
Aşınma proseslərinə azdavamlı süxurlardan təşkil olunmuş çox yüksək və dikyamaclı Böyük Qafqaz dağlarında denudasiya prosesi intensiv olur. Gillərin və qumdaşların yayıldığı Ceyrançöl – Acınohur alçaqdağlıq zonalarında, Abşeron-Qobustanda, Naxçıvanda arid-denudasion relyef formaları (quru dərələr, yarğanlar, bəndləndlər və s.) əmələ gəlir. Dağlıq ərazilər kəskin parçalanmış və burada dik yamaclar, qayalıqlar, süxur səpintilərindən ibarət konusvari relyef formaları, yüksək dağlıq rayonlarda (xüsusilə Böyük Qafqazda) buzlaq relyef formaları-troq dərələri, karlar, morenlər, sirklər əmələ gəlmişdir. Relyefin əsas erozion formalarından olan çay dərələri dağların hündürlüyündən, iqlim şəraitindən, süxurların tərkibindən asılı olaraq bir-birindən fərqlənir. Adətən, qalın əhəngdaşı qatların kəsib keçən çaylar kanyonvarı dərələr yaradır. Respublikamızın dağlıq ərazilərində sürüşmələr çox yayılmışdır. Sürüşmələrin yaranması süxurların tərkibindən, yatım formalarından asılıdır. Respublikanın bütün düzənlikləri akkummuyativ rülyef formalarına malikdir. Dağətəyi düzənliklərdə, xüsusilə Qanıx-Əyriçay çökəkliyində, Gəncə-Qazax və Qarabağ maili düzənliyində çayların yaratdığı yelpikvari gətirmə konusları, Kür-Araz ovalığında allüvial düzənliklər, Lənkəran, Samur-Dəvəçi ovalıqlarında Kür-Araz ovalığının Xəzərsahili ərazilərində dəniz dalğalarının fəaliyyəti nəticəsində abrazion düzənliklər yaranmışdır. Təsərrüfatın ayrı-ayrı sahələrini inkişaf etdirmək üçün respublikamızın müasir relyefinin yararlılıq dərəcəsi eyni deyildir. Dünyanın başqa dağlıq rayonlarında suvarma və dəmyə əkinçiliyi, bağçılıq, üzümçülük, qış otlaqları əsas yer tutur. əsas sənaye mərkəzləri, iri şəhərlər, nəqliyyat magistralları da burada yerləşir. Düzən rayonlarında insanların təsərrüfat fəaliyyəti ilə əlaqədar antropogen relyef adlandırılan süni relyef formaları – kanallar, kollektorlar, su anbarları, bəndlər, yollar və s. yaradılmışdır. Alçaq və ortadağlıq zonalarda 1500 m yüksəkliyə qədər dəmyə əkinçiliyi, taxıl zəmiləri, kartof əkinləri, maldarlıq təsərrüfatları əsas yer tutur. Mütləq yüksəkliyi 1500-2000 m və daha artıq olan ərazilər otlaq, biçənək kimi istifadə olunur. Respublika ərazisinin cəmi 7,5%-ni təşkil edən və 2000 m-dən yüksəkdə yerləşən sahələrin mürəkkəb relyefi, sərt iqlim şəraiti, yamacların dikliyi, sıldırım qayalar, dərin dərələr təbii sərvətlərin mənimsənilməsi və nəqliyyat işini çətinləşdirilir. Bu sahələrdən otlaq və biçənək kimi istifadə olunur. Relyefin yüksəkliyi ilə yanaşı, yamacların meyilliyi və səmti də ərazinin istifadə edilməsinə böyük təsir göstərir.Respublikamızda suvarma və dəmyə əkinçiliyində əsasən meyilliyi 2-3°, bəzən isə 10°-yə qədər olan sahələrdən istifadə edilir. Meyilliyi 15-25°-yə qədər olan sahələrdən biçənək kimi istifadə olunur. Belə yerlərdə əkin sahələri talalar şəklindədir. Kiçik Qafqaz dağlarında əsasən maqmatik, metamorfik, qismən çökmə süxurlar,Böyük Qafqaz dağlarında isə çökmə süxurlar geniş yayılmışdır. Dəniz və kontinental şəraitində əmələ gəlmiş çökmə süxurlar (əhəngdaşılar,gillər,qumdaşılar və s.) əsasən düzənliklərdə və dağətəyi ərazilərdə geniş yer tutur. Respublikamızın ərazisində Kembriyəqədərki dövrdən müasir dövrə qədər müxtəlif yaşlı və tərkibli çöküntülər yayılmışdır. Azərbaycan ərazisində kristallik şistlərdən ibarət olan ən qədim süxurlar Naxçıvan MR-nın Dərələyəz silsiləsində və Sədərək qalxmasında, Tovuz rayonunda Əsrikçayın yuxarı axınında üzə çıxır. Mezozoy erasının gilli şistləri,qumdaşıları,əhəngdaşıları Böyük və Kiçik Qafqaz dağlarının yüksək və alçaqdağlıq hissələrində geniş sahə tutur.Dağlıq ərazilərdə Yura və Tabaşir süxurlar daha geniş yayılmışdır. Kür-Araz ovalığı və onu əhatə edən alçaqdağlıq ərazilərdə,Qusar maili düzənliyində, Lənkəran ovalığında Kaynozoy erasının (Paleogen, Neogen və Dördüncü dövr) süxurları yayılmışdır. Bu süxurlar qumdaşılardan, gillərdən, əhəngdaşılardan, allüvial və prolüvial çöküntülərdən ibarətdir. Onlar düzənliklərdə qalın örtük əmələ gətirir. Kaynozoy erasında Kür-Araz ovalığında əksər hissəsi dəniz suları altında idi. Çayların dağlardan yuyub gətidiyi qırıntı çöküntü burada toplanırdı. Ona görə də Kür-Araz ovalığı, demək olar ki, başdan-başa Dördüncü dövr çöküntüləri ilə örtülmüşdür. Xəzər dənizinin sahillərindəki qum tirələri, balıqqulağılı çöküntülər, çay yataqlarındakı çaydaşılar, qumlar, dördüncü dövrün son mərhələsində yaranmış müasir çöküntülərdir.Dördüncü dövr çöküntüləri, həmçinin dağ buzlaqlarının ətəklərində də toplanmışdır. Dördüncü dövrdə vulkanların püskürməsindən əmələ gəlmiş vulkan külləri və lavalr Qarabağ vulkan yaylasında geniş yayılmışdır. Böyük İşıqlı, Qızılboğaz, Gəlinqaya, Qızılqaya vulkanları burada yerləşir. Püskürmədən sonra lavalar soyuyaraq çatlamış, iri daş parçalarından ibarət çınqıllıqlardan yaratmışdır. Pəriçınqılı, Ayıçınqılı, Qırmızıdağ buna misal ola bilər. Azərbaycan Respublikası ərazisində 250-dən artıq palçıq vulkanı vardır. Palçıq vulkanlarının sayına və böyüklüyünə görə respublıkamızın ərazisi dünyada birinci yeri tutur. Palçıq vulkanları Qobustan, Cənub-Şərqi Şirvan və Abşeron yarmadasında daha çoxdur. Onlardan ən böyükləri Torağay, Bozdağ, Axtarma-Paşalı, Qalmaz, Keyrəki, Otmanbozdağ və s. vulkanlarıdır. Respublıkamızda ən böyük palçıq vulkanı Qobustanın cənubundakı Torağay (400 m) vulkanıdır. Palçıq vulkanları Xəzər dənizinin Abşeron sahillərində də çoxdur.
Yorum Gönder