Azərbaycanın ən böyük Coğrafiya jurnalı

Abdal çayının şəlalələri


2017-ci ilin oktyabr ayında AMEA akad. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun əməkdaşları – c.e.d. H.Xəlilov, g.m.f.e.d. R.Fətəliyev və tarixçi-araşdırmaçı, həvəskar coğrafiyaçı C.Qasımov tərəfindən Zəyəm çayının sağ qolu Abdal çayı üzərində aşkar edilməsi iddia olunan şəlalələr kaskadı və ətrafının öyrənilməsi məqsədilə ilkin çöl-tədqiqat işləri aparılmışdır.
Abdal şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Sığnaq dağının (Sıcıx d.-1472 m) şərq yamacında, onun zirvəsindən təqribən 1 km məsafədə eyniadlı çayın dərəsində yerləşir. Çay dərəsinin meyilliyi çox yüksək, yamacları dik və sıx meşəlikdir. Çayın kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar dərəboyu piyada hərəkəti çətinləşdirir və bəzən mümkünsüz edir. Bu səbəbdən dərə insan ayağı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ və sol suayırıcılarının yastı yalları boyu yerləşən kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.) sakinlərinin böyük əksəriyyəti bu şəlalələrin mövcudluğundan tam xəbərsizdir. İlk dəfə olaraq, C.Qasımov bu dərənin və şəlalələrin özəlliklərini foto-video materiallarla internet saytlarında ictimaiyyətə açıqlamış və videosüjeti bu yaxınlarda Coğrafiya İnstitutuna da təqdim etmişdir. Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdal çayı Tovuz rayonunun dağlıq hissəsində, Zəyəm çayının orta axınında yerləşən kiçik bir dağ çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürərək, əvvəlcə şimal, sonra isə Sığnaq dağını keçərək şimal-qərb istiqamətində axıb, Zəyəm çayına tökülür. Çayın uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyillilik dərəcəsinin xeyli yüksək (90-100‰) olmasını şərtləndirir. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələgəlməsi üçün əlverişli şərait yaradır. Çöl tədqiqatı zamanı Abdal çayı üzərndə şəlalələr kaskadının mövcudluğu təsdiqləndi, onların koordinantları və iki ən xarakterik şəlalənin ilkin parametrləri müəyyənləşdirildi, çay dərəsinin və ətraf ərazinin relyef xüsusiyyətləri, şəlalələrin əmələgəlmə səbəbləri və onların turizm əhəmiyyəti araşdırıldı, yuxarıdan dron vasitəsilə foto-video çəkilişlər aparıldı Abdal çayı hövzəsinin ərazisi geomorfoloji baxımdan Kiçik Qafqazın şimal-şərq yamacının orta və alçaqdağlıq qurşağın təmasında, Şəmkir antiklinor quruluşlu qırışıqlı-qaymalı tektonik-maqmatik mənşəli günbəzvarı massivlə təmsil olunmuş eyniadlı morfostrukturun şimal-qərb hissəsində yerləşir. Səthi sıx erozion-denudasion dərələr ilə kəskin parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir. Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb litoloji-petroloji tərkibli və tektonik dislokasiyaya məruz qalmış vulkanik və qismən də vulkanik-çökmə süxur kompleksləri üzrə formalaşmışdır.
Belə ki, şəlalələr burada, əsasən, Mezozoy erasının Yura dövrünün Erkən Bayos əsrinin vulkanoklastları və lavalarından, Son Bayos əsrinin kvars-plagioporfirləri və onların tuflarından, tuf-brekçiya və tufkonqlomeratlarından təşkil olunmuş, aşınma və denudasiya proseslərinə müxtəlif dərəcədə məruz qalan süxur qat və laylarını uzunluğayaxın (meridional) istiqamətdə kəsib-keçən tektonik çat (qırılma) boyu həmin süxurları kəsmiş çay dərəsində əmələ gəlmişdir. Burada şəlalələr ərazini təşkil edən süxurların laylı olması ilə yanaşı, Şəmkir günbəzvarı massivini, o cümlədən də Abdal çayı dərəsini ümumqafqaz (enliyəyaxın) istiqamətdə kəsib-keçən tektonik çatlar boyu həmin süxur qatları bloklarının pilləvarı gömülməsi nəticəsində formalaşmışdır. Abdal şəlalələri kaskadı müxtəlif hündürlüklü 8 şəlalədən ibarətdir, lakin onlardan yalnız ikisi daha hündür və estetik baxımdan daha cəlbedicidir. Çayaxarı istiqamətdə yuxarıdan birinci şəlalənin hündürlüyü təxminən 20, sonuncununku isə 15 metrdir. Bu şəlalələr 1:100000 miqyaslı topoqrafik xəritədə qeyd olunmayıb, lakin 1:25000 miqyaslı xəritədə birinci şəlalə əks olunsa da, hündürlüyü cəmi 3 m qeyd edilib ki, bu da onun ancaq başlanğıc hissəsinə aiddir. Şəlalələr adsızdır, lakin onları ictimaiyyətə ilk dəfə açıqlayan C.Qasımov birinci şəlaləni “Cəlaləddin”, sonuncunu isə “Soltan” adlandırmışdır. Bununla yanaşı, coğrafi obyektlərə adların verilməsi 2007-ci ildə qəbul edilmiş “Coğrafi obyektlərin adları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyindən oradakı prosedur qaydalarının nəzərə alınması məqsədəuyğun hesab edilir.

Şəlalələrin ətraflarında çoxlu sayda müxtəlif təbiət və tarixi-memarlıq abidələrinin mövcudluğu və eləcə də ərazinin təbii şəraitrinin xeyli əlverişli olması və zənginliyi burada rekreasiya-turizm sənayesinin inkişafına mühüm zəmin yaradır. Bunları nəzərə alaraq, həmin şəlalələrin təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınması və gələcəkdə bu yerlərə eko- və geoturizm üzrə marşrutların salınması məqsədəuyğun olardı. Bu əsrarəngiz şəlalələrin geniş ictimaiyyət üçün açıqlanması yalnız Tovuz rayonunun deyil, eləcə də Azərbaycan coğrafiyasının və turizm potensialının inkişafına dəyərli bir töhfədir. 

AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti
Hüseyn Xəlilov coğrafiya elmləri doktoru, 
Rəşid Fətəliyev geologiya-mineralogiya elmləri namizədi, 
Cəlaləddin Qasımov tarixçi-araşdırmaçı.

1 disqus-blogger

Yorum Gönder

saytlarin hazirlanmasi
"Today, web design is used as a very effective means of communication for companies to easily connect with existing customers, learn about the company, products and services, reach new customers and increase market share."

Səyyahlar

[səyyahlar][hot]
[blogger]

İletişim Formu

Ad

E-posta *

Mesaj *

Blogger tarafından desteklenmektedir.
Javascript DisablePlease Enable Javascript To See All Widget