Səth quruluşu və faydalı qazıntıları. Səth quruluşuna görə Qətərdə şərti olaraq üç təbii-coğrafi bölgə (sahil, keçid və mərkəz) ayırmaq olar.
Qətər yarımadasının sahil xətti olduqca girintili-çıxıntılıdır. Sahil bölgəsinin dəniz səviyyəsindən hündürlüyü 1 m-dən 10-15 metrə qədərdir. Bu bölgədə şoranlıqlar (səbhlər), əhəngdaşlı qayalar, qum təpələri, nann qumlu çimərliklər vardır. Yarımadanın cənub- qərb qurtaracağında yerləşən şoranlıq (Səbh əs-Səlva) cənub və cənub-şərq istiqamətində 10-12 km məsafədə uzanır. Qərbdə bu şoranlıq Ukayr-Səlva yüksəkliyinin yamaclarına, şərqdə isə Dühan yüksəkliyinə qədər davam edir. Səbh əs-Səlvadan şimala əs-Səlva körfəzinin sahili boyunca Ubeynat bumuna qədər (85-90 km məsafədə) çimərliklər uzanır. Çimərlik qumda Dühan yüksəkliyinin yamacları ilə əhatələnir. Sahil bölgədə buxtalar çoxdur (Şakik, Doha, əs-Səlva və b ). Sahil zona mərcan rifləri ilə əhatə olunmuşdur.
Sahil xəttindən təqribən 30-35 km aralı yerləşən keçid bölgədə hündürlük tədricən 20-40 metrə qədər yüksəlir. Bölgənin eni şimalda 5-10, bəzi yerlərdə isə 30 km-ə çatır. Mərkəzi bölgədə hündürlük 40-60, Dühan, əl-Kərrar, əs-Səvab yaxınlığında isə 60-80 metrə qədər artır.
Qətər dünya əhəmiyyətli təbii qaz ehtiyatlan ilə zəngindir. Bu ərazidə təbii qazla bərabər neft də çıxanrlar. Neftin başlıca yataqlan qumdadır. Ölkədə çıxanlan neftin demək olar ki, 50 faizi Dühan şəhərinin yaxınlığında yerləşmiş yataqların payma düşür. Neft yataqlan əsasən 1300-3500 metr dərinliklərdə yerləşir. Ötən əsrin 90- cı illərindən etibarən ölkənin gələcək iqtisadi inki-şafinda böyük rol oynayacaq təbii qaz ehtiyatlannm əhəmiyyəti getdikcə artır. Şelf sulannda kəşf edilmiş və istismara verilmiş Port-Fild dünyanın ən iri təbii qaz yataqlarından biridir (ehtiyatı 10 trilliyon kub metr). Bu zəngin yatağın kəşfindən sonra təbii qaz ehtiyatına görə Qətər Rusiya, ABŞ və İrandan sonra dördüncü yerə çıxmışdır. Dünya üzrə təbii qaz ehtiyatının təqribən 8 faizi Qətərdə cəmləşmişdir. Təsadüfi deyil ki, təyyarə ilə Doha şəhərinə enən sərnişinin gözünə ilk növbədə dəyən obyekt nəhəng təbii qaz çənləri olur. Təbii qaz Qətərin yeni iqtisadi rəmzidir və gələcəkdə ölkənin gerbindəki əyri yelkənli qayığı dəyişdirməyə qadirdir.
Qətərdə bu vaxta kimi digər faydalı qazıntı yataqlarının kəşfi üzrə geniş işlər aparılmamışdır. Lakin bununla belə neft kəşfiyyatı zamanı fosfor, kükürd, asbest və manqan filizi yataqları aşkar edilmişdir. Kəşf edilmiş bu yataqların ehtiyatlan hələlik dəqiq qiymətləndirilməmişdir.
İqlimi və hidroqrafiyası. Qətərdə tropikdən subtropikə keçid xarakterli iqlim hakimdir. Ölkədə bütün ilboyu havalar isti və rütubətli keçir. Yayda üzücü istilər olur. İyul-avqust aylannm orta temperaturu 44 dərəcə olsa da, Ərəbistan və İranın səhra və yanmsəhralanndan gələn hava axını temperaturun əksər hallarda 50 dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda temperatur aşağı düşür. Dekabr və fevral aylarının orta temperaturu 10-20 dərəcə arasında tərəddüd edir.
Qətərdə çay, göl və digər yerüstü su mənbəyi yoxdur. Ərazidə kiçik quru yataqlar (vadilər) vardır. Yağışlardan sonra su ilə dolan bu vadilərdəki su ya tezliklə buxarlanır, ya da torpağa hopur. Paytaxtın yaxınlığında yerləşmiş Məşrib ölkənin ən böyük vadisidir. Qətərdə yeraltı suların əhəmiyyəti böyük olsa da, bu sərvət tükənmək üzrədir. Ölkənin şimalı cənuba nisbətən yeraltı sularla yaxşı təchiz olunmuşdur. Şimalda yeraltı sular atmosfer mənşəli olduğundan şirindir. Cənuba getdikcə yeraltı sular həm şorlaşır, həm də onların debiti azalır.
Torpaq və bitki örtüyü. Sahil zonada bataqlıq, şoranlıq torpaqları, keçid zonasmda çox zəif və az məhsuldar torpaqlar yayılmışdır. Lakin keçid zonasmın şimal və şimal-şərqində, mərkəzdə və yarımadanın cənubunda əkinçiliyə yararlı sahələr də vardır. Bu sahələr daşdan, çınqıldan təmizləndikdən sonra və yeraltı sulardan müntəzəm istifadə nəticəsində suvarma tətbiq etməklə əkinçilik areallarına çevrilə bilər.
Bitki örtüyünü əsasən kserofit, halofit (şoranlıqlarda bitən bitkilər) və istiyə davamlı bitkilər təşkil edir. Kserofitlər ölkənin hər yerində, halofitlər və istiyə davamlı bitkilər isə məhdud ərazidə yayılmışdır. Yarımadanın mərkəzi hissəsində tikanlı bitkilər, yemlik taxıl, yovşan, qumotu, gəvən, qrunt və şosse yollan boyunca bağayarpağı, yamac və dərələrdə quraqlığa davamlı quzuqulağı, çobanyastığı, leylək otu, qarayonca, qaranquşotu və s. bitir. Çınqıl və qumla örtülü dəniz sahilləri bitki örtüyündən məhrumdur. Vahələrdə xurma və müxtəlif meyvə ağacları üstünlük təşkil edir.
Dövlət quruluşu. Qətər mütləq monarxiyadır. Dövlətin başçısı böyük hüquqları olan əmirdir. Qətər dövlətinin əmiri, 1972-ci il fevralın 22-də dövlət çevrilişi nəticəsində hakimiyyəti öz əlinə alan Şeyx Xəlifə ben Xamad ət-Tanidir. Qanunverici hakimiyyət əmirə, icraedicilik isə əmir və onun tərəfindən yaradılmış hökumətə məxsusdur.

Qətərdə əhali ərazi üzrə qeyri-bərabər yerləşmişdir. Orta hesabla hər kv. km-ə 70 nəfər adam düşür. Əhali əsasən İran körfəzinin sahillərindəki şəhərlərdə və ölkənin daxilindəki vahələrdə yaşayır. Şərqi Ərəbistanın digər əmirliklərində olduğu kimi Qətərdə də əhalinin 80 faizdən çoxu şəhərlərdə yaşayır. Hökumət bütün Qətər vətəndaşlarını rahat mənzillə, yaxud fərdi evlərlə təmin edir. Əhali arasında fərdi tikililərə daha çox meyl vardır. Bu təşəbbüskarlığı müdafiə edən dövlət fərdi tikililər üçün torpaq sahəsi ayırır, tikintiyə sərf olunan vəsaitin 70 faizini 20-25 il müddətinə borc verir.
Ölkənin ən iri şəhərləri Doha, Umm-Səid, Umm-Baba və Dühandır. Başqa ölkələrdə olduğu kimi Qətərdə də paytaxt bir növ ölkənin simasını müəyyən edir.
İqtisadiyyatı.Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən əsrin 70-ci illərinin «neft erasından» bəhrələnən dövlətlərdən biridir. Neft və təbii qaz bu ölkənin «taleyini» əsaslı surətdə dəyişdirmiş, onun sosial iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə çatmışdır.

Ölkədə neft emalı və neft-kimya sənayesi inkişaf etdirilir. Umm-Səid şəhərində iri neft emalı müəssisəsi fəaliyyət göstərir. Neft emalı müəssisələrinin ümumi gücü 4 mln. tona yaxındır. Umm- Səiddə etilen istehsal edən neft-kimya kombinatı, təbii qazın mayeləşdirilməsi üzrə zavod, azot gübrəsi istehsal edən iki müəssisə, qara metallurgiya müəssisəsi tikilmişdir.
Kənd təsərrüfatının aparıcı sahələri. Qətərdə kənd təsərrüfatı ümummilli məhsulun cəmi 1 faizini verir. Bu neft və qaz sənayesinin yüksək inkişafı ilə deyil, əsasən kənd təsərrüfatına yararlı torpaq sahələrinin məhdudluğu ilə əlaqədardır. Kənd təsərrüfatına yararlı torpaq sahələri ölkə ərazisinin təqribən 3 faizini təşkil edir. Bu sahədə çalışanların sayı da ildən-ilə azalır. Balıqçılıq təsərrüfatı da daxil olmaqla aqrar bölmədə işlək əhalinin yalnız 3 faizi çalışır. Onlar ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının cəmi 20 faizini ödəyir.
Qətərdə torpaq sahibkarlığının tarixən iki forması: mülk (xüsusi torpaq sahibkarlığı) və dira (köçəri və yanmköçərilər arasında xüsusi torpaq sahibkarlığı) mövcud olmuşdur.
Əkinçilik yarımadanın şimalında qrunt suları çox olan vahələrdə inkişaf etmişdir. Belə vahələrdə qarğıdalı, dan, yonca və tərəvəz yetişdirilir.
Dəniz ovçuluğu ölkə əhalisinin qədim peşələrindən biridir. Ölkədə ildə 2 min tona qədər müxtəlif növ balıq ovlanır. Doha şəhərində ər-Ruvay və əl-Vəkra qəsəbələrində hazırlanan ənənəvi yelkənli balıqçı qayıqları, ən müasir texnika ilə təchiz edilmiş balıq ovlayan gəmilərlə əvəz olunur. Balıq ovu üzrə yaradılmış milli şirkətin xüsusi donanması və balıqdondurma müəssisələri vardır.
Müəlliflər:Soltanova H.B., Məmmədov C.A. «Yaxın və Orta Şərq
ölkələrinin iqtisadi və sosial coğrafiyası» (dərslik). Bakı:
«Bakı Universiteti» nəşriyyatı, 2008
Yorum Gönder