Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. Görkəmli Azərbaycan alimi bütün ömrünü Qafqazın geologiyasını və faydalı qazıntılarını öyrənməyə həsr etmişdir.1934-cü ildə M.Ə. Qaşqay İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair namizədlik dissertasiyası,1942-ci ildə isə «Azərbaycanın əsasi və ultraəsəsi süxurları» mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.İstedadlı alimin elmi fəaliyyəti çoxcəhətli olub, mineralogiya və geologiya, tektonika və maqmatizm, petrologiya və metallogeniya, mineral suları və termal sular, stratiqrafiya və litologiya, tikinti materialları və s. elm sahələrini əhatə etmişdir.O, Kiçik Qafqazda və Sibirdə bir sıra metal və qeyri-metal faydalı qazıntı yataqlarını və Kəlbəcərdə perlit yatağını açmışdır. Akademik M.Ə.Qaşqay filizəmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll etmişdir. O nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi.
M.Ə.Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun, 1945-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının təsisçilərindən biri və Akademiyanın ilk akademik katibi olmuşdur. Onun təşəbbüsü və köməyi ilə Bakı Dövlət Universitetində geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılmışdır.
Uzun illər ərzində akademik M.Ə.Qaşqay Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və minerologiya şöbəsinə rəhbərlik etmiş və böyük bir məktəb yaratmışdır. M.Ə.Qaşqayın elmi irsi çox zəngindir. Onun rəhbərliyi altında 35 namizədlik, 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. O, 600-dən artıq elmi əsərin və 35 monoqrafiyanın müəllifidir.
Akademik M.Ə.Qaşqayın «Azərbaycan əsasi və ultrasəsi süxurları», «Azərbaycan mineral suları», «Perlitlər və obsidianlar və onların fiziki-kimyəvi xüsusiyyətləri», «Daşkəsənin petrologiyası və metallogeniyası», «Alunitlər, onların genezisi və istifadəsi», «Listvenitlər, onların genezisi və təsnifatı» kimi fundamental əsərlərini dünya elminə qiymətli töhfədir.
M.Ə.Qaşqay 23 aprel 1977-ci ildə Bakıda vəfat etmişdir.
Yorum Gönder