V.V.Dokuçayev |
1. Torpaqların xassələri və münbitliyi haqqında pərakəndə biliklərin yaranması, əkinçiliyin təşəkkül tapması mərhələsi. Torpaq haqqında emprik biliklərin toplanması neolit və bürünc dövründə (b.e. 10-11 min il əvvəl), insanların yabanı bitkilər toplaması məşğuliyyətindən onların tarlada yetişdirilməsinə, torpağın
becərilməsinə keçdiyi zamanlar başlanmışdır. Lakin münbitlik haqqında ilk təsəvvürlər çox zaman əfsanə, əsatir və dastanlarda öz əksini tapırdı.
Bu zaman torpaq müqəddəsləşdirilir, münbitlik və onu formalaşdıran amillər
(yağış, külək, Günəş və s.) ilahiləşdirilərək, fövqəl qüvvələr kimi təqdim edilirdi.
2. Torpaq və ondan istifadə haqqında ilkin biliklərin toplanması, ilk torpaq kadastrlarının hazırlanması mərhələsi. Əkinçilər tərəfindən torpaq və onun becərilməsi haqqında toplanmış biliklərin ilk ümumiləşdirilməsi cəhdi quldarlıq quruluşunun və əkinçilik mədəniyyətinin formalaşmağa başladığı dövrə
(e.ə.2500-800-ci illər) aid edilir. Bu dövrdə Nil, Dəclə-Fərat, Hind, Xuanxe-Yansızı (Çin) çaylarının sahillərində iri suvarma əkinçiliyi mədəniyyəti mərkəzləri yaranır. İstehsal vasitələri, xüsusən də torpaq üzərində iri mülkiyyət formalarının yaranması, həmçinin dövlət və dövlət vergi sisteminin formalaşması ilə əlaqədar
mükəmməl uçot sisteminə tələbat yaranır. Quldarlıq istehsal üsulunda torpaq əsas istehsal vasitəsi kimi çıxış etdiyindən o uçotun obyekti kimi ön plana çəkilirdi. Bu zaman xüsusi torpaq- uçot tədbirlərinin aparılması ilk dəfə torpaq kadastrının yaranmasına səbəb olur.
3. Torpaq haqqında biliklərin ilk sistemləşdirilməsi mərhələsi. Bu mərhələ qədim Yunan – Roma mədəniyyətlərini (e.ə VIII əsr – b.e. III əsri) əhatə edir. İlk dəfə yunan alimləri torpağın profil quruluşuna malik
olmasını (Empedokl), torpaq-bitki-iqlim amilləri arasında əlaqənin mövcudluğunu və torpağın bitki üçün su və qida mənbəyi olması fikirlərini söyləmişlər (Gesidon). Torpaq münbitliyinin müqayisəli qiymətləndirilməsinin
zəruriliyi ideyası isə Ksenofet (e.ə.430-350-ci illər) və Feofrasta (e.ə.IV-III əsrlər) məxsus olmuşdur. . Feofrast həmçinin “bitki-torpaq” münasibətlərini, müasir dillə desək aqroekosistemləri öyrənmiş ilk tədqiqatçı olmuşdur.
Onun nəzərincə, torpaq bitki üçün qida və su mənbəyi idi. Ona görə də hesab olunurdu ki, bitkinin inkişafı və məhsuldarlığı torpağın tərkibindən asılıdır.
Münbitlik haqqında biliklərin inkişafında Qədim Roma mərhələsi bizim eradan əvvəl 160-cı ildə Katon əlyazmalarının üzə çıxması ilə başlayır. Bu dövr 600 il davam etmiş və münbitlik haqqında elmi fikirlərin formalaşmasında xüsusi rol oynamışdır. Qədim Romanın ən görkəmli alimləri Mark Katon, Mark Varron,
Vergiliy, Qay Pliniy, Lusiy Kolumella, Palladiya idi. Mark Katonun (e.ə.234-149-cu illər) bütün tədqiqatlarında torpaq və onun münbitliyi diqqət mərkəzində dururdu. Mark Katon torpağın münbitliyinin artırılmasını iki əsas aqrotexniki əməliyyatda görürdü; birincisi, torpağın yaxşı şumlanmasında, ikincisi, sahəyə üzvi gübrələrin verilməsində və sideratlardan istifadədə. Yaşıl gübrə kimi o paxla, acı paxla və çöl noxudundan istifadəni məsləhət görürdü. Mark Katon torpağın münbitlik göstəricilərini yaxşılaşdırmaqdan ötrü aqrotexniki tədbirlərin bütöv bir sistemini yarada bilmişdi. O, torpağın fiziki xassələrindən – kipliyindən, qranulometrik tərkibindən və s. asılı olaraq yeri hansı dərinlikdə və necə şumlamağın, hansı kotandan harada və necə istifadə etməyin yollarını göstərmiş, peyinin toplanmasına, yandırılmasına və sahəyə verilməsinə, kompostun hazırlanması
texnologiyasına dair təkliflər irəli sürmüşdür.
4. Torpaqların tədqiq olunması və torpaq-kadastr işləri mərhələsi. Bu mərhələ (VI–XVII əsrlər) Almaniya, Fransa, İngiltərə, Çin və başqa ölkələrdə feodal münasibətlərinin yaranması ilə əlaqədar torpaqqiymətləndirmə işlərinin aparılması, Rusiyada (XV-XVII əsrlər) kadastr xarakterli Yazı Kitablarının ortaya çıxması ilə səciyyəvidir. Orta əsrlər Avropasının torpaq kadastrına Frank kralı Böyük Karlın (742-814) torpaq siyahıyaalmasını və İstilaçı Vilhelmin (1066-1087) “Məşhər Kitabını” göstərmək olar. Eyni ilə II Valdemarenin (1231), II Fridrixin (1194-1256) və I Eduardın (1239-1307) torpaq siyahıyaalmasını quruluşuna və məzmununa görə torpaq kadastrına aid etmək mümkündür. İntibah dövründən başlayaraq Qədim Roma alimlərinin torpaq haqqında topladığı elmi biliklər bərpa olunur və əkinçiliyə dair tövsiyələr irəli sürülür (Böyük Albert və Peter Kressensiyanın traktatları), torpaqla (İbn-Sina), maddələrin bioloji dövranı (Leonardo da Vinçi), bitkilərin su vəduzla qidalanması (F.Bekon, B.Palissi) ilə bağlı yeni fikirlər irəli sürülür.
5. Torpağa müasir baxışların yaranması, torpaq və onun münbitliyinin hərtərəfli eksperimental öyrənilməsi mərhələsi. Torpaq haqqında təsəvvürlərin yaranmasında A.Kyulbelin (Almaniya, 1740) əsərlərinin,ilk dəfə “humus” anlayışını işlətmiş N.Valriusun (İsveç, 1761) bitkinin su və maddələrlə qidalanması
nəzəriyyəsinin, Tyurqonun (Fransa, 1766) “torpağın azalan münbitlik qanunu” ilə bağlı müddəalarının böyük rolu olmuşdur. Rusiyada torpaq, onun münbitliyi və ondan istifadə haqqında yeni ideyalar M.V.Lomonosov(1763), A.T.Bolotov (1766), P.S.Pallas (1773), İ.M.Komov (1788) tərəfindən irəli sürülmüşdür.Rusiyada 1725-ci ildə Elmlər Akademiyası təsis edilir. Sonra rus alimləri tərəfindən torpaqların ilk
tədqiqinə başlanılır. İlk dəfə M.V.Lomonosov torpağın bitki və dağ süxurlarının qarşılıqlı təsiri altında zaman daxilində inkişaf etməsi fikrini söyləmişdir. O, yazırdı: “ Çılpaq daş qayalar üzərinə yaşıl mamır yapışır ki, o bir müddət sonra qaralır və torpağa çevrilir, torpaq zaman ərzində toplanaraq daha iri mamırın və başqa bitkilərin yetişməsinə xidmət edir”.Ölkənin təbii şəraitini tədqiq etmək məqsədilə Elmlər Akademiyası ekspedisiyalar təşkil edir və Rusiyanın
geniş ərazilərinin torpaq sərvətləri və kənd təsərrüfatı haqqında ilk məlumatlar əldə edilirdi. Ölkənin kənd təsərrüfatını öyrənməyi qarşısına məqsəd qoymuş Azad İqtisadi Cəmiyyətin (1765) təşkili ilə torpaqların tədqiqi
daha da genişlənir.
6. Aqrogeologiya, aqrokulturkimya və torpaq xəritəçiliyinin təşəkkül tapması və inkişafı mərhələsi. Qərbi Avropada XVIII əsrin sonu və XIX əsrin əvvəllərində torpaq haqqında iki – aqrogeoloji və aqrokulturkimyəvi təsəvvür yarandı.
Aqrogeoloji istiqamətin tərəfdarları (Fallu, Berendt, Rixtqofen və başqaları) torpağa aşınma nəticəsində bərk dağ süxurundan törəmiş yumşaq dağ süxuru kimi baxırdılar. Burada bitkiyə aşınma zamanı ayrılmış qida
elementlərini mənimsəyən passiv rol ayırmışdılar.
Aqrikulturkimyəvi istiqamət A.Teyer, Y.Libix və başqalarının tədqiqatları ilə bağlıdır. Bu istiqamətin nümayəndələri torpağa qida elementlərinin mənbəyi kimi baxırdılar. Teyer tərəfindən bitkinin torpağın üzvi
maddəsi humusla (humus nəzəriyyəsi) qidalanması nəzəriyyəsi irəli sürülmüşdür. Torpağın elə ilk tərifi də Teyerə məxsus olmuşdur: “Yer səthinin yumşaq qatına torpaq deyilir. Onun əsas tərkibini silisium, humus, gil, əhəng, maqnezium, dəmir və başqa maddələr təşkil edir”.Libix 1840-cı ildə “Kimyanın əkinçilik və bikti fiziologiyasına tətbiqi” adlı əsərində bitkinin torpaqdan mineral qida maddələrini mənimsəməsi fikrini söyləyir. Libix torpağa yaranma və inkişaf prosesinə bağlı olmayan təbii varlıq deyil, kütlə kimi baxırdı.
Aqrogeoloji və aqrokulturkimyəvi istiqamətlər torpaqşünaslığın bir elm kimi inkişafına əsas vermədilər, çünki onlar torpağın xüsusi təbii-tarixi varlıq kimi yaranması haqqında elmi təsəvvürün formalaşmasına təsir etmədilər.Rusiyada təhkimçilik hüququnun ləğvindən sonra (1861-ci il) kənd təsərrüfatı getdikcə daha çox əmtəə xarakteri almağa başlayır. İslahatlar kənd təsərrüfatında elmi və texniki nailiyyətlərin tətbiqinə güclü təkan verir. XIX əsrin sonlarında Rusiyanın kənd təsərrüfatı elmi tədqiqatlar qarşısında yüksək tələblər qoymağa başlayır və bu da kənd təsərrüfatı elminin, xüsusən də torpaqşünaslığın inkişafına şərait yaradır.XIX əsrin ikinci yarısında Rusiyanın Avropa hissəsinin quberniyalarında vergilərin müəyyənləşdirlməsi və taxıl ticarətinin genişləndirilməsi məqsədilə aqronomlar və iqtisadçılar tərəfindən həyata keçirilən torpaqların qiymətləndirilməsi ilə bağlı işlər geniş vüsət alır. Tədqiqatlar sorğu-statistik metod əsasında həyata keçirilirdi.Torpaq zonalarının sərhədləri göstərilməklə Rusiyanın Avropa hissəsinin xülasə şəklində ilk torpaq xəritəsi (Veselovskiy, Vilson, Çaslavskiy) tərtib edilir.
7. Genetik torpaqşünaslığın yaranması mərhələsi. Torpaqşünaslıq bir elm kimi Rusiyada yaranmışdır. Bu ölkədə onun elmi əsaslarının və tədqiqinin əsas metodları işlənmişdir. Rusiyanın zəngin və rəngarəng torpaq örtüyü olan geniş əraziləri və yaxşı inkişaf etmiş əkinçiliyi torpağın hərtərəfli tədqiqinə marağın yaranmasını təmin edirdi. Torpaq örtüyünün öyrənilməsində yeni bir mərhələ olan elmi torpaqşünaslığın inkişafında bütövlükdə təbiətşünaslıq sahəsində, xüsusən də geologiya, kimya, bitki fiziologiyası və mikrobiologiyada əldə edilmiş nailiyyətlərin böyük əhəmiyyəti olmuşdur.V.V.Dokuçayev (1846-1903) torpaq haqqında yeni elmi təlimin – təbii-tarixi və ya genetik torpaqşünaslığın banisi olmuşdur. Azad İqtisadi Cəmiyyətin göstərişi ilə Rusiyanın Avropa hissəsinin qaratorpaqlarının tədqiqinə başlayarkən, V.V.Dokuçayev proqramda torpağın təbii torpaqəmələgətirən amillərin təsiri altında formalaşmış müstəqil təbii-tarixi varlıq kimi öyrənilməsinin yeni prinsiplərini göstərir. Proqramın təsdiq olunduğu tarix (mart, 1877) genetik torpaqşünaslığın yaranma tarixi kimi də qeyd edilə bilər. O, “Rus qaratorpağı” (1883) adlı çox mühüm əsərində bozqır bitkiləri altında formalaşmış qaratorpaqların bitki-yerüstü mənşəyini qəti şəkildə əsaslandırır. İlk dəfə qaratorpaqların morfoloji profilini təsvir edir və onların coğrafi yayılmasını torpaqəmələgəlmə şəraiti ilə əlaqələndirir.
V.V.Dokuçayev ilk dəfə müəyyən edib ki, torpaq – müstəqil təbiət cismidir və onun formalaşması beş təbii torpaqəmələgətirən amilin – iqlim, relyef, bitki və heyvanat aləminin, torpaqəmələgətirən süxurun və ölkənin yaşının mürəkkəb qarşılıqlı təsiri ilə baş verir. O, sübut etmişdir ki, torpaq zaman və məkan daxilində fasiləsiz dəyişir.
V.V.Dokuçayev tərəfindən Torpaq (Nijneqorod və Poltava quberniyalarında) və Meşə departamentlərinin təşkil etdiyi ekspedisiyalarda qaratorpaq, boz meşə və çimli-podzollu torpaqların sonrakı tədqiqi bütün ekoloji şəraitləri nəzərə almaqla torpaqların öyrənilməsinin müqayisəli-coğrafi metodunun işlənməsinə və torpaqların ilk elmi təbii-tarixi təsnifatının hazırlanmasına kömək etdi. Elə həmin işlərdə V.V.Dokuçayev torpaq münbitliyinin müqayisəli qiymətləndirilməsinin təbii-tarixi prinsipini, “Bizim bozqırlar əvvəllər və indi” (1892) əsərində isə bozqırların simasının dəyişdirilməsindən, torpaqların su rejiminin yaxşılaşdırlmasından və quraqlığa davamlı bozqır əkinçiliyinin yaradılmasından ötrü tədbirlərin hazırlanmasını nəzərdən keçirir.
V.V.Dokuçayev tərəfindən təbiətin yalnız ayrı-ayrı amil və hadisələrini deyil, onlar arasında qanunauyğun əlaqənin öyrənilməsinin zəruriliyi müddəası da irəli sürülmüşdür. O yazırdı ki, indiyə kimi “başlıca olaraq ayrıayrı
cisimlər – minerallar, dağ süxurları, bitki və heyvanlar – və hadisələr, alov (vulkanizm), su, yer, hava öyrənilmişdir, lakin onların münasibəti, qüvvələr, cisimlər və hadisələr arasında, canlı və cansız təbiət arasında, bitki, heyvanat və mineral səltənətlər arasında mövcud olan genetik bağlılıq və həmişə qanunauyğun
olan əlaqə öyrənilməmişdir. Məhz bu münasibətlər, bu qanunauyğun qarşılıqlı təsirlər təbiətin dərk edilməsinin mahiyyətini təşkil edir” (1899). Onun canlı və cansız təbiət arasında qanunauyğun əlaqənin mövcud olması
müddəası təbii zonalar haqqında təlimin yaranmasına səbəb oldu.
Təbii zonalar haqqında təlim təkcə torpaqşünaslığın deyil, bir-birinə çox yaxın elmlərin –geobotanika, fiziki coğrafiya, meşəçilik və geokimyanın sonrakı inkişafına güclü təsir göstərdi.
V.V.Dokuçayev şimal yarımkürəsi torpaqlarının təsnifat sxemini hazırlamışdı. Həmin sxemdə, hər biri müəyyən qrup torpaqların yayılması, aşınma prosesləri, qrunt, iqlim şəraiti, bitki və heyvanat aləmi, relyefin
xüsusiyyətləri ilə səciyyələnən beş coğrafi zona (boreal, tayqa, qaratorpaq, areal, laterit) ayrılmışdı.
V.V.Dokuçayev torpaqşünaslığın əsaslarını yaratmış, tədqiqat metodlarını işləmiş, torpaqəmələgəlmənin bir çox qanunauyğunluqlarını müəyyən etmiş və torpağın effektiv münbitliyinin artırılmasına xidmət edən bir sıra praktiki tədbirləri təklif kimi irəli sürmüşdür.
Torpaq haqqında təlim geologiya, geokimya, mineralogiya, geobotanika, meşəçilik, əkinçilik, bitkiçilik,
fiziki coğrafiya kimi elmlərin inkişafına böyük təsir göstərmişdir.
V.V.Dokuçayev 225 çap vərəqi həcmində çox böyük ədəbi irs qoymuşdur. Onun “Rus qaratorpaqları”
(1883), “Təbii zonalar haqqında təlimə dair” (1899), “Nijneqorod quberniyası torpaqlarının qiymətləndirilməsinə dair materiallar” (1884-1886), “Poltava quberniyası torpaqlarının qiymətləndirilməsinə dair materiallar” (1889-1894), “Bizim bozqırlar əvvəllər və indi” (1892) əsərləri daha məşhurdur.
V.V.Dokuçayevin çoxsaylı şagirdləri və ardıcılları arasında N.M.Sibirtsevin (1860-1900) işləri daha çox seçilir. O, torpaqşünaslığa dair ilk dərsliyin müəllifi olmuş, V.V.Dokuçayevin torpaq haqqında təliminin əsaslarını sistemləşdirmiş və inkişaf etdirmişdir. N.M.Sibirtsev müxtəlif iqlim və relyef şəraitlərində bitki və dağ süxurlarının qarşılıqlı təsirini ön plana çəkməklə torpağın tərifini vermiş, torpaqəmələgətirən amilləri biotik və abiotik olmaqla iki qrupa ayırmış, torpaqların təsnifatını dəqiqləşdirmış, torpaqların zonal, interzonal və azonal bölgüsünü müəyyən etmiş, “torpaq cinsi” anlayışını irəli sürmüş və V.V.Dokuçayevin quraqlıqla mübarizəyə dair işlərini davam etdirmişdir.
V.V.Dokuçayev məktəbinin inkişafı ilə eyni vaxtda rus alimi P.A.Kostıçev (1845-1895) tərəfindən də torpaqlar öyrənilirdi. O, aqronomik torpaqşünaslığın elmi əsaslarını yaratmış və torpaşünaslıqla əkinçiliyi birbirinə bağlayan bir sıra əhəmiyyətli nəzəri ümumiləşdirmələr aparmışdı. P.A.Kostıçyev torpağın əmələgəlməsi ilə bitkinin həyatı arasında sıx əlaqənin olduğunu qeyd edir və torpağı “ bitkinin əsas kök kütləsinin yayıldığı yerin üst qatı” kimi təyin edirdi.
O, bitki qalıqlarının torpaqda parçalanması və bu prosesdə mikroorqanizmlərin rolunun öyrənilməsi sahəsində böyük işlər görmüşdür. Bu tədqiqatlar torpaqda üzvi maddələrin öyrənilməsi ilə bağlı sonrakı işlərə
güclü təsir etmişdir. P.A.Kostıçyev torpağın münbitliyində suyadavamlı aqreqatların əhəmiyyətli rolunu və onun əmələgəlməsində humusun iştirakını göstərmişdir. O, aqrotexnikanın bütün üsullarını torpağın xassələri
və iqlim şəraitinin xüsusiyyətləri ilə əlaqələndirməyi tövsiyə edirdi. P.A.Kostıçyev “Rusiyanın qaratorpaq
vilayətinin torpaqları” əsərində qara torpaqlarda və onunla yanaşı mövcud olan torpaqlarda humusəmələgəlmənin xüsusiyyətələrini nəzərdən keçirmiş və torpaqəməlgəlmə proseslərinin elmi analizindən irəli
gələrək onların münbitliyinin artırılmasından ötrü tədbirlər sistemi irəli sürmüşdür.
Elmi genetik torpaqşünaslığın yaradılmasını müəyyən etmiş V.V.Dokuçayev, P.A.Kostıçyev və
N.M.Sibirtsevin fəaliyyəti ilə bağlı dövr, tarixə dokuçayev dövrü adı altında daxil olmuşdur.
8. Torpaq haqqında Dokuçayev təliminin intensiv inkişafı, onun differenisasiyası və torpaqşünaslıq daxilində müxtəlif istiqamətlərin yaranması mərhələsi. Rus torpaqşünaslığının inkişafında yeni mərhələ XX əsrin ilk illərində, kənddə kapitalist münasibətlərinin yüksəlişi, təbəqələşmənin yaranması və kəndlilərin şərqə
köçürülməsi ilə başlayır. Dokuçayev metodlarından istifadə etməklə geniş miqyasda torpaq tədqiqatları aparılır,
Rusiyanın Avropa hissəsinin bir sıra quberniyalarının torpaq zemstvalarının Baş köçürmə idarəsinin maliyyə dəstəyi ilə Rusiyanın Asiya hissəsində kəndlilərin köçürülməsi üçün nəzərdə tutulmuş rayonlara ekspedisiyalar təşkil olunur. Bu tədqiqatlarda K.D.Qlinka, L.İ.Prasolov, S.S.Nestruyev, B.B.Polınov, N.A.Dimo və başqaları iştirak edirdilər.Qeyd edilən tədqiqatların səciyyəvi xüsusiyyəti – torpaqların genezisinin, təsnifat və nomenklaturasının izahında regional yanaşmaya üstünlük verilməsi idi. Bu zaman Regional torpaq məktəbləri yaranırdı. Eyni zamanda torpaqəmələgəlmə prosesinin mahiyyətini açmaq və torpaqların su xassələrini öyrənmək məqsədilə torpaqların hərtərəfli kimyəvi və fiziki-kimyəvi tədqiqi aparılırdı.
Bu dövrdə torpaqşünaslığın inkişafında K.D.Qlinkanın mühüm rolu (1867-1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ
süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür.
K.D.Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K.D.Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq)
kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V.V.Dokuçayev adına Torpaqşünaslıq Institutunun təşkilatçılarından biri olmuşdur. K.D.Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır.P.S.Kossoviç (1862-1915) – torpaqların fiziki, kimyəvi və aqrokimyəvi xassələrinin öyrənilməsinin banilərindən biri olmuşdur. “Torpaq haqqında təlimin əsasları” (1911), “Torpaqşünaslıq kursu” (1903),
“Torpaqəmələgətirən amillər genetik torpaq təsnifatının əsası kimi” (1910) əsərlərində müəllif torpaqlar haqqında məlumatları sistemləşdirməklə kifayətlənməmiş, torpaqların əmələgəlməsi, təsnifatı və təkamülü haqqında orijinal ideyalar irəli sürmüşdür. P.S.Kossoviçin 1914-cü ildə, əvvəlki müəlliflərin bioloji və aqronomik istiqamətli işlərindən fərqi “Torpaqşünaslıq” dərsliyi nəşr olunmuşdur.
Rusiyada 1917-ci il inqilabından sonra torpaqların milliləşdirilməsi, sonradan torpaq üzərində kollektiv və dövlət mülkiyyəti formalarının yaranması torpaqşünaslığın inkişaf şəraitini və onun nailiyyətlətinin xalq təsərrüfatında istifadəsinin xarakterini dəyişdi. Həmin dövrün ziddiyyətli xarakteri torpaqşünaslığın inkişafında da öz əksini tapmışdı. Sovet dövrünün torpaq qanunvericiliyi ilə torpaq ümümxalq, sosialist mülkiyyəti olub, alqı-satqı obyekti kimi götürülə bilməzdi. Bu da torpaqların bonitirovkasını və iqtisadi qiymətləndirilməsini müəyyən çərçivəyə salırdı. Hətta XX əsrin 20-30-cu illərində “sosializmdə torpaq rentasının olmaması” və bu səbəbdən də dövlət torpaq kadastrı tərkibində torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi tədbirinin öz əhəmiyyətini itirməsi kimi yanlış nəzəriyyənin ortaya atılması və bəzi elmi dairələrdə, xüsusən də o dövrün nüfuzlu torpaqşünas alimi akademik V.R.Vilyams tərəfindən bu nəzəriyyənin müdafiə olunması həmin təlimin uzun müddət (50-ci illərin ortalarına kimi) inkişafdan qalmasına gətirib çıxarmışdı. Yalnız XX əsrin 50-ci illərinin ortalarında bu nəzəriyyənin yanlışlığı məlum olduqdan sonra torpaqların qiymətləndirilməsi məsələsi
yenidən aktuallıq kəsb etməyə başladı. Bununla belə, bu dövrdə istər bütövlükdə Sovetlər İttifaqında, istərsə də
Azərbaycanda torpaqşünaslıq sahəsində dəyərli nailiyyətlər əldə edilmişdi. Keçən əsrin 20-ci illərində SSRİ və
müttəfiq respublikaların Elmlər Akademiyalarında torpaqşünaslıq üzrə dövlət elmi-tədqiqat müəssisələri təsis edilir, universitetlərdə və kənd təsərrüfatı ali təhsil məktəblərində torpaqşünaslıq kafedraları şəbəkəsi xeyli genişləndirilir. Torpaqşünaslıq sahəsində tədqiqatların koordinasiyası və toplanmış materialların ümumiləşdirilməsi SSRİ EA-nın nəzdində yaradılmış V.V.Dokuçayev adına (1925) Torpaqşünaslıq İnstitutuna həvalə edilir. Bütün bu tədbirlər torpaqşünaslığı təşkilati baxımdan xeyli möhkəmləndirmiş və nəzəri tədqiqatların sonrakı inkişafı və ölkə torpaqlarının kənd təsərrüfatının tələblərinə uyğun öyrənilməsi üçün möhkəm baza yaratmışdı.Təbiət elmləri arasında torpaqşünaslığın əhəmiyyətli rolu və nailiyyətlərini nəzərə alaraq 1927-ci ildə SSRİ EA-nın nəzdində xüsusi torpaqşünaslıq kafedrası təsis edilir. Həmin il K.D.Qlinka, ilk torpaqşünas alim kimi EA-nın həqiqi üzvi seçilir. Sonrakı illər bu yüksək ada K.K.Hedroys, D.N.Pryanişnikov, V.R.Vilyams,N.M.Tulaykov, L.İ.Prasolov, B.B.Polınov, İ.V.Tyurin, Y.V.Peyva, İ.P.Gerasimov layiq görülür.1927-1930-cu illərdə Orta Asiya, Qazaxıstan, Qafqaz, Ukrayna və Belorusiyada geniş torpaq tədqiqatı işlərinə başlanılır. K.D.Qlinkanın redaktorluğu ilə SSRİ-nin Asiya (1927) və Avropa (1930) hissələrinin torpaq xəritələri tərtib edilir, torpağın fizikası, kimyası, biologiyası, genezis təlimi, torpağın coğrafiyası və kartoqrafiyası inkişaf etdirilir.Sovet torpaqşünaslığının bu dövründə K.K.Hedroys tərəfindən torpaq kolloidlərinin torpaqəmələgəlmədə və torpaq münbitliyində rolunun tədqiqi əsasında torpaqların uduculuq qabiliyyəti haqqında təlimin yaradılması
əhəmiyyətli nəzəri töhvə idi.K.K.Hedroys (1872-1932) torpaqların kolloid xassəsinin dərin təhlilini vermiş və onların kənd təsərrüfatı
bitkilərinin inkişafında əhəmiyyətini göstərmiş, həmçinin turş torpaqların əhəngləşdirilməsi və fosforitləşdirilməsi,şorakətlərin gipsləndirilməsi və s. ilə bağlı tədbirlərin nəzəri əsaslandırılmasını işləmişdir.
K.K.Hedroysun “Torpağın uduculuq qabiliyyəti haqqında təlim”, “Torpaqların kimyəvi analizi”, “Şorakətlər və onların mənşəyi” kimi əsərləri torpaqşünaslıq və aqrokimyanın inkişafında əhəmiyyətli mərhələ olmaqla yanaşı bu əsərlərdə torpaqəmələgəlmə proseslərinin və torpaqların kimyəvi meliorasiyası metodlarının fiziki-kimyəvi mahiyyəti haqqında müasir baxışların əsası qoyulmuşdur.
Torpağın coğrafiyasının, ekologiyası və təkamülünün inkişafında S.S.Nestruyevin (1874-1928) “Torpaq coğrafiyasının elementləri” və “Torpaqlar və eroziya tsiklləri” əsərlərinin böyük əhəmiyyəti olmuşdur. Bu kitablarda V.V.Dokuçayevin torpaqəmələgətirən amillər haqqında ideyaları inkişaf etdirilmişdir.
XX əsrin 30-cu illərində torpaqşünaslığın sovet dövrü özünün növbəti inkişaf mərhələsinə qədəm qoyur. Bu dövrdə bütün ölkə ərazisində yerquruluşu məqsədlərindən ötrü geniş torpaq tədqiqat işləri həyata keçirilir və bu tədqiqatların prinsip və metodları təkmilləşdirilirdi (L.İ.Prasolov, K.P.Qorşenin, A.A.Krasyuk və b.). Eyni zamanda geniş sahələrdə aqrokimyəvi tədqiqatlar aparılırdı (D.N.Pryanişnikov, A.N.Sokolovskiy,V.R.Vilyamsın genetik və aqronomik torpaqşünaslıq sahəsində, torpaqşünaslıq və əkinçilik arasında dərin əlaqəni aşkarlayan nəzəri tədqiqatları xüsusi əhəmiyyət kəsb etməyə başlayır.
Torpaqşünaslıqda bioloji istiqamət yaratmış ən görkəmli sovet alimi, torpaqşünas – aqronom V.R.Vilyams (1863-1939) – torpaqşünaslıq elmində V.V.Dokuçayevin genetik konsepsiyası ilə P.A.Kostıçevin torpaqaqronomikkonsepsiyasını birləşdirmişdir. O, bitki formasiyalarının, ilk növbədə ali yaşıl bitkilərin və mikroorqanizmlərin torpağın genetik profilinin və münbitliyinin formalaşmasında aparıcı rolunu göstərmişdir.
V.R.Vilyamsa görə maddələrin kiçik bioloji dövranı sistemində üzvi maddələrin sintezi və parçalanması proseslərinin dialektik qarşılıqlı təsiri torpaqəmələgəlmənin mahiyyətini təşkil edir. Bu müddəadan irəli gələrək V.R.Vilyams torpaqəmələgəlməyə bioloji mahiyyətinə görə vahid və Yer səthində həyatın təkamülü ilə bağlı olan və hər bir geoloji dövrdə özünü konkret torpaqlarda əks etdirən proseslərin miqyasına görə möhtəşəm hadisə kimi baxırdı. Onun tədqiqatlarında humusun tərkibinə, spesifik humus maddəsinin yaranmasına və torpağın formalaşmasında onun roluna daha çox diqqət yetirilmişdir. Bu tədqiqatlar Tyurinin işlərinə və onun torpağın üzvi maddəsinin öyrənilməsi sahəsində yaratdığı elmi məktəbin sonrakı inkişafına güclü təkan vermişdir. V.R.Vilyamsın torpaqəmələgəlmə prosesləri nəzəriyyəsi sahəsində baxışları torpağın genezisi ilə bağlı baxışların da inkişafına təsir etmişdir.Çəmənçiliyin əsas problemləri və çəmən bitkiləri ilə torpaq (çimləşmə prosesi) arasında qarşılıqlı təsirlərin
öyrənilməsi V.R.Vilyamsın tədqiqatları arasında xüsusi yer tutur. Onun tərəfindən dənli və paxlalı çoxillik çəmən bitkilərinin torpaqda humusun toplanmasında, aqronomik baxımdan dəyərli strukturun yaranmasında və bütövlükdə münbitliyin formalaşmasında rolu öyrənilmişdir. V.R.Vilyams münbitliyə torpaqəmələgəlmə prosesi nəticəsində yaranan və torpağı ana süxurdan fərqləndirən ən vacib xassə kimi baxırdı. O, torpaq münbitliyinin mahiyyətini, bitkinin həyat amillərinə (işıq, istilik, su, hava, qida elementləri və s.) olan tələbi baxımdan, daha dərindən dərk etməyə çalışırdı. O, bu amillər içərisində, aqrotexniki və meliorativ tədbirlər vasitəsilə daha asan idarə olunduğuna görə su və qidanın əhəmiyyətini xüsusi qeyd edirdi. Bu baxımdan V.R.Vilyams kənd təsərrüfatı bitkiləri becərilərkən tələbləri maksimum təmin etməkdən ötrü bitkilərin bütün həyat amillərinə eyni vaxtda təsir etməyin zəruriliyini qeyd edirdi.
V.R.Vilyams genetik torpaqşünaslıq və torpaq münbitliyinin tədqiqi ilə bağlı mövqeyini kənd təsərrüfatının praktiki məsələlərinə, xüsusən də ottarlalı əkinçilik sisteminin tətbiqinə bağlayırdı. V.R.Vilyamsın canlı orqanizmlərin torpaqəmələgəlmədə rolu, torpaqəmələgəlmə prosesinin mahiyyəti və ayrı-ayrı konkret proseslərin təbiəti, maddələrin kiçik bioloji dövranı, torpaq münbitliyi, torpağın humusu və strukturu haqqında daha əhəmiyyətli və orijinal fikirlər söyləmişdir.
İkinci dünya müharibəsindən sonra sovet torpaqşünaslığının inkişafı nəzəri axtarışların növbəti yüksəlişi,bütün ölkə ərazisində irimiqyaslı torpaq tədqiqatlarının aparılması, torpaqşünaslıqda bioloji istiqamətin inkişafı ilə səciyyələnmişdir.
9. Torpaqşünaslığın sürətli inkişafı, yeni-yeni sahələrin və təlimlərin yaranması mərhələsi . Bu dövr İkinci dünya müharibəsindən sonra başlayaraq XX əsrin 90-cı illərinə kimi davam edir. Bu dövrün ən əhəmiyyətli nailiyytələri aşağıdakılar olmuşdur:
Yer kürəsinin torpaq-bioiqlim qurşaqları və vilayətləri, torpaq zonaları, fatsiya və əyalətləri haqqında bioiqlim əsaslarda ümumi torpaq-coğrafi təlimin işlənməsi (L.İ.Prasolov, İ.P.Gerasimov, E.N.İvanova,
N.N.Rozov və b.). Bu tədqiqatlar dünyanın torpaq örtüyünün tədqiqat materiallarının xəritəçilik baxımından ümumiləşdirilməsində və “SSRİ-nin torpaq-coğrafi rayonlaşdırılması”nda öz əksini tapmış və SSRİ və dünyanın torpaq ehtiyatlarının uçota alınmasında baza kimi çıxış etmişdir;
V.İ.Vernadskinin biogeokimyəvi ideyaları əsasında torpaq örtüyü təkamülünün öyrənilməsində, ərazinin meliorativ qiymətləndirilməsində və faydalı qazıntıların axtarışında böyük əhəmiyyət kəsb edən aşınma qatı və landşaftın geokimyası haqqında ümumi təlimin işlənməsi (B.B.Polınov, V.A.Kovda, M.A.Qlazovskaya və b.);
D.N.Pryanişnikov tərəfindən bitkilərin qidalanması sahəsində iri nəzəri məsələlərin işlənməsi, gübrələrin tətbiqi və ölkədə aqrokimyəvi xidmətin yaradılması ilə aqrokimya elminin sonrakı inkişafı;torpağın üzvi maddəsinin (İ.V.Tyurin, M.M.Kononova, L.N.Aleksandrova, V.V.Ponomaryova, D.S.Orlov və b.), torpaq proseslərinin və rejimlərinin (A.A.Rode, İ.N.Skrınnikova, İ.S.Kauriçev, E.A.Afanasyev və b.),torpağın aqrofiziki və meliorativ ( N.A.Kaçinskiy, V.A.Kovda, L.P.Rozov, V.V.Yeqorov və b.), fiziki-kimyəvi və kimyəvi xassələrinin öyrənilməsi (A.N.Sokolovskiy, İ.N.Antipov – Karatayev, N.İ.Qorbunov, N.Q.Zırin və b.) əsasında genetik və torpaq-aqronomik tədqiqatların inkişafı;
SSRİ torpaqlarının vahid təsnifatının, torpaq xəritəşünaslığı metodlarının təkmilləşdirilməsi
(İ.P.Gerasimov, Y.N.İvanova, N.N.Rozov, B.M.Fridland və b.), torpaq örtüyü strukturunun öyrənilməsi (V.M.Fridland), torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsi; Sibir və Uzaq Şərq torpaqlarının, müttəfiq respublikaların torpaqlarının öyrənilməsi sahəsində regional tədqiqatların inkişafı; tropik və subtropik qurşaqların torpaq örtüyünün öyrənilməsində sovet alimlərinin geniş iştirakı və bu ərazilərin torpaqlarının genezisi, coğrafiyası və səciyyəsinə həsr edilmiş monoqrafiyaların yazılması (M.A.Qlazovskaya, S.V.Zonn və b.).
Bu mərhələdə torpaqlardan səmərəli istifadə edilməsində, meliorasiya məqsədlərindən ötrü düzgün qiymətləndirilməsində, gübrələrdən səmərəli istifadədə, eroziya ilə mübarizə və torpaqların mühafizəsi məsələlərində torpaqşünaslığın rolu xeyli artmışdır. Bu mərhələnin digər əlamətdar cəhəti torpaqşünaslığın
müxtəlif istiqamətlərində, ilk növbədə torpaq xəritəçiliyi sahəsində beynəlxalq əməkdaşlığın ilk müsbət nəticələrinin (FAO-YUNESKO-nun sifarişi ilə dünyanın torpaq xəritəsinin tərtib edilməsi) ortaya çıxmasıdır.
10. Torpaqşünaslığın ən müasir inkişaf və beynəlxalq əməkdaşlıq mərhələsi. Sovet İttifaqı dağıldıqdan sonra müstəqil respublikalarda, o cümlədən rus və sovet torpaqşünaslıq məktəbləri ilə çox sıx bağlı olan Azərbaycanda torpaqşünaslıq elmi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu haqda növbəti fəsildə daha ətraflı məlumat veriləcək.
Bu dövrün əlamətdar xüsusiyyəti torpaqşünaslıq sahəsində beynəlxalq əməkdaşlığın daha da güclənməsi,dünya üzrə torpaqların vahid təsnifat, diaqnostika və nomenklaturasının yaradılması sahəsində beynəlxalq koordinasiyanın yaranması olmuşdur.
http://minfakt.wordpress.com

Yorum Gönder