərqdə Liviya ovalığının qumlu-gilli səhraları və dəniz səviyyəsindən 133 m-ə qədər alçaqda olan Kattar çökəyi yerləşir. Şimaldan bu ovalıq və çökəklər Aralıq dənizinin sahil yüksəklikləri (Cəbəl-əl-Əhdər, 865 m və s.) ilə əhatələnir.
 Mərkəzi qalxmalar zonasından cənubda böyük morfostrukturlar Atlantik sahili və Əl-Cof ovalıqları (bunları alçaq Adrar yaylası ayırır), Sahil yaylası, Orta Niger, Çad və Yuxarı Nil çökəkləridir. Çad çökəkliyi Bodele, Çad, Kavar, Manqa və Şari düzənliklərindən ibarətdir. Bodele düzənliyinin hündürlüyü 200 m-dən azdır. Orta Nil çökəyi ilə Çad çökəyi arasında kristallik süxur çıxıntıları üzərində Ennedi, Darfur və Kordofan yaylaları yerləşir. Darfurda lava yaylaları, vulkanik dağlar vardır (Cəbəl-Marra, 3088 m). Böyük Səhra-Sudan stolvarı sahəsindəki yaylaların bir qismi struktur yayla, bir qismi isə müxtəlif yaşlı və müxtəlif mənşəli hamarlanma səthləridir (peneplen). Böyük çökəklər zonası cənubdan yuxarı Qvineya, Kamerun və Azande yaylalarının şimal ətəyi, şərqdən isə Həbəşistan yaylasının dik qərb yamacı ilə əhatə olunur.
Yuxarı Qvineya yüksəkliyi bir neçə massiv və yayladan ibarətdir. Massivlərdən Futa-Callon (1425 m), Syerra-Leone-Liberiya massivini (Loma, 1948 m), Toqo və Atakoranı göstərmək olar. Bunların arasında struktur-denudasion yaylalar, cənubda isə Qvineya sahili ovalığı uzanır. Sahil ovalığının şərq hissəsi Niger çayının geniş deltasıdır.
Ekvatorial Afrikanın ən böyük morfostrukturu Konqo çökəyi və onu əhatə edən massivlər, yaylalardır. Konqo çökəyi mərkəzə tərəf pilləli alçalan, geniş hissəsi allüvial və göl çöküntüləri ilə örtülmüş qapalı düzənliklərdir. Konqo çayı qollarının birləşdiyi yerdə düzənliyin hündürlüyü 300-400 m-dir. Konqo çökəyi şimal-qərbdə dağlıq Kamerun massivi (2680 m), şimalda Azande yaylası (yüksəkliyi 600-1000 m),qərbdə çay dərələri ilə çox kəsilmiş Cənubi Qvineya yaylası ilə əhatə edilmişdir. Kamerun massivinin tektonik qırılmaları üzrə Biafra körfəzi sahilində Kamerun vulkanı (4070 m) və körfəzin içərisində Fernanda-Po vulkanı (3106m) ucalır. Bu tektonik zonada sahildən xeyli aralı Prinsipe, San-Tome (2135 m),Annobon dağlıq vulkanik adaları yerləşir.Konqo çökəyindən cənubda Kvanqo, Lunda və Katanqa yaylaları enlik istiqamətdə uzanır. Bu yaylalar eyni zamanda Kalaxari çökəyinin şimal sərhədidir. Katanqa yaylası səthində qraben çökəkləri və horst tipli alçaq dağlar yerləşir. Konqo çökəyindən kənara yalnız bir çıxış vardır ki, bu da Konqo çayının Cənubi Qvineya yaylasında neogendə yaratdığı ensiz və astanalı dərin çay dərəsi üzrədir.
Cənubi Afrikanın ən böyük morfostrukturu Kalaxari çökəyidir. Uzunsov formada olan bu çökək şimal və cənub hissələrə bölünür. Kalaxari çökəyi qərbdən nəhəng kuesti xatırladan yaylalarla əhatə edilir. (Biye, Kaoko, Damaralend və s.). Kalaxari şərqdə Matabele yaylası (1582 m), cənub-şərqdə Veldler yaylası və Əjdaha dağları (Katkin-pik,3657 m), cənubda Kap və yuxarı Karru yaylaları il əhatə olunmuşdur. Kalaxarini şərqdən əhatə edən dağlar və yaylalar da qərbdə olduğu kimi okean sahilinə çox dik enir, daxilə doğru isə tədricən alçalır. Kalaxari çökəyi şərqdə Zambezi və Limpopo çayları boyu, cənub-qərbdə isə Narınc çayı boyunca uzanan əyilmələr zonası ilə okeana açılır. Qitənin cənub qurtaracağında enlik istiqamətdə uzanan alçaq və orta hündürlükdə Kap dağları və sinklinal dərələr uzanır.
Şərqi Afrika uca yaylalardan və dağlardan ibarətdir.Burada çox böyük morfostruktur vilayət yerləşir (Həbəşistan, Somali və Ekvatorial Şərqi Afrika).
Həbəşistan və Somali yaylaları kristallik platforma süxurlarının çox yüksəyə qalxdığı sahədədir. Həbəşistanda yaylanın səthi qalın vulkan süxurları ilə örtülmüşdür. Somalidə isə böyük gümbəzvarı qalxmanın cənub yamacında mezozoy və kaynozoy dəniz çöküntüləri yerləşir Yaylanın mərkəzi hissəsi üzrə rift dərəsi uzanır. Şimal-şərq istiqamətdə bu dərənin yamacları aralanır və burada böyük Afar çökəyi, Danakil horstu və Danakil qrabeni yerləşir.
Həbəşistan yaylasının səthi ayrı-ayrı massiv və yaylalardan ibarətdir. Burada dərin çay dərələri və tektonik çökəklər vardır. Ən yüksək sahə şimalda Ras-Daşan (4620 m) dağıdır. Həbəşistan yaylasından cənubda böyük yəhərvarı çökəklikdə Rudolf gölü yerləşir.
   Şərqi Afrika yaylası daha mürəkkəb relyefi ilə seçilir. Burada böyük gümbəzvarı qalxanın səthi qrabenlərlə kəsilmişdir. Qərbdə yerləşən Albert-Tanqanika qrabenləri sistemi qövsvarı formada uzanmaqla, qərbdən və şərqdən assimetrik quruluşlu dağlar və massivlərlə əhatələnir (Mitumba dağları, Göy dağlar, Ruvenzori massivi 5120 m). Burada vulkanik dağlar da vardır (Karasimbi, 4507 m). Şərqdəki qrabenlər dayazdır. Lakin burada Afrikanın ən böyük və uca vulkanik dağları (Kilimancaro 5895 m, Keniya 5199 m, qoruq elan edilmiş məşhur Nqoron kalderası) yerləşir. Yaylanın səthi Hind okeanına tərəf pilləvarı alçalır.
Madaqaskar əsasən dağlıq relyefə malikdir (Saratanana 2886 m). Dağlar şərqə dik, qərbə tədricən alçalır və dərələrlə parçalanmış geniş yayla ilə əvəz olunur. Sahil boyu ensiz ovalıqlar uzanır.
Afrikanın qərbində yerləşən Kanar və Yaşıl Burun adaları vulkanik mənşəli olmaqla, əsasən dağlıq relyefə malikdir.
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget