Azərbaycanın ən böyük Coğrafiya jurnalı

HEYVANLAR ZƏLZƏLƏLƏRİ ÖNCƏDƏN XƏBƏR VERƏ BİLƏRMİ?

[full-post]

İtlər ulaşır və mal-qara mələşirsə, siçanlar küçələrdə qaçışır və naqqa balıqları sudan kənara sıçrayırsa… diqqətli olun! 

Bir çox ölkədə zəlzələqabağı qarışqa, uzunquyruq tutuquşu, siyənək balığı və yak kimi birbirindən fərqlənən heyvanların özlərini çox qəribə apardıqları qeydə alınmışdır. Xəbər verildiyi kimi, Çində, Yaponiyada, Birləşmiş Ştatlarda, Qvatemala və İtaliyada heyvanların qəribə davranışına zəlzələdən bir həftə, bir neçə saat və hətta bir neçə dəqiqə qabaq təsadüf edilmişdir. Müşahidə edənlər göstərirlər ki, toyuqlar hinə, donuzlar donuzluğa girmək istəmirlər; malqara yazıq-yazıq mələşir və otlamırlar; itlər ağızağıza verib ulaşaraq şəhəri başlarına götürürlər; siçanlar gizləndikləri yerlərdən çıxıb qorxmadan otaqlardan keçib-gedirlər; naqqa balığı sudan kənara tullanır; atlar kişnəyir, uçunur və vəhşi kimi ağılın içərisində qaçışırlar; ilanlar qış yuxusuna getdiyi yuvalardan sürünüb çıxır və buzun üstündə donub ölürlər. Son vaxtlar heyvanların davranışından istifadə edərək təbii fəlakətləri qabaqcadan müəyyənləşdirməklə maraqlanan rus alimləri məlumat verirlər ki, titrəyiş və tufandan qabaq xərçənglər quruya çıxır, qarışqalar yumurtalarını yığıb kütləvi halda köçür, qırqovullar həyəcanla qaqqıldaşırlar. Daha sonra bir geofizik bildirir ki, ola bilsin, insan da təbii fəlakəti xəbər verən mexanizmə malikdir; belə ki, bir əraziyə aid tibbi hesabatlarda kardioqramları normal olan xəstələr arasında ürək ağrısından şikayətlənənlərin sayı həddindən artıq çoxaldığı göstərilir. İki aydan sonra zəlzələ bu rayonu xarabaya çevirmişdir və ürək ağrıları da yox olmuşdur (bəlkə, xəstələr ölmüşdür?). 1964-cü ildə, Alyaskada güclü zəlzələ baş verən ili, boz ayılar vaxtından iki həftə tez qış yuxusundan oyanmış və təpəliklərə yön almışlar. 1975-ci ildə Kaliforniyanın Oroville əyalətində, Sakramentodan səkkiz mil şimal-qərbdə Rixter şkalası ilə 6 bal gücündə zəlzələ baş verdi. İki gün sonra burada olmuş bir müxbir zəlzələ zamanı və hadisədən bir neçə həftə əvvəl ev heyvanlarının qeyri-normal davranışları haqqında eşitdiyi söhbətlərdən heyrətə gəlmişdi. 
1976-cı ildə İtaliyanın şimal-şərqindəki Friumidə baş vermiş zəlzələnin nəticələrini öyrənmək üçün Berlindən, Maks Plank adına İnstitutdan bir tədqiqatçı da gəlmişdi. O burada olarkən heyvanların davranışı haqqında çox qəribə hekayətlər eşitdi; məsələn, toyuqlar tara çıxmaq istəməmiş, mal-qara tövlələrdə çaxnaşmaya düşmüş, siçan və siçovullar yuvalarını tərk etmiş və pişiklər o ərazidən kənara qaçmışlar. Nəhayət, bir nəfər san-fransiskolu evdə saxlanılan öküz qurbağalarının qəribə davranışından danışaraq qeyd edir ki, iki həftə əvvəl onların hərəkətləri tamamilə dəyişmişdi… Bir bazar günü isə o, qurbağaların fəallaşdığını və həmişəkindən daha tez-tez tullandıqlarının şahidi oldu. Səhərisi eşitdikləri onu heyrətdə qoydu: günorta cavan qurbağalar ucadan quruldayır, saat əqrəbi istiqamətində dövrə vurub üzürdülər. Axşam saat 7.45- də körfəzin ərazisində Rixter şkalası ilə 4,7 bal gücündə zəlzələ oldu. Adi halda yalnız yaşlı qurbağalar quruldayır. Erkəklər nəsilartırma dövründə və hərdənbir tufanqabağı, dişilər isə onları tutanda və ya narahat edəndə səs salırlar. Bir sözlə, adətən, cavan qurbağalar quruldamır və ola bilsin ki, bu, məlum olmayan fiziki hadisənin təsiri nəticəsində baş verir. Hesabatlarda göstərilən faktlar məkan və zamanca bir-birindən nə qədər fərqlənsə də, onlarda ümumi cəhətlər vardır: heyvanlarda həssaslıq, səsçıxartma, narahatçılıq artır və daha çox hərəkətdə olurlar. Bu da çox vaxt miqrasiya etməklə nəticələnir. Çin Xalq Respublikasında yaranmış rəvayətlər təbiətcə əfsanəyə oxşasa da, onlara ciddi yanaşmağa dəyər. Çində fermerlər və kənd əhalisi arasında yayılmış xüsusi kitabçalarda heyvanlar üzərində necə müşahidə aparmaq üçün təlimatlar verilərək göstərilir ki, hər bir ailə bu işə qoşulsa, «zəlzələlərə qarşı xalq müharibəsi» qalib gələ bilər. Çinin hökumət orqanları bildirir ki, son illər 25-ə qədər zəlzələnin yeri və vaxtı qabaqcadan aşkar edilmişdir. Zəlzələni qabaqcadan xəbər vermək ev heyvanlarının qəribə davranışına əsaslanır. Odur ki, bu sahədə müşahidə aparmaq üçün nə xüsusi hazırlıq və nə də texniki cihazdan istifadə etmək lazımdır. 1975-ci il fevralın 4-də Haiçenq şəhərində baş vermiş zəlzələni qabaqcadan xəbər vermələri ilə çinlilər xüsusilə fəxr edirlər. Şəhər tamamilə dağılmışdı; zəlzələnin episentrinin ətrafında milyon nəfərə yaxın adam yaşasa da, əhali qabaqcadan köçürüldüyündən, ölənlərin sayı çox az olmuşdur. Qış yuxusuna getmiş ilanların dekabrın ortalarında öz yuvalarından çıxıb, buz üzərində donub ölmələrinin aşkar edilməsi diqqəti ən çox cəlb edən xəbərdarlıqlardan biri oldu. Əsas təkanlar baş verməmiş aydan qabaq «yüzlərlə, minlərlə» adam heyvanların qəribə davranışı haqqında məlumat verdiklərindən zəlzələ həyəcanı daha da artırdı; zəlzələnin episentrində məskunlaşmış bu adamların dedikləri sonra özünü doğrultdu… Kaliforniya Texnologiya İnstitutunun bir geofizik əməkdaşı qeyd edir ki, yerin deformasiyaya uğraması, su səviyyəsinin aşağı düşməsi və yerin geomaqnit sahəsinin dəyişməsi kimi fiziki hadisələr zəlzələni qabaqcadan müəyyənləşdirməyə köməklik göstərir. Haiçenq zəlzələsinin baş verəcəyi qabaqcadan aşkar edilmişdi. Lakin çinlilər 1976-cı il iyunun 28-də baş vermiş dağıdıcı zəlzələnin verəcəyi ziyanı azaltmaq üçün heç bir tədbir görə bilmədiklərindən, Tanqşan kimi böyük şəhər yerlə yeksan olmuş və təqribən 850 minə qədər adam ölmüşdür. Çində heyvanların qeyri-normal davranışı ilə zəlzələnin baş verə biləcəyi arasındakı əlaqənin üç min illik tarixi vardır. XYII əsrdə Yaponiyada belə bir rəvayət vardı: nəhəng naqqa balıqları yerin altında öz iri gövdələrini tərpətməklə zəlzələ yaradırlar… Görünür ki, bu xalq rəvayətinin müəyyən əsası varmış. Naqqabalığı, adətən, suyun dibində yaşayır; lakin zəlzələqabağı bu balıqların sudan qırağa sıçradıqlarına təsadüf etmişlər… Bu onu göstərir ki, balıqlar, təhlükəsizlik xatirinə sualtı relyefdən uzaqlaşırlar. 1930-cu illərdə Yaponiyada bir-birinin ardınca xeyli zəlzələ baş verdi; bu ərəfədə alimlər naqqabalığının zəlzələni qabaqcadan xəbərvermə hissiyyatını sınaqdan keçirmək imkanı tapdılar. Asamuşi Dəniz Bioloji Stansiyasında işləyən iki tədqiqatçı alim mexaniki təsir və ardıcıllıqla baş verən zəlzələ ilə naqqabalığının hissiyyatı arasında bir əlaqə olduğunu aşkar etmişlər. Naqqabalıqlarını yerli körfəzdən götürülmüş su ilə dolu akvariumlara salmışlar. 
Tədqiqatçılar akvariumları taxta stulların üstünə qoymuş və gündə üç dəfə taqqıldatmışlar. Onların apardıqları tədqiqatlar göstərmiş ki, naqqabalıqları taqqıltıya reaksiya vermirlərsə, deməli, yer tərpənməsi baş verməyəcəkdir. Əgər naqqabalıqları zəlzələnin baş verəcəyini hiss edib sudan havaya tullanırlarsa, deməli, altı-səkkiz saatdan sonra zəif zəlzələ olacaqdır. Tədqiqatçılar müəyyən etmişlər ki, naqqa balığının zəlzələ olacağına verdiyi reaksiya 80 faiz özünü doğruldur. Naqqa balıqları ən zəif titrəyişə belə həssasdırlar… Yaponların apardıqları sonrakı eksperimentlərdə naqqabalığının elektrik sahələrində həssaslığı yoxlanmışdır. Akvariumlara elektrodlar salınmış və balığın ətrafında elektrik sahələri yaradılaraq ona təsir göstərilmişdir. Naqqabalığının mikroamper qədər ani elektrik dəyişmələrinə belə həssas olduqları aşkar edilmişdir. Beləliklə, yerin elektrik sahəsində əmələ gəlmiş dəyişiklik zəlzələ hadisəsinin göstəricisi kimi çıxış edə bilər. 1930-cu illərdə başqa bir yapon alimi Tokionun cənub-şərqində, İzu əyalətində balıq ovu ilə seysmik fəallıq arasındakı əlaqəni tədqiq etmişdir. 6 illik məlumatı diqqətlə nəzərdən keçirdikdən sonra o, belə qənaətə gəlmişdir ki, karankas balığının bol ovu ilə seysmik fəallıq arasında sıx əlaqə vardır. Onun zənnincə, seysmik təkanlar balıq ovlanan sahələrə daha çox balıq gəlməsinə və miqrasiya edən plankton növünün dəyişməsinə səbəb ola və ya da dəniz yatağının deformasiyası nəticəsində dəniz suyunun kimyəvi tərkibinə təsir göstərə bilər. 1933-cü ildə böyük Sanriku zəlzələsindən bir gün əvvəl bir yapon ixtioloqu dənizin yuxarı qatlarında məskunlaşmış stavrida balıqlarının mədəsində dərinliklərdə yaşayan diatomlara rast gələndə çox təəccüb etdi. Zəlzələdən üç gün sonra sardina balıqları öz mədələrini yenə də yuxarı qatlarda yaşayan planktonlarla doldurmuşdular. Bundan başqa, zəlzələlərdən bir neçə saat sonra dərinliklərdə yaşayan nadir balıqların tutulması belə bir inam yaradır ki, dəniz yatağında baş verən seysmik qasırğalar dərinlik sakinlərinin yuxarı qatlara miqrasiya etməsinə səbəb olur… Çin alimləri göyərçinlərin zəlzələni qabaqcadan xəbər verə bilmə imkanlarını Pekində sınaqdan keçirmişlər. Onlar göstərirlər ki, göyərçinin ayaqlarındakı xırda ellipsoid hissəciklər bir mikrondan da kiçik amplitudalı titrəyişlərə həssasdırlar. Bu xırda hissəciklər bir-birinə əsəb telləri ilə bağlıdır. Zəlzələ xəbərvericilərini bu hissəciklərin aşkar edə bilməsini eksperiment yolu ilə müəyyənləşdirmişlər; belə ki göyrəçinlərin bəzilərində hissəcikləri birləşdirən əsəb telləri kəsilmiş, bəzilərində isə onlar toxunulmamış qalmışdı. Əl vurulmamış quşlar 4 bal gücündə olacaq zəlzələdən qabaq dəli kimi uçmuş, əsəb telləri kəsilmiş quşlar isə zəlzələdən xəbər tutmadığından sakit qalmışlar… 
Heyvanların öz həyatları boyunca güclü seysmik təsirlərə məruz qala bilməsi ehtimalı həqiqətdən uzaqdır; odur ki, onlarda zəlzələ siqnallarını aşkar etmək üçün xüsusi sistemlərin inkişaf etdiyini demək çətindir. Güman ki, zəlzələ hadisəsinin xəbərvericilərini heyvanlar ətraf mühitdə baş verən gündəlik dəyişikliklər haqqında məlumat yığan hissiyyat detektorlarının vasitəsilə aşkar edirlər. Tutaq ki, xüsusi zəlzələ detektorları mövcud deyildir və aşkaretmə hiss orqanlarının vasitəsilə həyata keçirilir; onda qarşıya belə bir sual çıxır: heyvanların reaksiya verdiyi əsas oyadıcı fiziki hadisə nədir? Bunu da yadda saxlamaq lazımdır ki, ayrı-ayrı zəlzələlərin doğurduğu fiziki hadisələrin komponentləri heç də həmişə eyni olmur. Zəlzələlər həm də fərdi xüsusiyyətlərə malikdir; bu fərdi xüsusiyyətlər özünü səs dalğalarında, havanın təzyiqində, yerin deformasiyaya uğramasında, elektrik keçiriciliyində, elektromaqnit sahələrində, elektrostatik boşalmalarda, qaz yayılmalarında, qrunt suyunun səviyyəsində və temperaturda göstərir. Onlar boşalma müddətinə, tezlik, davamlılıq və gücünə görə də fərqlənirlər. Baş verən fiziki dəyişikliklər çox vaxt elə kiçikölçülü olur ki, bunu yalnız heyvanlar hiss edə bilirlər. Belə dəyişiklikləri aşkar etmək üçün heyvan qarmaqarışıq «səs» fonunda zəlzələ siqnalını, güman ki, süzgəc sistemindən keçirməlidir. Bundan başqa, heyvanların zəlzələyə reaksiya verməsi ilin fəslinə, günün vaxtına, yaşa və təcrübəyə görə də fərqlənir. Heyvanların aşkaretmə qabiliyyəti və zəlzələqabağı baş vermiş fiziki hadisələr haqqında mükəmməl biliyimiz olmadığından, heyvanların nəyi hiss etdiklərini biz yalnız zənn edə bilərik… Yerin geomaqnit sahəsi qamma adlanan vahidlərlə ölçülür. Bir qamma ümumi orta yer sahəsinin 50 mində birinə bərabərdir. Yer səthinin geomaqnit sahəsi müxtəlifdir. Heyvanların zəlzələyə qarşı həssaslığını müəyyənləşdirərkən yadda saxlamaq lazımdır ki, adi gündəlik yemlənmə zamanı onların məruz qaldıqları maqnit sahələrinin fərqi bir neçə yüz qammaya qədər olur. Güman ki, gündüz yerin maqnit sahəsi və günəş küləyində yüklənmiş hissəciklər arasındakı qarşılıqlı təsirin nəticəsindən yaranmış otuz-əlli qamma xeyli çoxdur. Belə ki zəlzələlərdən qabaq yerin maqnit sahəsində qeydə alınan bir-on qamma dəyişmələr normal sayılır. Bu normal dəyişmələrin amplitudası kiçik olsa da, biz onun tezliyini bilmirik. Maqnit sahəsində baş verən dəyişiklikləri heyvanların aşkaretmə bacarığına aid aparılmış tədqiqat işlərinə nəzər salaq. Onu da xatırladaq ki, bu cür aşkaretmənin hansı hiss orqanı ilə yerinə yetirildiyi hələ də bizə qaranlıq qalır. Tədqiqat cihazlarının köməyi ilə maqnit sahələrini dəyişdirmək mümkündür. Nəzarət altında olan heyvanların müxtəlif istiqamətə yönəlməsi, dönməsi və hərəkət etməsi ilə davranışlarında yaranmış dəyişikliklər onların maqnit sahəsindəki dəyişikliklərdən xəbərləri olduğunu göstərir; aparılmış təcrübələr bu və ya digər dərəcədə qabaqcadan xəbər verməyin mümkünlüyü qənaətini yaradır. 1960-cı illərin əvvəllərində Nortuestern Universitetində işləyən bir bioloq müdaxilə yolu ilə dəyişdirilmiş maqnit sahələrinə palçıq ilbizləri, planariya qurdları, protozonlar və meyvə milçəklərinin reaksiya verdiyini qeydə almışdır… 1970-ci illərin əvvəlində Nobel mükafatı laureatı Karl van Frişlə birlikdə tədqiqat aparmış alman alimlərinin işində bal arılarının maqnit sahələrinə həssaslığı öz əksini tapmışdır. Van Friş hələ 1920-ci ildə müəyyənləşdirmişdir ki, bal arıları qida olan yerin məsafə və istiqamətini düşərgə üzvlərinə rəqslərlə xəbər verir. Pətək daxilində günəş bucağına müvafiq olaraq rəqsin istiqaməti ailə üzvlərinə şirə ilə dolu çiçəklərin istiqamətini göstərir; rəqs zamanı qanadçalmanın müddəti məsafəni bildirir. Bu məlumatdan model kimi istifadə edən iki alman tədqiqatçısı «səhv»in nə demək olduğunu müəyyənləşdirə bilmişdir. Rəqsin istiqaməti həmişə bir az yayınsa da, arılar qidanı səhvsiz tapırlar. Aydındır ki, burada günəşin vəziyyəti ilə yanaşı, başqa faktor da iştirak edir. Tədqiqatçılar gündüz yerin maqnit sahəsinin variasiyalarını izləmiş və aşkar etmişlər ki, arıların rəqslərindəki səhvlər maqnit sahələrində baş verən dəyişmələrə uyğun gəlir. Arılar çox kiçik maqnit dəyişmələrini hiss edirlər… Buna baxmayaraq, arıların maqnit detektorları bizə qaranlıqdır. Poçt göyərçinləri maqnit sahəsində baş verən dəyişmələri duyur və dumanlı günlərdə bu məlumatdan orientasiya məqsədi ilə istifadə edirlər. Kornel Universitetində tədqiqat aparan qrup müəyyən etmişdir ki, günəşin vəziyyəti əsas istiqamət göstəricisi kimi çıxış etsə də, göyərçinlər buludlu günlərdə də uğurla uça bilirlər. Göyərçinlərin arxasına bağlanılmış kiçik maqnit parçaları günəşli günlərdə onların uçuşuna təsir göstərmir, lakin buludlu günlərdə istiqamət seçərkən yuvadan xeyli aralanmış quşları çaşdırır və maneçilik törədir. Nyu-York Dövlət Universitetində tədqiqatçılar göyərçinlərə elektrik halqaları qoşaraq yeni istiqamətdə axtarışlar aparmışlar. Quşların bəzilərinin halqalarında cərəyanı saat əqrəbinin əksinə, bəzilərində isə saat əqrəbi istiqamətində yönəltmişlər; bu zaman quşlar birbirlərinin əksinə uçmuşlar. Buradan aydın olur ki, Günəş görünməyəndə maqnit sahəsindən istiqamət göstəricisi kimi istifadə etmək mümkündür. Korneldə aparılmış başqa bir tədqiqatda müəyyən edilmişdir ki, maqnit sahəsində yayınma baş verən kimi tənək quşları öz orientasiyasını dəyişir. Bir Avropa alimi göstərir ki, birəbitdən quşları da maqnit sahəsinə həssasdırlar. Quşlar miqrasiya zamanı istiqaməti fəslə görə olduğu kimi, maqnit sahəsinə görə də seçirlər. Son çöl tədqiqatları, birbaşa olmasa da, laboratoriya tədqiqatlarının nəticələrini bir daha təsdiq edir. Aparılmış axtarışlardan birində gecə miqrasiya edən sərçə dəstəsindən olan quşlar izlənilmiş və onların səmti itirmələri maqnit sahəsindəki pozulma ilə əlaqələndirilmişdir. Tədqiqatçılar ehtiyatla bildirirlər ki, maqnit sahəsində pozulma quşlara, ola bilsin, birbaşa deyil, yerin maqnit fəaliyyətinə görə dəyişən hava nümunələrinin vasitəsilə təsir göstərir. Başqa bir çöl tədqiqatına əsasən müəyyən edilmişdir ki, insanın yaratdığı elektromaqnit sahəsindəki dəyişikliklər gecə miqrasiya edən quşları geri qayıtmağa və yüksəkliyi dəyişməyə vadar edir. Deməli, quşlar elektromaqnit sahəsindəki dəyişikliyi tez aşkar edirlər… Antena sistemini dövrədən açmaq, dövrəyə qoşmaq və cərəyanı dəyişməklə alimlər uçuş yollarını radarla izləmiş və qeydə almışlar. Xətti yollardan ən çox yayınma antena dövrəyə qoşularkən və ya da cərəyan dəyişərkən baş vermişdir… Tədqiqatçılar əmindirlər ki, quşlar bir neçə saniyənin içində alçaqtezlikli elektromaqnit variasiyalarını aşkar edə və yerli elektromaqnit sahəsinin köməyi ilə səmti dəyişə bilirlər. Beləlilklə, toplanılmış dəlillər göstərir ki, quşlar maqnit sahələrindəki kiçik dəyişmələri hiss etməyə qabildirlər. Kornel Universitetində poçt göyərçinləri üzərində təcrübə aparmış biheverist Uilyam T. Keton əmindir ki, eksperiment araşdırmalar quş və arıların yer sahəsinin amplitudundan zəifölçülü dəyişiklikləri aşkar etməyə qabil olduqlarını üzə çıxarda bilər. Daha sonra Keton göstərir ki, poçt göyrəçinləri havanın təzyiqində baş verən kiçik dəyişikliyi duyur və həm də tamamilə alçaqtezlikli səsləri – zəlzələləri müşayiət edən fiziki hadisələri aşkar edə bilirlər.
Quş və arıların öyrənilməsi onların zəlzələlərə olan həssaslığını üzə çıxarmağa yönəldilməsə də, gələcəkdə bu istiqamətdə axtarışlar aparılmasının bəhrə verəcəyinə ümid bəsləmək olar. Balıqların hissi qavrayışına aid aparılmış son tədqiqatlar da zəlzələni qabaqcadan hiss etməyin öyrənilməsinə yönəldilməmişdir. Buna baxmayaraq, quş və arılar kimi, balıqlar da zəlzələ xəbərvericilərinə cavab verə biləcək hissi qabiliyyətə malik olduqları aşkar edilmişdir. Balıqlar yan xətt sistemi adlanan xüsusi sensor orqana malikdirlər; o, balığın bədəninin yanları ilə aşağı uzanan kanallardan ibarətdir. Sensorlar ətraf suların hərəkətində baş verən dəyişiklikliyi və alçaqtezlikli titrəyişləri aşkara çıxarır. Balıqların bəzilərinin sensorlarında başqa bir funksiya, elektroqavrayış da inkişaf etmişdir. Bu maraqlı atribut elektrik gərginliyində baş verən çox zəif dəyişikliyi üzə çıxarır. Balıqlar öz bədənlərinin ətrafında sabit bioelektrik sahələr əmələ gətirir. Bəzi dəniz heyvanları bu sahələrə həddindən artıq həssasdırlar. Məsələn, köpək və skat balıqlarının Lorenzin ampulu adlanan kiçik kisəyəbənzər reseptorları vardır. Şikar axtararkən onlar bu reseptorlardan istifadə edirlər. Böyük dəqiqliklə aparılmış bir sıra təcrübələr göstərir ki, görmə, kimyəvi və mexaniki siqnallar olmadan da köpək və skat balıqları qumun altında gizlənmiş kambala balığını bioelektrik sahəyə əsasən aşkar edə bilir… Heyvanların çoxunun zəlzələləri müşayiət edən müxtəlif xəbərverici fiziki hadisələrə həddindən artıq həssas olmaları bir faktdır; lakin zəlzələlərin proqnozunu vermək üçün bundan necə istifadə etmək məsələsi həll olunmamış qalır. Reaksiya əmələ gətirən oyadıcını öyrənmək mümkündürmü? Bunu qəbul edən həssas cihazlar icad edə bilərikmi? Xəbərverici hadisələr əsas təkanlardan kifayət qədərmi qabaq baş verir? Bu cür cihazlarla belə, uzunmüddətli proqnoz vermək və bunun əsasında çoxlu miqdarda əhalini köçürmək mümkündürmü? Bu suallara yalnız gələcək axtarışlar cavab verəcəkdir.

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti

Evelin Şaf  «Nəcrl histori» jurnalı, № 9, 1977 (ABŞ)
İngilis dilindən çevirəni: Zahid Əhmədov
Açar sözlər

Yorum Gönder

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget